Siyasət

"Dəmirli"də törədilən erməni cinayətləri gizlədilir

Artıq on beş gündən çoxdur ki, Qarabağda təbii sərvətlərin qanunsuz istismarına son qoyulmasını, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında monitorinq aparılmasının təmin olunmasını tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin etiraz aksiyası davam edir. "Dəmirli" yataqlarının yerləşdiyi ərazi ekoloji və tarixi-dini abidələr baxımından Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. "Dəmirli" mədən yatağının işlənməsinə ermənilər hələ 2012-ci ildə başlayıblar. İlkin dövrdə əldə olunan mis-molibden filizi "Qızılbulaq" mədənində yerləşən zənginləşdirmə zavoduna aparılaraq orada emal edilirdi. 2015-ci ildə "Dəmirli"də ilkin emal gücü ildə təqribən 2 milyon ton filiz olan mədən kompleksi istifadəyə verilib. Azərbaycan torpaqlarında qanunsuz istismar işləri aparan "Base Metals" şirkəti, Ermənistan və separatçı rejim çox böyük hiyləgərliklə ərazidə ekoloji terror və mədəni-irs abidələrinin vəhşicəsinə dağıdılmasını dünya ictimaiyyətindən gizlədibdir.

Əldə edilən məlumatlara görə, "Dəmirli" dağ-mədən kompleksinin tikintisi zamanı onun yerləşdiyi 850 hektardan artıq ərazidə 82 hektara yaxın meşə örtüyü məhv edilib. Həmin mədənin yerləşdiyi ərazi istər təbii və istərsə də tarixi cəhətdən olduqca zəngin bir yerdir. Qarabağın füsunkar təbiətinə və böyük meşə örtüyünə malik olan bir neçə kənddə və onların ətrafında Azərbaycan xalqına məxsus yüzlərlə tarixi-memarlıq abidələri olub. Tarixçilərin elmi araşdırmalarına görə, bu abidələrin bir çoxu Qafqaz Albaniyasına məxsus olan qədim qəbiristanlıqlar, qalalar, kilsələr, saraylar və s. idi. Ermənilərin törətdiyi ekoloji faciənin miqyası geniş və dəhşətlidir. Belə ki, söhbət 850 hektardan çox ərazidə 2500-dən çox maddi-mədəniyyət abidəsinin məhv edilməsindən gedir. Bunların içərisində Xaçın məliyi Məlik Allahverdinin qalası, Məlik İsrailin qalası, alban dövrünün yadigarı olan kilsələr və digər memarlıq abidələri, yüzlərlə xaç daşları vardı. Bu xaç daşları Qafqaz Albaniyasına və sonrakı dövrdə Xaçın məlikliyinə aid xristian abidələri idi. Qanunsuz fəaliyyət zamanı ermənilər öz qəddar və qaniçən simalarını ört-basdır etmək üçün həmin ərazilərdən informasiyaların yayılmasının qarşısını alıblar.

Qeyd edək ki, "Dəmirli" yatağının yerləşdiyi ərazidəki Canyataq və Gülyataq kəndlərinə 1828-ci ildə ermənilərin köçürülməsi haqqında elmi ədəbiyyatda və arxiv sənədlərində kifayət qədər məlumatlar var. Ermənilərin yerləşdirildiyi bu ərazilər Qafqaz Albaniyasına aid qədim abidələrlə zəngin olub və onların bir qrupu arxeoloji abidələrdir və böyük əksəriyyəti ermənilər tərəfindən dağıdılıb. "Dəmirli"də dağ-mədən kompleksinin inşası zamanı maddi-mədəniyyət abidələrimizə qarşı törədilən vandallıq "vəhşi qəbilə"nin cinayətlərindən xəbər verir. Həmin ərazilərin işğal altında qalmasına baxmayaraq, Azərbaycan tərəfi bu cinayət faktlarının hər birini sənədləşdirilmiş süni peyk görüntüləri ilə sübuta yetirir. Bir daha qeyd edək ki, həmin cinayətlər Ermənistan Respublikası, Qarabağdakı separatçı rejim və "Base Metals" şirkətinin birgə fəaliyyəti nəticəsində həyata keçirilir və Rubenyan tərəfindən davam etdirilir. Azərbaycan xalqının maddi-mədəni irsi və təbii sərvətləri məqsədli şəkildə məhv edilərək talan olunur.

Qarabağda yaşayan sadə ermənilər anlamalıdırlar ki, oğurluqla varlanan Ruben Vardanyan onların üzləşdikləri ağır həyat şəraitini yaxşılaşdırmağa gəlməyib, necə deyərlər, o, qızıl parıltısına gəlib. Vardanyan Qarabağda peyda olan kimi "Dəmirli" yatağına gedərək və bütün beynəlxalq qanunları pozaraq həmin yatağı amansızcasına, quldurluqla talamağa başladı və onun iştirakı ilə yatağın istismar ərazisi təxminən iki dəfə böyüdüldü. Qaçaq qızıl alverçisi, oğru Rubenyanla kirli işbirliyində şübhəli bilinən Rusiya sülhməramlılarının komandiri general Volkov dekabrın 12-də "Dəmirli" yatağında monitorinq aparmaq istəyən Azərbaycan ekoloqlarına bu səbəbdən mane oldu və ona kömək göstərənlər də Rubenin adamlarıdır. Etirazçıların qəti məqsədi hər iki yataqda monitorinqlərin aparılmasına, həmin ərazilərdə törədilən erməni cinayətlərinin üstünün açılmasına, cinayətkarların layiqli cəza almasına nail olmaqdır. Buna görə də dinc aksiyalar davam edəcəkdir.

Salman ALIOĞLU,

"Respublika".