“DƏMİR YUMRUQ” YERİNDƏDİR
Siyasət

“DƏMİR YUMRUQ” YERİNDƏDİR

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" ("Milli Müdafiə") jurnalına müsahibəsini "Respublika" qəzetində dönə-dönə oxudum. Möhtərəm Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın söylədiyi fikirlər və açıqladığı məqamlar qəlbimi iftixarla doldurdu. Çox sevindim və qürur hissi keçirdim. Bu müsahibə təkcə ölkəmizdə deyil, bütün dünyada, beynəlxalq aləmdə böyük maraqla qarşılanıb.

Dövlətimizin başçısı jurnalın baş redaktoru, tanınmış rus jurnalisti və hərbi ekspert İqor Korotçenkonun 44 günlük Vətən müharibəsi ilə bağlı çoxsaylı suallarını cavablandırıb. Prezident həmçinin müharibədən sonrakı vəziyyət, sülh prosesi və regionumuzun gələcəyi ilə əlaqədar fikirlərini söyləyib.

Müharibədən əvvəl, müharibə günlərində və müharibədən sonrakı dövrlərdə çoxlu çıxışları, xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibələri və bu zaman söylədiyi tutarlı faktlar, gətirdiyi dəlil-sübutlar və dəyərli fikirlər Prezident İlham Əliyevin müdrik, təcrübəli, görkəmli dövlət xadimi olmasını bütün dünyaya göstərdi. Hər dəfə cənab Prezidentin xarici və yerli jurnalistlərə, siyasi analitiklərə təmkinli, məntiqli, dərin məzmunlu cavablarını dinləyəndə haqlı olaraq qürur hissi keçirirsən. Döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də Prezident dəqiq və sərrast zərbələri ilə düşməni və havadarlarını susdurmağı çox gözəl bacarır.

 Azərbaycan həqiqətlərini həmişə obyektiv, düzgün işıqlandıran, hadisələrə yanaşma mövqeyi ilə fərqlənən hərbi ekspert İqor Korotçenkoya müsahibəsində möhtərəm Prezidentimiz dünya gündəmini zəbt edən hadisələri və erməni faşizminin əsl simasını ən xırda detallarına qədər açıb göstərir. Müsahibədə 27 sentyabr 2020-ci il vəziyyətinə qədər olan bütün proseslər ardıcıllığı və aydınlığı ilə diqqətə çatdırılıb. Prezident bir daha qeyd edib ki, Azərbaycan həmişə müharibəyə hazır olub, bizi dayandıran məsuliyyətli ölkə olmağımız və beynəlxalq hüquq və təşkilatlara inanmağımız olub. Münaqişə dondurulmuş vəziyyətdə idi. Lakin ölkədə döyüş əməliyyatlarının aparılması üçün planlar işlənib hazırlanırdı. Mövcud şərait, reallıqlar, yeni imkanlar nəzərə alınmaqla plana vaxtaşırı dəyişikliklər edilirdi. Bu da danılmaz faktdır ki, Ermənistan tərəfinin də müharibə ilə bağlı fəaliyyət planı vardı. Əslində, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar.

Jurnalistin "Dəmir yumruq" adı almış əks-hücum əməliyyatının planı necə hazırlanırdı? Nə üçün məhz bu ad qəbul edildi? Sizin rəhbərliyinizlə əks-hücum əməliyyatı planının hazırlanmasında kimlər iştirak edirdi?" suallarına cavabında cənab Prezident deyib: "Mən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə hər gün müşavirələr keçirirdim. Biz həmin müşavirələrdə ötən günə yekun vurur, nöqsanları aşkar edir, növbəti gün üçün əməliyyatları planlaşdırır və təsdiq edirdik. Buna görə də, belə deyək, çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, - hərbi əməliyyatların gedişi indi artıq məlumdur, - bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu.

Əməliyyatın adına gəldikdə isə, təbii ki, hərbi əməliyyatların başlanğıcında bizim əməliyyatın heç bir adı yox idi. Mən Azərbaycan xalqına müraciətlərim zamanı azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə "dəmir yumruq" ifadəsindən istifadə etmişəm. Mən bu termindən bir neçə dəfə istifadə edir və deyirdim ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, bizim "dəmir yumruq" onun başını əzəcək. Bu termin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edildi və sonra mən qərara aldım ki, həmin termin, necə deyərlər, formallaşdırılsın və əməliyyatın adı olsun. Lakin bir daha deyirəm, bu, hərbi əməliyyatların gedişində olub".

