Diplomatik münasibətlərin gücləndirilməsində atılan daha bir uğurlu addım
SİYASƏT

Diplomatik münasibətlərin gücləndirilməsində atılan daha bir uğurlu addım

"İsraildə səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı bizim milli maraqlarımıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir. Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir... Bu, regionda heç də bütün ölkələri sevindirmir. Amma bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt etmək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı etməkdir və biz bunu edirik". Bu fikirləri noyabr ayının 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda iştirakı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir.

 Prezident İlham Əliyevin İsrailin Təl-Əviv şəhərində ölkəmizin səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında 26 noyabr tarixli Sərəncamı məqsədyönlü, düşünülmüş siyasətin göstəricisi olmaqla əvvəllər qurulmuş əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılmış uğurlu addımdır. Belə ki, hələ 1992-ci ildə ölkəmiz ilə İsrail arasında diplomatik münasibətlər qurulmuş, tolerant, multikultural ənənələrə sadiq qalan, hər zaman başqa dinlərə, onun nümayəndələrinə dözümlülük nümayiş etdirən ölkəmizdə yəhudilər xalqımızla birgə səmimi dostluq münasibətində yaşamış, dövlətlərimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri mövcud olmuşdur. Ölkəmizdə tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində "Or-Avner" Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilmişdir. Bu gün də bu münasibətlər ikitərəfli əlaqələrin inkişafında özünü daha qabarıq göstərir. Həmçinin "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin Milli Məclisdə müzakirələrdən sonra qəbul edilməsi də dövlətimiz tərəfindən diplomatik səylərin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardandır.

Azərbaycan ilə Türkiyə arasında dərin köklər, möhkəm təməllər üzərində qurulan dostluq, qardaşlıq münasibətləri qırılmaz tellərlə bir-birinə bağlıdır. Heç bir ölkənin tarixində müşahidə olunmayan, siyasi müstəvidə həyata keçirilən əməkdaşlıq əlaqələri xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinə çevrilib. Dili bir, dini bir olan Azərbaycan-Türkiyə birliyi bütün dünyada sarsılmaz güc, yenilməz qüvvə olaraq qəbul edilir. Dünyada baş verən hadisələrdə Azərbaycan-Türkiyə birliyinin təsir gücü artaraq bu gün beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsində özünü göstərir. Əməkdaşlığın, tərəfdaşlığın və qardaşlığın müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bütün sahələr üzrə möhkəmlənməklə iki qardaş ölkəni daha da gücləndirir. Hər şeydən əvvəl, dost, qardaş olan ölkələrimiz eyni zamanda etibarlı tərəfdaş kimi də potensiallarını birləşdirərək bütün dünyada birlik, həmrəylik nümayiş etdirirlər. Birlikdə həm hərbi, həm də iqtisadi gücünü artıran ölkələrimiz siyasi müstəvidə də eyni mövqedən çıxış edirlər. İkinci Qarabağ müharibəsindən sonra hərbi sahədə qardaş ölkə ilə əməkdaşlığını daha da gücləndirən Azərbaycan ordusunun maddi-texniki bazasını möhkəmləndirməklə yanaşı, onun döyüş qabiliyyətinin artırılması, daha da gücləndirilməsi, müdafiə infrastrukturuna böyük sərmayələrin qoyulması istiqamətində mühüm tədbirlər həyata keçirir. Həm Türkiyə, həm də Azərbaycanda birgə təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, bu sahədə ümumi təşəbbüslər regionda sülhün, sabitliyin bərqərar olmasına xidmət edir.

