Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəmiz dünyada yüksək dəyərləndirilir
Digər xəbərlər

Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəmiz dünyada yüksək dəyərləndirilir

Bu gün müstəqil Azərbaycanın  beynəlxalq aləmdə nüfuzu  və şöhrəti durmadan artır. Ölkəmiz bütün dünyada demokratik, hüquqi və dünyəvi  dövlət, eyni zamanda  bir çox  millətlərin və konfessiyaların  dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi tanınır. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən Azərbaycan, həm də çox qısa müddət ərzində etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə  və multikulturalizmə töhfə verən ölkə olduğunu təsdiqləyə bilmişdir. Bu gün Azərbaycan Respublikası həm insan hüquqlarının yüksək səviyyədə qorunduğu, həm tolerantlığın həyat normasına çevrildiyi, həm də milli-mənəvi dəyərlərə böyük önəm verildiyi unikal ölkələrdəndir. Azərbaycan bu gün dünyaya müxtəlif millətlərin və dini konfessiyaların dinc, yanaşı mövcudluğunun mümkünlüyünü sübut edir, multikulturalizmin Azərbaycan modelinin uğurlu, mütərəqqi olduğunu nümayiş etdirir.

Dünyəvi, demokratik, hüquqi, unitar dövlət olmaqla bərabər, eyni zamanda öz milli-mənəvi dəyərlərinə  söykənən Azərbaycan  güclü dövlət quruculuğu  istiqamətində  möhkəm  dayaqlar  üzərində  irəliləyir. Zamanında ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata  keçirdiyi siyasətin əsasında da bu amil dayanır. Ümummilli liderimizin hakimiyyətə  yenidən qayıdışından  sonra  ölkədə  dini fəaliyyət  sahəsində sabitliyə  nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin  qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində  gördüyü böyük  işlər dini etiqad azadlığına geniş imkanlar açdı və dini icmaların  normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Bu gün Azərbaycanda mövcud olan  dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu dəyərlərə böyük önəm verən ulu öndərimiz Heydər Əliyev respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycanı multikulturalizmin, tolerantlığın məkanı kimi tanıtmağa çalışmışdır. Müstəqilliyimizin ilk illərində Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra təkrar hakimiyyətə qayıdışı ilə cəmiyyətimizdə milli birlik təmin edildi, dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs ümummilli liderin özünəməxsus müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası ətrafında bir araya gəldi. Milli-mənəvi dəyərlərimizin qorunması yönündə mühüm işlər görüldü, insanların din və etiqad azadlığının sağlam əsasda inkişafı təmin edildi.

Ulu öndərin ölkəmizdə mövcud din, tolerantlıq və multikulturalizm mühitinin daha da gücləndirilməsi ilə bağlı siyasəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycanın nümunəsi göstərir ki, multikulturalizm yaşayır”, - deyən Prezident İlham Əliyevin IV Bakı Beynəlxalq Humanitar Forumunda səsləndirdiyi: “Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamafobiyadır, antisemitizmdir” fikirlər də ölkə rəhbərinin multikulturalizmə böyük önəm verdiyinin göstəricisidir.

Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli-mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib.

Bu gün öz nümunəvi dəyərlərini bütün dünyaya təqdim edən Azərbaycan əlverişli coğrafi mövqeyindən və çoxmədəniyyətlilik ənənələrindən istifadə edərək artıq dünyada ən mühüm dialoq mərkəzlərindən birinə çevrilib. Son illər həm lokal, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkil olunması bunun əyani sübutudur. Ölkə rəhbərliyinin dəstəyi ilə 2018-ci ildə də müxtəlif xarici ölkələrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqi ilə əlaqədar beynəlxalq konfranslar keçirilib ki, bu tədbirlər coğrafi olaraq çox geniş ərazini əhatə edib. Dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə  ölkəmizdə reallaşan beynəlxalq tədbirlər insanların multikulturalizm və tolerantlıq ruhunda maarifləndirilməsinə, dünyada sülhün və əməkdaşlığın təşviqinə mühüm töhfə verib. Ölkə rəhbərinin bu istiqamətdə atdığı addımlar, söylədiyi fikirlər, verdiyi qərarlar bütün İslam dünyasında geniş əks-səda doğurmaqla bərabər, bizə gələcək fəaliyyətimizdə böyük stimul verir.

