Dillərdə dastan oldu
Region

Dillərdə dastan oldu

İndi hər bir azərbaycanlının dilində qürurla, böyük iftixarla çəkilir bu ad: Valeh Asim oğlu Əkbərzadə. O, Vətənin müqəddəsliyinə tapınaraq onun yolunda şəhid olmaqla bu uca şərəfə nail olmuşdur. Valehin ömür yolu cəmi 23 il olsa da, göstərdiyi hünərlə torpağına, yurduna sonsuz məhəbbət mücəssəməsinə dönüb adını Azərbaycanın yeni - zəfər tarixinə yazdı, qəhrəmanlığı dillərdə dastan oldu.

 Vətəni öz qanı, canı ilə alınmaz qalaya çevirən, onun uğrunda ölümü uca tutan, cənub mirvarisi Lənkəran rayonunun Boladi kəndində anadan olan Valeh Əkbərzadə bu dünyaya sanki əzəldən sevilmək üçün gəlmişdi. Orta məktəbi başa vuranda xeyirxah əməllərə meyli olduğuna görə el-obada, qohum, dost-tanış yanında təmiz qəlbli, vicdanlı, qeyrətli, vətənpərvər bir yeniyetmə kimi tanınır, sevilir. Qaldı ki, yağı düşmənin əzəli, əbədi yurd yerimiz Qarabağın işğalı Valehi rahat yaşamağa qoymur. 2014- ildə həqiqi hərbi xidmətə yol düşəndə məqsədi, amalı düşməndən qisas almaq olur.

Valeh Əkbərzadə əlinə silah alıb cəbhə bölgəsində Vətənin keşiyində durur. Ona olan ilahi məhəbbətini müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirməklə göstərir. Təlimlərdə həmişə fərqlənir, hərbin sirlərinə mükəmməl yiyələnir. Yüksək döyüş imkanlarını qazanır. Bu dövrdə dəfələrlə düşmənlə üz-üzə gəlir, Vətən sevgisi, bacarığı, cəsarəti onu bu sınaqlardan üzüağ çıxarır. Həmişə bildirir ki, erməni dığalardan öz qisasımızı almalıyıq. Buna tezliklə nail olmaq üçün Vətənə qeyrətli oğullar gərəkdir.

Bəli, Valeh əsgərlikdən sonra zəhmətə bağlanır, saf arzu-istəklə çalışır. Necə deyərlər, onun gördüyü işlərdən xalqına, Vətəninə, içində olan cəmiyyətə yalnız xeyir dəyir. Yağının qəsb etdiyi Qarabağı da unutmur. Vətənin harayına bir qeyrətli oğul olaraq hazır durur. Necə ki, İkinci Qarabağ müharibəsi başlanır, könüllü orduya yazılır. Silahlanıb Vətən torpaqlarının azadlığı naminə haqq savaşımızın ən qaynar nöqtəsinə gedir: "And içirəm ki, son damla qanıma qədər vuruşub dığalardan qisasımı alacağam", - deyib odun-alovun içinə girir.

Füzulidə, Xocavənddə gedən ən ağır döyüşlərin qəhrəmanı yüzlərlə qeyrətli oğullardan biri doğma Azərbaycana ürəkdən sevdalanan Valeh olur. Tökülən qan damcıları üçrəngli bayrağa dönüb azad edilmiş müqəddəs Vətən torpaqlarında dalğalanır.

İgid döyüşçü Valeh Əkbərzadə 39 gün ağır müharibə meydanlarında düşmənə qarşı qəhrəmanlıqla vuruşur. Özü qələbəyə inandığı kimi, əsgər yoldaşlarını da irəliyə aparır. Hər dəfə düşmənə verdiyi ciddi itkilərlə ad qoyur. 5 noyabrda Şuşa uğrunda gedən ölüm-dirim savaşında polad sinəsini irəli verən Lənkəran elinin qartal balası çoxlu sayda düşmən yaraqlısını məhv edir. Döyüşə-döyüşə özü müqəddəs şəhidlik səadətinə qovuşur. Beləliklə, əbədiyyət ulduzuna dönməklə, Vətəndən oğul adını qazanır. Dövlətin isə öz qəhrəman oğluna verdiyi qiymət 3- dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", Füzulinin, Xocavəndin Şuşanın azad olunmasına görə medalları olur.

Z.ORUCOĞLU.