Gündən-günə yüksələn xətlə inkişaf edən, hərbi, siyasi, iqtisadi, ticarət, mədəniyyət sahələrində gələcəyə yönəlmiş Azərbaycan-Türkiyə əlaqələri yalnız iki ölkə arasında məhdudlaşmayaraq bütün Türk dünyasını əhatə edir. Türkdilli dövlətlərin birliyi isə öz növbəsində dünya ölkələri ilə əlaqələrin genişlənməsinə, möhkəmlənməsinə stimul verir. Bu birlik isə bəzi qərb dövlətlərinin, ermənipərəst ölkələrin ən böyük narahatçılığıdır. Yalnız türkdilli ölkələr deyil, bir çox qeyri-müsəlman, lakin bəzi müsəlman ölkələrindən qat-qat yaxın, dost ölkələr də bu birlikdən, həmrəylikdən güc alır, Azərbaycan və Türkiyə ilə əlaqələrini möhkəmləndirir, məkrli siyasət yürüdən, ölkələrin ərazi bütövlüyünü pozan, daxili işlərinə qarışan, işğalçı ölkələrə qarşı birgə uğurlu siyasət həyata keçirirlər. Azərbaycan və Türkiyə bu dostluğa böyük dəyər verərək, bunu yüksək qiymətləndirir.

Azərbaycan ilə İsrail arasında uzun illərə söykənən dost bağları var. Bu əlaqələrin İsrail ilə Türkiyə arasında da möhkəmlənməsində Azərbaycan böyük rol oynayır. Belə ki, ölkəmizlə strateji əlaqələri olan İsrail ilə Türkiyə arasında diplomatik münasibətlərin bərpa olunmasında, gələcək perspektivlərə hesablanmış mühüm əhəmiyyət kəsb edən üçtərəfli əsasda əməkdaşlığın qurulmasında Prezident İlham Əliyevin xüsusi rolu olmuşdur. Xoş gələcəyə hədəflənmiş birgə siyasət öz-özlüyündə bunu şərtləndirir və Yaxın Şərqdə sülhün, sabitliyin, təhlükəsizliyin bərqərar olmasına səy göstərən Türkiyə də bu istiqamətdə atılan bütün addımları dəstəkləyir. Beləliklə, Türkiyə ilə İsrail arasında xeyli müddətdir ara verilən diplomatik əlaqələrin bərpa edilməsi iki ölkə arasında bütün sahələr üzrə - istər logistik, istərsə də siyasi-iqtisadi sahədə mühüm irəliləyişlərə imkan yaradacaq. İsraillə Türkiyə arasında diasporlar səviyyəsində mövcud əlaqələr isə daha da inkişaf edəcək. Eyni zamanda, vaxtilə iqtisadi, hərbi sənaye sahəsində qurulan əlaqələr yeni formatda inkişaf etdiriləcək, texnologiyaların tətbiqində mühüm nailiyyətlər qazanan İsraillə əlaqələr yeni mərhələyə yüksələcək. İsrail dövlətinin Ankaraya yeni səfir təyin etməsi Türkiyə və İsrail arasında diplomatik əlaqələrin bərpa olunduğunun bariz nümunəsidir.

İsrail ilə Azərbaycan arasında bir çox sahələrlə bərabər, həmçinin hərbi sahədə də geniş əməkdaşlıq əlaqələri mövcuddur.  Bununla yanaşı, münaqişə dövründə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında İsrailin lobbi şəbəkəsi böyük rol oynamışdır. Müsəlman ölkəsi olmasa da, hər zaman respublikamızın çətin günlərində yanında olan, onun haqq işini dəstəkləyən və dost köməyini əsirgəməyən İsrail mənfur qonşularımızın xalqımızın müqəddəs ibadət yerlərinə, tarixi abidələrinə qarşı etdikləri vandallığı qəbul etməmiş və bu məsələdə də Azərbaycanın mövqeyini bölüşmüşdür. Azərbaycana dost ölkə olan İsraillə Türkiyə arasında vaxtilə yaşanmış problemlərin öz həllini taparaq bu gün yaxın münasibətlərin diplomatik səviyyədə davam etdirilməsi Türkiyə və İsraillə yanaşı, həm də Azərbaycanın maraqlarına uyğundur. Çünki üçtərəfli formatda qurulacaq əlaqələr ölkələrin hər birinin daxili və xarici siyasətinə öz müsbət təsirini göstərəcəkdir. Beləliklə, Türkiyə ilə Azərbaycanın İsraillə strateji əməkdaşlığını dərinləşdirməsi Azərbaycan-Türkiyə-İsrail müttəfiqliyinə aparan yolun başlanğıcıdır.

Mehparə ƏLİYEVA,

"Respublika".