Sözügedən sahədə aparılan dövlət siyasəti bu gün prioritet səviyyəyə yüksəlmiş, multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər ölkəmizə mədəniyyətlərarası dialoq ölkəsi statusu qazandırmışdır. Azərbaycan  Respublikasının  qanunvericiliyi ilə  nəzərdə tutulmuş qaydada dini etiqad azadlığını həyata keçirmək, müxtəlif konfessiyalara mənsub insanların  qarşılıqlı xoş  əlaqələri artıq ölkəmizdə ənənə halını almışdır. Azərbaycan xalqı əsrlər boyu humanist dəyərlərdən çıxış edərək ölkəmizdə  yaşayan  müxtəlif xalqların  nümayəndələrinin  dilini, dinini, mədəniyyətini tanımış, hörmət bəsləmiş, bu mədəni müxtəlifliyi hər zaman qoruyub saxlamış, onu zənginlik kimi dəyərləndirmişdir. Və bu gün nəticə olaraq bu müxtəliflik harmoniya  şəklində  inkişafa yönələn vəhdəti ifadə edir. Dövlətimiz üçün  mühüm əhəmiyyət kəsb edən bu dəyər ölkəmizin  dinlərarası və millətlərarası dialoq üçün  nümunəvi platformaya çevrilməsi və  multikulturalizmin  strategiyasına qoşulması beynəlxalq aləmdə yüksək səviyyədə təqdir olunur, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə dünya tərəfindən yüksək qiymətləndirilir.

Dünyanın dini liderləri birliyə, birgəyaşayışa, islam və xristian aləmini sülhə səsləyən  Azərbaycanın  sivilizasiyalar arasında körpü rolunu oynadığını, Bakının sülh və dialoq şəhəri olduğunu  xüsusilə qeyd edirlər.  

2009-cu ildə Bakının, 2018-ci ildə isə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı seçilməsi, ölkəmizdə ardıcıl olaraq mədəniyyətlərarası və dinlərarası dialoq, milli-dini tolerantlıq üzrə beynəlxalq konfransların keçirilməsi Azərbaycanda tarixi tolerantlıq ənənəsinin qorunub daha da zənginləşdirilməsini bir daha sübut edir. Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycan öz milli dəyərlərinə sadiq olmaqla yanaşı, ümumbəşəri dəyərlərə də yüksək qiymət verir. Milli-mənəvi dəyərlərin qorunmasında, ayrı-ayrı konfessiyalara məxsus məbədlərin tikintisi və bərpasında UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu respublikamızda və onun hüdudlarından kənarda məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədə olmuş, milli, dini zəmində heç bir münaqişə və qarşıdurma olmamış, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar.

Azərbaycan “dünyəvilik və diniliyin vəhdəti” konsepsiyasının reallaşdırılması nəticəsində beynəlxalq miqyasda da mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzinə çevrilmişdir. 2010-cu ildə Bakıda keçirilən,  böyük tarixi əhəmiyyətə malik olan dini liderlərin Ümumdünya Bakı Sammiti buna əyani sübutdur. “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusuna həsr olunmuş dini liderlərin I Bakı Sammitində 32 ölkədən 200-dən çox nümayəndə və 14 beynəlxalq təşkilat iştirak etmişdir. Zamanın tələbi olan Bakı Sammiti qloballaşan dünyada həm dünyəvilik, həm də diniliyin tərəfdarlarını bir araya gətirərək bioetika, ekologiya, iqtisadiyyat və s. sahələrdə həyəcan təbili çalmağa şövq etmişdi.

Dünyanın dini liderləri 2019-cu ildə ikinci dəfə bütün dünyaya Bakıdan səslənərək heç bir siyasətə qarışmadan dövlətlərarası münasibətlərdə mənəvi dəyərlərlə təmsil olunacaqlarını elan etdilər. Müxtəlif konfessiyaların nümayəndələri arasındakı dialoqu qarşılıqlı hörmət prinsipləri əsasında qurmaq, dinlərin zorla yaxınlaşmasına təhrik etməmək, milli-dini dözümlülük etalonu nümayiş etdirməklə dini liderlərin II Sammiti öz işinə başlamış, müasir dünyamızda bəzi ölkələrin, xüsusilə Avropa ölkələrinin dindən uzaqlaşmaq ideyalarını pisləyən sammit iştirakçıları bu missiyada öz üzərinə düşən vəzifələrlə çıxış etmişdilər.

