Dinamik və sürətlə  inkişaf edən sahə
Sosial həyat

Dinamik və sürətlə  inkişaf edən sahə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamı ilə hər il dekabrın 6-sı Rabitə və İnformasiya Texnologiyaları İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. 1881-ci il dekabrın 6-da Bakıda "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib. Beləliklə, XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər, telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.

Qeyd etmək lazımdır ki, dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları sahəsidir. Ona görə də respublikamızda bu sahə  daim dövlət tərəfindən diqqət və  qayğı ilə əhatə olunub. Hazırda ölkədə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı ardıcıl  kompleks  tədbirlər həyata keçirilir. Ölkəmizdə rabitə və yüksək texnologiyalar sahəsi işçiləri öz şərəfli vəzifələrini əzmlə yerinə yetirirlər. Hər il peşə bayramı ilə əlaqədar olaraq bu sahədə çalışanlar müxtəlif fəxri adlar və  digər dövlət mükafatları ilə təltif edilirlər.

Rabitə sahəsi ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyi illərində xüsusilə inkişaf etməyə başlayıb. Bu dövr 70-80-ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində də geniş şəkildə öz əksini tapır. Həmçinin 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı. Ölkədə bu yeni sektorun inkişafı prosesi sürətləndirilərək Azərbaycanın internet seqmenti genişləndirilib. Rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin yenilənməsi geniş vüsət alıb. Ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə yatırılıb.

Ulu öndərin hakimiyyətdə olduğu illərdə böyük inkişaf yolu keçən  Azərbaycan rabitəsi hazırda Prezident İlham Əliyevin müəyyən etdiyi yeni hədəflərlə sürətlə inkişaf etməkdədir. Qalib ölkəmiz, həm də yüksək texnologiyalar sahəsində regionun lider dövləti kimi böyük nüfuza malikdir. Bu nailiyyətlər şərəfli tarixi yol keçmiş təcrübəyə və həyata keçirilən məqsədyönlü islahatlara, strategiyaya söykənir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək texnoloji tutumlu və rəqabətli iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı İKT-nin rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib. Son illər ərzində beynəlxalq ekspertlər də Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafını xüsusi  qeyd edirlər.

Prezident İlham Əliyev İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan edib. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı strateji yol xəritələri, Dövlət proqramları, qanunvericilik aktları qəbul edilib. Vətəndaşlar İKT vasitələri, eləcə də internet, kompüter, smartfon və s. avadanlıqlardan geniş istifadə edir. Hazırda Azərbaycanın dövlət müəssisələrində, elm və təhsil sistemində, istehsal və xidmət sferalarında kompüterləşmə və internet təminatı səviyyəsi çox yüksəkdir. Bu göstəricilərə görə, ölkəmiz dünyada yüksək yerlərdən birini tutur. Eyni zamanda, Azərbaycanda ailələrin böyük əksəriyyətində internetə qoşulmuş kompüterlər və digər qurğular mövcuddur. Əhalinin mobil telefonlarla təminolma səviyyəsi isə 110%-dən çoxdur. Genişzolaqlı internet infrastrukturu inkişaf etdirilib, vətəndaşların təhlükəsiz, keyfiyyətli və ucuz internet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilib. Görülən işlər nəticəsində artıq ölkə əhalisinin 80 faizindən çoxu İnternet istifadəçisidir. Bu da Azərbaycanda elektron xidmətlərin həcminin artmasına, vətəndaşların bu xidmətlərdən daha yaxşı istifadə etmələrinə geniş imkanlar yaradır.

MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, respublikanın bütün rayon mərkəzləri magistral fiber-optik telekommunikasiya şəbəkəsinə qoşulub, Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, ölkəmizdə kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü siyasi iradəsindən, uzaqörənliyindən xəbər verir. Bununla, ilk növbədə, Azərbaycan özünün telekommunikasiya xidmətlərinə dair ehtiyaclarını ödəyir, informasiya məkanının suverenliyini, təhlükəsizliyini daha etibarlı şəkildə qoruya bilir. Dövlət proqramları və həyata keçirilən zəruri islahatlar nəticəsində Azərbaycanın ümumdünya elektron məkanına sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Artıq vətəndaşlar bir sıra dövlət xidmətlərindən heç bir bürokratik əngəl, zaman, məkan problemi olmadan rahat şəkildə istifadə edə bilirlər. "Bir pəncərə" prinsipinə əsaslanan "Elektron hökumət" portalının fəaliyyəti, "Asan Xidmət" modeli ölkəmizin bu sahədə uğurla həyata keçirilən və vətəndaş məmnunluğuna hədəflənən layihələrdir. Elm, təhsil, səhiyyə, bir sıra istehsal və xidmət sahələrində İKT-nin tətbiqi, informasiyalaşdırma istiqamətində də mühüm nailiyyətlər əldə edilib. Ölkəmizdə bu sahənin inkişafı sayəsində 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasında rabitə və informasiya texnologiyaları da  mühüm rol oynayıb. 

Ölkəmizin ərazisində rəqəmli yayıma keçidin tam təmin edilməsi sayəsində əhali indi radio-televiziya verilişlərini keyfiyyətli, fasiləsiz izləmək imkanına malikdir. Poçt və telekommunikasiya sahəsində xidmətlərin çeşidi və həcmi artıb. Bunlarla yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədilə "Şəbəkə xidmət" mərkəzləri yaradılıb ki, bu da qısa müddətdə özünü müsbət təcrübə kimi doğruldur. Bütövlükdə infrastruktur tamamilə  müasirləşdirilib.

Mustafa KAMAL,

"Respublika".