Dəqiq nişançının döyüş yolu
Region

Dəqiq nişançının döyüş yolu

Biləsuvarda  Vətən müharibəsində rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Turan  Sulduz oğlu  Əliyevin  xatirəsi  ehtiramla anıldı.

Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri Turanın məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzdülər. Sonra şəhidin  ata ocağında valideynləri ilə görüşdülər.

Mərasimdə qəhrəmanımızın  şərəfli döyüş yolundan danışılaraq  xatirəsi  anıldı. Bildirildi ki, Azərbaycan  xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq  və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı oldu. 

Turan Sulduz oğlu Əliyev 7 iyul 1996-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Kənddəki tam orta məktəbi bitirdikdən sonra, 2016-2018-ci illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdu. 2018-ci ilin fevral ayından MAHHXHQ kimi kiçik çavuş rütbəsində xidmətini  davam etdirmişdi. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş atıcılıq kurslarında fərqləndiyinə görə Turan dəfələrlə mükafatlandırılmışdı.

Vətən müharibəsi başlayanda dəqiq atəşi ilə fərqlənən Turana baş atıcı kimi xüsusi tapşırıqlar verilir. Ordunun kiçik çavuşu olan Turan Əliyev müharibə zamanı Füzulidə gedən ağır döyüşlərdə qəhrəmancasına  şəhid  olmuşdu. O, 27 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub.

Azərbaycan  Prezidenti İlham  Əliyevin müvafiq sərəncamlarına əsasən  ölkəmizin  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına,  hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Əliyev Turan Sulduz oğlu ölümündən sonra  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Ərəstun  ABDULOV,   

"Respublika".