Dünyəvi məsələlərin həllində, mədəniyyətlərarası və dinlərarası münasibətlərin qurulmasında, ölkələrin ərazi bütövlüyünün qorunmasında, etnik azlıqların öz müqəddəratını təyin etməsində, separatizm, beynəlxalq terrorizm, ekstremizm, milli-dini abidələrin dağıdılması, saxtalaşdırılması, narkotik maddələrdən istifadə olunmasının qarşısının alınmasında vahid bir mövqedən çıxış edən dünya liderləri bəşəriyyəti düşündürən məsələlərin ancaq və ancaq mənəvi dəyərlər əsasında həll olunması təklifləri irəli sürmüşlər.

Planetin 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi dini məzhəbin lider və təmsilçilərinin, 10-a yaxın nüfuzlu beynəlxalq təşkilatın 500-dək nümayəndəsinin iştirak etdiyi dünya liderlərinin II Sammiti 2009-cu ildə Bakıda İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin bir araya gəldiyi “Bakı Prosesi”nin, “Multikulturalizm”, “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, dünya dini liderlərin bir araya gəldiyi I Bakı Sammitinin davamı olaraq Azərbaycanda dinlərarası dialoqun, bəşəri dəyərlərin inkişafına hədəflənmiş siyasətin nəticəsi idi.

II Zirvə görüşündə dini liderlər XXI əsrdə - informasiya və texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə sosial şəbəkələrdə, kütləvi informasiya vasitələri ilə zorakılıq, təcavüz, nifrət dolu çağırışların qarşısının alınması üçün bütün səylərin, qüvvələrin birləşdirilməsinin vacibliyini gündəmə gətirmişdilər. Sammitdə həmçinin  planetin bir çox regionlarında səngimək bilməyən münaqişələrin, terror aktlarının bütövlükdə bəşəriyyətə, insanlığa yönəlmiş cinayət olduğu müzakirə olunmuşdur. Sammitdə dini liderlər bir araya gələrək dünyada baş verən təxribatları, cinayətləri yalnız rədd etməklə kifayətlənməməli, cəmiyyətdə müqəddəs kitablara əsaslanaraq ailə, nikah, böyüklərə hörmət, dinə inam, etiqad, inanclar, dini seçimdə azadlıq kimi mənəvi dəyərlərin möhkəmləndirilməsinin və eyni zamanda təbliğ edilməsinin vacibliyini nəzərə çatdırdılar. Eyni zamanda, dini liderlər dünyada siyasi liderlərə müraciət edərək inkişaf etmiş ölkələri zəif dövlətlərə nisbətən bəşəriyyətin taleyində daha məsuliyyətli olmağa çağırmışdı. Liderlər bütün dünyada baş verən arzuolunmaz həqiqətlərin, terrorizmin, dini və etnik dözümsüzlüyün artmasının, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü şəkildə təhrif olunmasının böyük narahatlıq doğurduğunu bəyan etmişdilər.

Bu gün bütün dünyanın böyük din xadimləri özünü artıq tolerantlığın ideoloji mərkəzi və praktik təcəssümü kimi təsdiq edən Bakıda toplaşır, dinlərin dialoqu çərçivəsində, həm də sivilizasiyaların qarşılıqlı anlaşması istiqamətində səmərəli iş aparırlar. Prezident İlham Əliyevin dediyi kimi: “Tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir”. Bu gün BMT, Avropa Parlamenti, UNESCO, Avropa Şurası və s. mötəbər beynəlxalq qurumlarda Azərbaycan  dinlərarası tolerantlığın  inkişafına töhfə verən ölkə kimi qəbul olunur və İslam dəyərlərinin  ölkəmizdə dözümlülük və tolerantlıq baxımından oynadığı müstəsna rol geniş müzakirə olunur. 2010-cu il aprel ayında dünya dini liderlərinin Bakıda keçirilən ilk Sammitində ölkəmizin perspektiv hədəfləri barədə danışan ölkə başçısı İlham Əliyev demişdir: “Keçən il Bakı İslam mədəniyyətinin paytaxtı seçilmişdi və bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir. Ümid edirəm ki, gün gələcək, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da töhfə verəcəkdir”.

Ölkəmizdə keçirilən dünya liderlərinin I Sammitindən bizi o qədər də böyük zaman ayırmır. Bəli, ölkə başçısı cənab İlham Əliyevin dediyi bu fikirlər artıq həyatımızın reallığına çevrilib. Bu  gün Azərbaycan Avropa ilə Asiyanı birləşdirəcək qapının astanasında dayanıb. O gün uzaqda deyil... 

Mehparə ƏLİYEVA,

“Respublika”.