Diaspor fəalları: Azərbaycandan kənarda yaşayan soydaşlarımızın ürəyi doğma Vətənlə döyünür
Diaspora

Diaspor fəalları: Azərbaycandan kənarda yaşayan soydaşlarımızın ürəyi doğma Vətənlə döyünür

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycana səfərləri çərçivəsində İsveç və Fransada yaşayan diaspor fəalları - Malmö Kültür Ocağının Fransada yaşayan sədri Əjdər Tağızadə, "Ərk" İnsan Haqları Təşkilatının rəhbərləri Maşallah Rəzmi və Jalə Təbrizli ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitə sədri Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında aparılan ardıcıl və sistemli fəaliyyət nəticəsində bu gün dünya azərbaycanlılarının möhkəm birliyinə nail olunmasından söz açıb, bu sahədə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verib.

Görüşdə çıxış edən qonaqlar bildiriblər ki, Azərbaycanın sərhədlərindən kənarda yaşayan milyonlarla soydaşımızın ürəyi bu gün doğma Vətənlə döyünür. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra isə onlar azərbaycanlı olmaqlarından bir daha qürur duyublar. Həmçinin son illər diasporumuzun müxtəlif sahələrdə nailiyyətlər əldə etməsindən, xüsusilə dünya ictimaiyyətinin məlumatlandırılmasında əvəzsiz rol oynamasından məmnunluqla bəhs olunub.

Eyni zamanda, xaricdəki yeni nəsil azərbaycanlıların tariximizi, ana dilimizi mükəmməl bilməsi üçün atılan addımlar, sayı gündən-günə artan həftəsonu məktəbləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin Prezident İlham Əliyevin Zəfər Qurultayındakı nitqində soydaşlarımıza bu istiqamətdə verdiyi tövsiyələrinin xüsusi əhəmiyyəti barədə danışılıb, diaspor təşkilatlarının fəaliyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

AZƏRTAC