Diplomatik məharət, praqmatik düşüncə, qətiyyət və natiqlik
Siyasət

Diplomatik məharət, praqmatik düşüncə, qətiyyət və natiqlik

İnformasiya sahəsində qazanılan uğurların əsasında ölkə başçısının məhz bu keyfiyyətləri dayanır

Müstəqil dövlətimiz dünya ölkələrinin ən qabaqcıl təcrübələrindən və dəyərlərindən bəhrələnərək daha sürətlə və hərtərəfli inkişaf edir. Demokratik cəmiyyət, hüquqi dövlət, insan haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq dünyanın ən qabaqcıl, qüdrətli dövlətləri ilə ayaqlaşan ölkəmiz artıq beynəlxalq aləmdə öz layiqli yerini tutub. İndi dünyanın, regionun əsas strateji və qlobal problemlərinin həllində Azərbaycanın mövqeyi nəzərə alınır, regionda beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarına uyğun olaraq həyata keçirilir.

Gündən-günə öz müdafiə qabiliyyətini artıran, hərbi cəhətdən güclənən ölkəmizdə milli ordumuz qabaqcıl təcrübə və texnologiyalara yiyələnərək inkişaf edir. Dövlətin əsasını təşkil edən ölkə iqtisadiyyatı yenidən qurulur. Milli birliyə, ictimai sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil Azərbaycan bu gün ərazi bütövlüyünü təmin edərək xalqımız və dövlətimiz üçün ən ağır problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Zəfərlə həll etdi. Bütün bunlar Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət edən ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Ölkə başçımız yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatı dərindən bilməsi sayəsində həm daxildən, həm də xaricdən qaynaqlanan təxribatın, antiazərbaycançılığın qarşısını alaraq dövlətimizi və dövlətçiliyimizi qorudu, pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi.

Uzun illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməsə də, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunmasa da, ölkə başçımızın qətiyyəti, sarsılmaz iradəsi sayəsində bu məsələ öz həllini tapdı və Azərbaycanın əbədi, əzəli torpaqları işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa olundu.

Dəfələrlə mötəbər kürsülərdən heç vaxt torpaqlarımızın işğal altında qalması ilə barışmayacağımızı, münaqişənin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, öz doğma torpaqlarımızı nəyin bahasına olur-olsun azad edəcəyimizi bəyan edən İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi gündən bu amal uğrunda mübarizə apardı.

Bu mübarizə onun daxili və xarici siyasətinin əsas qayəsinə çevrildi. İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan kimi deyil, həm də güclü, iradəli, uzaqgörən, yüksək idarəetmə məharəti kimi keyfiyyətlərə malik siyasətçi, yenilməz dövlət başçısı kimi bu Qalibiyyətə imza atdı.

İnformasiya sahəsində üstünlüyün siyasi arenada mühüm əhəmiyyət kəsb etdiyi məlum faktordur. Son illər beynəlxalq informasiya məkanı ölkəmiz üçün qələbələrlə zəngin, Ermənistan üçün isə yalanlarla dolu təbliğatının alt-üst olması ilə yaddaqalan oldu. Bu sahədə total üstünlüyümüzün ən mühüm amili isə Prezident İlham Əliyevin bu illər ərzində tamamilə haqlı, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipinə əsaslanan, beynəlxalq hüquqa söykənən bir mövqe nümayiş etdirərək ali tribunalardan çıxışları, beynəlxalq aparıcı kütləvi informasiya vasitələrinə Azərbaycan həqiqətlərini doğru, düzgün əks etdirən fikirləri oldu.

Azərbaycan 30 ilə yaxın bir müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq qanunlar çərçivəsində həllinə nail olmağa çalışsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi və təxribatları nəticəsində bu mümkün olmadı. Azərbaycan həm döyüş meydanında, həm də informasiya məkanında məkrli düşmənlə üz-üzə dayanaraq Azərbaycan dövlətinin güclü və müstəqil siyasət aparan bir dövlət olduğunu bütün dünyaya bəyan etdi.

İnformasiya mübarizəsində üstünlüyümüzün ən önəmli epizodlarından biri 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik konfransında olmuşdur. Təcavüzkar ölkənin hökumət başçısı tarixi həqiqətləri təhrif etməklə əsl mahiyyətdən yayınmağa çalışsa da, Azərbaycan Prezidenti beynəlxalq hüquq normaları çərçivəsində siyasi etika qaydalarına riayət edərək açıq şəkildə fikirlərini ifadə etmiş, Ermənistanın işğalçı dövlət olduğunu təkzibolunmaz faktlar və dəlillərlə, dəmir məntiqlə sübut etmiş, Nikol Paşinyanın əsassız fikirlərini ifşa etmişdir. Azərbaycan və Ermənistan dövlət başçılarının arasında baş tutan debatda dünya miqyasında böyük əks-səda doğuran, dövlət başçımızın arqumentlərə və danılmaz faktlara əsaslanaraq Ermənistanın baş naziri Nikol Paşinyana diplomatik "dərs" keçməsi, onu beynəlxalq ictimaiyyətin qarşısında gülünc vəziyyətə salması və Ermənistan rəhbərliyinin beynəlxalq normalardan kənar siyasətini ifşa etməsi olmuşdur. Belə ki, dövlət başçımız XIX əsrin əvvəllərində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olduğunu faktlar əsasında isbatlayaraq deyib: "Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!"

Prezident İlham Əliyevin 21 sentyabr 2020-ci il BMT Baş Assambleyasında ümumi debatlarda videoformatda çıxışı da beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılmasında mühüm rol oynadı: "Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə öz həllini tapır. Ermənistan isə 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur".

Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini faktlarla, arqumentlərlə əsaslandıraraq Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlar və region üçün təhlükələri barədə zamanında, məqamında səsləndirdiyi fikirləri və işğalçı düşməni ifşa edən siyasəti bu gün Ermənistanda siyasi təlatümlərə gətirib çıxardı. Artıq Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqe getdikcə bütün dünya ictimaiyyəti tərəfindən dərk edilir.

Prezident İlham Əliyev Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda hökm sürən nasizm və faşizmin təbliğinə diqqət çəkərək deyib: "Bu, ümumbəşəri dəyərlərlə bir araya sığmır. Qaregin Njdeni təbliğ etmək həm də SSRİ xalqlarına, o cümlədən Rusiya xalqına qarşı xəyanətdir. Faşizmə qulluq etmiş şəxsin bu gün Ermənistanda təbliğ olunması, heykəl qoyulması bəşəriyyətə, ilk növbədə də Rusiyaya xəyanətdir. Çox təəssüflər olsun ki, Qaregin Njdenin heykəli hələ də Ermənistanda qalmaqda, orta və ali məktəblərində təbliğ olunmaqdadır... Bu, təcavüzə məruz qalan bir ölkə kimi bizi düşündürməyə bilməz".

Ermənistanın faşist cinayətkara heykəl qoymaqla faşizmi təbliğ etdiyini bəyan edən İlham Əliyevin qətiyyətli çıxışı ilk növbədə, Ermənistanın faşist ideyalarının daşıyıcısı, eyni zamanda işğalçı ölkə olmasının sübutu idi.

Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş nazirinin sərsəm və əsassız iddialarına tutarlı faktlarla cavab verərək bildirmişdir ki: “Ermənistan baş naziri yenə həqiqətə uyğun olmayaraq guya Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyi haqqında qərar verdiyini uydurur, əvvəllər olduğu kimi, münaqişənin həlli üçün yenə də əsassız Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları ifadəsini səsləndirir. "Dağlıq Qarabağ respublikası" anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. Ermənistan Azərbaycanın ərazisini işğal edib və Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim".

Azərbaycanda ermənilər də daxil olmaqla talışlar, kürdlər, yəhudilər, tatlar, avarlar, saxurlar, ləzgilər, rutullar, molokanlar, ingiloylar, qaraçılar, assuriyalılar, udinlər, almanlar, rusların yaşadığını nəzərə almayan ermənilər azərbaycanlılara qarşı yalan ittihamlar irəli sürərək Azərbaycanı millətçi ölkə, azərbaycanlıları millətçi xalq olaraq görürlər. Fransa KİV-lərində hər zaman "məzlum" ermənilərin "vəhşi" azərbaycanlıların hücumuna məruz qaldığı bildirilir. Lakin Azərbaycanın çoxkonfessiyalı, çoxmillətli, tolerant ölkə, tolerantlığın nümunəsinə çevrildiyi məkan olduğunu vurğulayan Prezident İlham Əliyev demişdir: "Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda sülh və rahat şəkildə yaşayan çox sayda etnik azlıqlar var. Ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi ölkəmizdəki digər millətlərin nümayəndələri kimi bütün hüquq və imtiyazlara malik olacaqlar".

Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə daim Ermənistanın təxribatçılıq fəaliyyətini, işğalçılıq və müharibə planlarını ifşa etmiş və diqqəti daha çox beynəlxalq qurumların Ermənistanın işğalçı siyasətinə biganə yanaşmasına yönəltmişdir.

Ölkə başçımız 44 günlük Vətən müharibəsində dünyanın aparıcı media qurumlarının nümayəndələrinə verdiyi 30-a yaxın müsahibələri əsl həqiqətin-Ermənistanın on illərlə davam edən məkrli, qərəzli, Azərbaycan fobiyalı yalan təbliğatının, siyasətinin darmadağın edilməsi ilə tarixə düşdü. Hətta erməni lobbisinə xidmət edən jurnalistlərin ən məkrli, həqiqəti əks etdirməyən sualları qarşısında ali diplomatiya, heyrətamiz analitik qabiliyyət, dərin məlumatlılıq və fenomen natiqlik bacarığı göstərərək Azərbaycanın bu məsələdə haqlı olduğunu, Ermənistanın işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi. Prezident çıxışlarında münaqişənin diplomatik yollarla həlli üçün dövlətimizin bütün vasitələrdən istifadə etdiyini, beynəlxalq təşkilatların vasitəçiliyinə ən geniş imkanlar yaratdığını, BMT-nin münaqişə mövzusunda qəbul etdiyi qətnamələrin həyata keçirilməsi məsələsində konstruktiv əməkdaşlığa hazır olduğunu, lakin bu qurumların fəaliyyətsizliyi, qətiyyətsizliyi və Ermənistanın davam edən işğalçılıq siyasəti nəticəsində müharibənin qaçılmaz olduğunu göstərərək, Azərbaycanın tarixi ədaləti bərpa edərək beynəlxalq normaların öz yerini tapması üçün torpaqlarını azad etmək hüququna malik olduğunu təkzibolunmaz və danılmaz faktlarla əsaslandıraraq sübut etdi.

Azərbaycan Prezidentinin müharibədən əvvəlki bütün çıxışlarında beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli tədbirlər görməyə, baş verənlərə seyrçi qalmamağa çağırmış, Azərbaycanın qətiyyətli mövqeyini beynəlxalq təşkilatların diqqətinə çatdırmış və bütün bunların fonunda da hər zaman milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirmişdir.

Siyasi islahatlarını çox güclü iqtisadi təməl üzərində quran Azərbaycan bu gün qalib ölkədir. Bu qalibiyyətin əsasında isə qətiyyətli lider, açıq-aydın, şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, xalqın birliyi və iradəsi dayanır.

Mehparə ƏLİYEVA,

"Respublika".