Dini, tarixi-mədəni abidələr bərpa edilir
Mədəniyyət

Dini, tarixi-mədəni abidələr bərpa edilir

Heydər Əliyev Fondu tərəfindən Şuşada bu istiqamətdə layihələr həyata keçirilir

Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan şəhər və rayonlarımız, oradakı yaşayış və inzibati binalar, bütün infrastruktur ermənilər tərəfindən dağıdılıb, təbii sərvətlərimiz talan edilib, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimiz vandalizm aktlarına məruz qalıb. İşğal altında olan torpaqlarımız Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edildikdən sonra bu ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlanılıb. Bu çərçivədə Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən də bir sıra tarixi, mədəni abidələrin bərpası üzrə layihələr həyata keçirilir.

Şuşanın tarixi-mədəniyyət abidələrindən biri - Yuxarı Gövhərağa məscidi şəhərin mərkəzi meydanında yerləşən ən qədim məsciddir. Bu məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə 1750-ci illərdə Qarabağ xan sarayı ilə yanaşı qamışdan inşa edilmişdi. Pənahəli xanın oğlu İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində Gövhər ağanın maddi dəstəyi ilə daşdan yeni məscid tikilmişdi (Şuşanın məşhur Gövhərağa məscidi ilə assosiasiya olunan Gövhər ağa Cavanşir Qarabağ tarixində ən maraqlı qadın şəxsiyyətlərdən biridir. Qarabağ xanı İbrahim xanın qızı əsl adı Gövhərnisə bəyim olan Gövhər ağa maarif və mədəniyyətə maraq göstərən xanım kimi sənət adamlarına, alim və şairlərə hamilik etməklə xeyriyyəçiliklə məşğul olmuşdur).

Yararsız hala düşmüş məscidin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti ilə Şuşanın dördüncü və sonuncu cümə məscidi də inşa olunmuşdur. Məscidin şimal fasadında üçtağlı eyvan yerləşir. Onun orta tağında yarımdairəvi yan tağlarından fərqli olaraq ox vardır ki, bu da tikiliyə xüsusi gözəllik verir. Yan tağlar üzərində əsas fasad boyunca yüksələn həmin tağ məscidin ön girişinə işarədir. Yuxarı Gövhərağa məscidindən bəzi xüsusiyyətlərinə görə fərqlənən bu tikilinin minarələri əsas fasadı deyil, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir. Məscid kompleksi görünüşünə görə Yuxarı Gövhərağa məscid kompleksinin kiçildilmiş formasıdır.  

Yuxarı Gövhərağa məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhənin ermənilər tərəfindən sökülməsi, əvəzində erməni dilində "Tarixi-mədəni abidə, Yuxarı məscid, 1883, dövlət tərəfindən qorunur" sözlərini əks etdirən lövhə vurulması ilə qane olmayan ermənilər məscidin görünüşündə də dəyişiklik etməkdən çəkinməyiblər.

Aşağı Gövhərağa məscidinin əsas girişi şimal-qərb istiqamətdə yerləşir. Onun oxu üzbəüz yerləşən mədrəsə binasının girişinin oxu ilə oxşarlıq təşkil edir. Aşağı Gövhərağa məscidinin ibadət zalı çatmatağ və beş günbəzlə örtülüb. Məscidin memarlıq baxımından əsas cəhətlərindən biri də xüsusi peşəkarlıqla stalaktitlərlə bəzədilmiş mehrabın yerləşməsidir. Məscidin ikinci mərtəbəsində yan hissələrdə qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır.

1992-ci ilin mayında Şuşanın işğal edilməsi ilə şəhərin bütün memarlıq abidələri kimi, Aşağı Gövhərağa məscidi də erməni vandalizminin qurbanına çevrilib. İşğaldan keçən 28 il müddətində bu məscid xeyli dağıntılara məruz qalıb. Aşağı Gövhərağa məscidinin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib.

Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Onun Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub, inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə Şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.

Xalq memarı, XIX əsr Qarabağ memarlıq məktəbinin banisi Kərbəlayi Səfixan Qarabaği əslən qarabağlıdır. Nadir şah Əfşarın dövründə valideynləri Qarabağdan İrana sürgün olunub. Səfixan da Təbriz yaxınlığındakı Əhər şəhərində doğulub, uşaqlıqdan atasının yanında bənnalıq sənətini öyrənib. Dərin zəkaya, ağıllı düşüncəyə malik olub, hələ gəncliyində tikəcəyi binaların layihəsini müstəqil surətdə özü verib. Kərbəlayi İmam Hüseynin məqbərəsini ziyarət etdiyinə görə Kərbəlayi Səfixan Qarabaği kimi məşhurlaşıb. Memarlıq və inşaat sənətini Təbrizdə öyrənib. XIX əsrin birinci yarısında Şuşaya köçüb, ömrünün sonuna qədər burada yaşayıb. Kərbəlayi Səfixanın Qarabağ memarlıq məktəbinin inkişafında mühüm xidmətləri olub. Bərdədə, Zaqafqaziyada yeganə dördminarəli "İmamzadə" kompleksinin yenidən qurulması (1868), Ağdam (1870), Şuşada Yuxarı və Aşağı Gövhərağa məscidləri (XIX əsr), eləcə də Odessa şəhərində "Tatarlar" (1870), Aşqabadda "Qarabağlılar" (1880) məscidləri memarın ən yaxşı əsərləri sırasına daxildir.

Azərbaycan torpaqlarında ermənilər tərəfindən nəinki İslam abidələri, eləcə də Qafqaz Albaniyasına aid olan abidələr təcavüzə məruz qalmışdır. Ermənilər işğal olunmuş torpaqlarımızda bütün xristian abidələrinə qarşı da saxtalaşdırma, mənimsəmə aktları həyata keçirmişlər.

Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, habelə "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir. Buna baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz arxeoloji qazıntılar aparmaqla, tarixi abidələrimizi, məscidlərimizi dağıtmaqla tarixi-mədəni irsimizi saxtalaşdırmışlar.

Bəybala BƏYBALAYEV,

"Respublika".