DİNC AKSİYA TƏLƏBLƏR QƏBUL OLUNANA QƏDƏR DAVAM EDƏCƏK
MÜSAHİBƏLƏR

DİNC AKSİYA TƏLƏBLƏR QƏBUL OLUNANA QƏDƏR DAVAM EDƏCƏK

İşğalçı Ermənistan zaman-zaman xalqımıza qarşı soyqırımı törədib, tarixi torpaqlarımızda özünə dövlət yaradıb. "Böyük Ermənistan" yaratmaq arzusunda olan ermənilər XX əsrin sonlarında istəklərini gerçəkləşdirmək üçün Azərbaycana qarşı hərbi təcavüzə başladı, rayonlarımız bir-birinin ardınca işğal edildi.

30 il çəkən işğal dövründə düşmən zəbt etdiyi torpaqlarda vəhşiliklər törətdi, kəndləri, şəhərləri dağıtdı, xalqımızın mədəni irsini yer üzündən silməyə çalışdı. Bununla yanaşı, Azərbaycanın təbii ehtiyatlarını talan etdi. Bu məqsədlə Qarabağda dünyanın bir çox ölkələrinin şirkətlərinin filiallarını yaratdı, onların köməyilə təbii sərvətlərimizi xarici bazarlarda satışa çıxartdı. Kəlbəcərin Ermənistanla sərhəd bölgələrində, Ağdərə və Zəngilanda olan qızıl yataqları daha çox talan edildi. Bu proses hələ də davam edir, özü də Rusiya sülhməramlılarının gözü qarşısında.

Artıq bir neçə gündür ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisində filiz və qeyri-filiz yataqlarının qeyri-qanuni, pərakəndə və nəzarətsiz istismar edilməsinə qarşı etiraz aksiyaları keçirilir. Tərtər rayonu ərazisindəki "Dəmirli" mis-molibden yatağı və onun ətrafında yerləşən "Gülyataq" və  "Canyataq" qızıl mədənlərinin istismarını təsbit etmək, həmin ərazilərin ekoloji tarazlığının pozulmasının, ətraf mühitə, həmçinin yataqların istismarı zamanı onlara vurulan ziyanın müəyyənləşdirilməsi üçün monitorinq keçirilməsi tələb olunur. Aksiya iştirakçıları bu monitorinq nəticəsində, həmçinin həm yataqlara, ətraf mühitə - çaylara, meşə, torpaq və bitki örtüklərinə dəymiş zərərin də müəyyənləşdirilməsini tələb edirlər. Dekabrın 12-dən etibarən Laçın yolunda "Ekoloji terrora son!" şüarı altında keçirilən aksiyanın iştirakçıları birmənalı şəkildə bu tələblərin yerinə yetirilməsinə qədər aksiyanı davam etdirməyə qərarlıdırlar.

Ərazimizdə həyata keçirilən qanunsuz hərəkətlərə Rusiya sülhməramlılarının göz yumması, bundan bir qədər əvvəl Azərbaycanın müvafiq qurumlarının mütəxəssislərindən ibarət heyətin, media işçilərinin bölgəyə buraxılmaması haqlı olaraq insanların etirazına səbəb olub. Nəticədə ölkənin ekofəalları bu addımı atmaq məcburiyyətində qalıblar.

İnanırıq ki, bu xeyirxah missiya öz müsbət nəticəsini verəcək. Onların bu aksiyasını Azərbaycan xalqı, cəmiyyətin bütün üzvləri dəstəkləyir. Azərbaycan qalib, bölgədə söz sahibi olan ölkədir. İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirir və bunu məğlub ölkədən də tələb edir. Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməli, Azərbaycana qarşı törətdiyi ekoloji terrora son qoymalıdır.          

Təranə PAŞAYEVA,

Azərbaycanın Milli Qəhrəmanı

M.İbrahimov adına 153 saylı tam orta məktəbin direktoru.