DEKORATİV FƏVVARƏ XOŞ OVQAT BƏXŞ ETDİ  
Region

DEKORATİV FƏVVARƏ XOŞ OVQAT BƏXŞ ETDİ  

Mingəçevir Heydər Əliyev parkında dekorativ fəvvarənin açılış mərasimində şəhər rəsmiləri,  ziyalıları, sakinlər iştirak ediblər.  Yüksək zövqlə bərpa edilən parkdakı yeniliklər hər kəsdə razılıq doğurur, adamlarda xoş ovqat yaradırdı. İsti yay gününün bürküsündən sonra rəngbərəng işıqları sayrışan füsunkar fəvvarənin şırıltısı həzin musiqi ilə   ətrafa qeyri-adi bir sərinlik bəxş edirdi.

Qeyd edək ki,  fəvvarə 200 kv.m sahədə işıq effektləri ilə əhatə olunub. Açılış mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, bu fəvvarənin layihəsini Yesentuki şəhərindən gətirmişik. Mingəçevir şəhəri hazırda özünün gözəlliyi ilə dünyanın bir çox şəhərləri ilə yanaşı durur. Bu gün,  belə demək mümkünsə, Mingəçevir inkişafının elə bir tarixi məqamına gəlib çatıb ki, şəhərimizə  yolu düşən hər kəsi heyran qoyur.  Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Bu gün, praqmatik dövlət başçısı,  Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizə, həm də  Mingəçevir şəhərinə, onun gözəlliyinə, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə vətəndaşlar deyil, xarici dövlətlərdən gələn, insanların hamısı etiraf edir. Bir sözlə, bizim məqsədimiz şəhər əhalisinə xidmət etməkdir. Şəhərimizdə  yenidənqurma, tikinti-abadlıq işləri davam etdirilir.

Şəhər sakinləri də “Bu parka gəlirik, dincəlirik və zövq alırıq” deyərək   bildirdilər ki, şəhərin mənzərəli belə yerlərində dincəlir, məmnun qalırıq.  Onlar əlavə etdilər  ki, öz gözəlliyi ilə sakinləri heyran edən bu istirahət guşəsi istifadəyə verildiyi ilk gündən diqqəti cəlb edib. Təqaüdçü  Aslan Əliyev deyir ki, “mən yaxınlıqda yaşadığım üçün hər gün buraya gəlirəm. Çünki burada insan təbiətdən zövq alır. Gördüyünüz kimi park çox gözəldir. Fəvvarə də bu gözəlliyə əlavə rəngarənglik qatıb. Burada vaxt keçirmək həm mənə, həm də nəvələrimə çox yaxşı təsir edir. Əkilən güllərdən xüsusi zövq alıram. Şəhərin mərkəzində olmasına baxmayaraq, burada sakitlik hökm sürür və gözəlliyi ilə insanın zövqünü oxşayır. Biz ömrümüzün çox hissəsini sürmüşük, pis-yaxşı nə isə görmüşük. Bir vaxtlar televiziyalarda, kinolarda gördüyümüz, intizarla baxdığımız  gözəl-gözəl parklar bu gün doğma Mingəçevirimizdə də istifadəyə verilir. Bu da onlardan biridir. Qoy, uşaqlar, gənclər istirahət edib dincəlsinlər. Bu parkı belə gözəl şəkildə yenidən qurub istifadəyə verənlərə təşəkkür düşür.  Çox sağ olsunlar”.

Onu da qeyd edək ki, fəvvarənin açılmasında daha çox sevinən balaca fidanlar oldu.

            Zabit XƏLİLOV,

            “Respublika”.