Müsahibədə Ermənistanın müharibə zamanı qanlı cinayət törədərək bizim yaşayış məntəqələrimizi və dinc, günahsız əhalini atəşə tutanda vətəndaşlarımızın çox səbirlə və təmkinlə dayandığı qeyd olunub. Düşmən döyüş meydanında ardıcıl məğlubiyyətlərə uğrayaraq məğlub və məhv olduğunu görüb insanlıq əleyhinə bu cür cinayətlər törədirdi. Müharibə zamanı bütün dünya kimin kim olduğunu, kimin necə döyüş apardığını görürdü.

Ermənistan gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, dinc sakinlərə, uşaqlara raket zərbələri endirəndən sonra deyirdilər ki, guya onların bu cinayətlə heç bir aidiyyəti yoxdur. Həyasızlığın dərəcəsinə fikir verin. Məlumdur ki, operativ-taktiki raket zərbələri endirmək üçün əvvəlcə tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə yönəlir. Bu hədəf isə Gəncə şəhərinin əsas prospektindəki yaşayış evləri, əliyalın, günahsız, dinc insanlar idi. Gəncə isə müharibə zonasından xeyli uzaqda yerləşirdi.

Tərtər şəhəri daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Azğınlaşmış düşmən bu kiçik şəhərə 16 mindən çox mərmi atıb. Döyüş meydanında rəzil olduğunu görən düşmən bunun acığını çıxmağa və bizdən qisas almağa çalışırdı. Sonda rəşadətli ordumuzun qəhrəmanlığı və sarsılmaz xalq-dövlət birliyi sayəsində erməni ordusu darmadağın edildi və ağır məğlubiyyətə məruz qaldı.

Müharibə təkcə cəbhədə getmirdi, həm də informasiya məkanında aparılırdı. Dövlətimizin başçısının xarici ölkələrin aparıcı KİV-lərə müsahibələri xalqımızın haqq işini, cəbhədə əldə olunan uğurları, ordumuzun şanlı qələbəsini bütün dünyaya göstərirdi. Uğurlu informasiya siyasəti Azərbaycana qarşı informasiya blokadasını yarmağa təkan verir və ölkəmizə təzyiq cəhdlərinin qarşısı müvəffəqiyyətlə alınırdı.

Cənab Prezidentin müsahibəsində ən mühüm və aktual məqamlardan biri də "Dağlıq Qarabağ" ifadəsi ilə bağlıdır. Dövlət başçısı konkret fakt və sübutlarla qəti olaraq bütün dünyaya bəyan etdi ki, "Dağlıq Qarabağ" adlı inzibati ərazi artıq yoxdur: "Məğlub olmuş, kapitulyasiya haqqında akt imzalamış Ermənistan nəyə görə hesab edir ki, onun Dağlıq Qarabağ üçün hansısa status - mövcud olmayan şey üçün status barədə danışmağa haqqı var? Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər".

Tarix boyu çoxlu müharibələr olub. Bəzən illərlə davam edib, saysız-hesabsız sayda insanların qətlinə səbəb olan qırğınlar sonda sülh ilə bitib. Zaman keçdikcə qatı düşmən olan dövlətlər əvvəl-axır sülhə imza atıblar. Bütün bunlar tarixin dərsləridir. Axı, hər bir insan sağlam, itkisiz, sülh şəraitində yaşamaq istəyir. Sülh bütün qanlı münaqişələrdən üstündür. Əvvəl-axır bu proses baş tutmalıdır. Gələcək naminə, gələcək nəsillərin xoşbəxt yaşamaları üçün bu, lazımdır. Ermənistan tərəfi bunu başa düşməlidir.

Hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər müsbət əməkdaşlığa yönəlib. Ölkəmizin başçısı qeyd edib ki, əgər müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar. Bu isə öz növbəsində həm regionda sabitliyə kömək edəcək, həm də təhlükəsizlik risklərini xeyli azaldacaq. Şərait yaradacaq ki, region ölkələri qarşılıqlı fəaliyyətlərini müəyyən etsinlər və necə yaşayacaqlarını özləri həll etsinlər.

 Həmçinin dünya ictimaiyyəti, beynəlxalq aləm həqiqətin gözünə dik baxmağı və deyilənlərdən nəticə çıxarmağı öyrənməlidir. Azərbaycanda, xüsusən Cənubi Qafqazda baş verən hadisələr, yaranmış reallıqlar bir sıra dünya dövlətlərinə təsir etməlidir.

Ölkəmizə münasibət, baxışlar da dəyişilməlidir. Başqa cür mümkün də deyil. Düzdür, əksər dövlətlər Azərbaycanın haqq-ədalət mübarizəsini qəbul edir və Azərbaycanın yanında olduqlarını ucadan söyləyirlər. Ancaq elə dövlətlər və siyasi "xadimlər" də vardır ki, hələ də ermənilərin çaldığı havaya oynayırlar. Elə oynaya-oynaya da qalacaqlar.

Azad ABDULLAYEV,

Astara Pedaqoji Kollecinin müəllimi, qabaqcıl təhsil işçisi.