Diplomatik uğurlar Zəfərə siyasi zəmin yaradırdı
Siyasət

Diplomatik uğurlar Zəfərə siyasi zəmin yaradırdı

Diplomatiya sayəsində qazanılan uğurlar Zəfərə siyasi zəmin yaradırdı

Şanlı qələbəyə  qədər  Azərbaycan  Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində peşəkar ordu quruculuğu, yüksək diplomatiya, qabaqcıl informasiya təminatı və iqtisadi sahədə saysız-hesabsız nailiyyətlər qazanıldı. Cəmi 44 günə təmin olunan böyük Qələbənin qazanılması üçün illərdən bəri düşünülmüş planlı siyasət həyata keçirildi. Ötən illərdə Azərbaycan çeşidli təzyiqlərlə, siyasi çəkişmələrlə üzləşdi. Dövlət başçımız İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, müstəqil siyasət apararaq dövləti, xalqı daha da güclü şəkildə gələcəyə daşıdı, canından artıq sevdiyi ölkəsini davamlı olaraq inkişaf etdirdi.

Bu gün Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulub. Bu 30 ildə Azərbaycan xalqı əzmlə, səbirlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Heç bir qüvvə xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan liderinin iradəsinə təsir göstərə bilmədi. Xalqımız "Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdi. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar", - deyən Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. "Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı! Xalqımızın öz lideri ətrafında bir yumruq kimi birləşməsi düşməni bütün cəbhələrdə məğlubiyyətə uğratdı və Azərbaycan hər bir platformada gücünü göstərdi.

Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi həm də son 18  il ərzində həyata keçirilən dərin strateji diplomatiya siyasətinin məntiqi nəticəsidir. Şübhəsiz ki, Azərbaycan bütün cəbhələrdə – istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq olub. Azərbaycan həmişə müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə erməni yalanlarını ifşa edib, reallıqları dünya ictimaiyyətinin diqqətinə sistemli şəkildə və dolğun surətdə çatdırıb. Bu kontekstdə 2016-cı ildə AŞPA-nın sessiyasında qazanılan diplomatik uğurun  əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.  

Strasburq, 30 yanvar 2016-cı il. Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalına dair iki məruzə layihəsi AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında müzakirə edilərək səsə qoyuldu. Hər iki məruzə işğal edilmiş Dağlıq Qarabağ və qonşu ərazilərə dair unudulmuş məsələnin yenidən beynəlxalq gündəmə gətirilməsi uğrunda iki ildən bəri Strasburqda aparılan mübarizədə Azərbaycan tərəfinin  irəli sürdüyü qətnamə layihələrinə əsaslanırdı.

Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşmişdi.  Açıq-aydın hiss olunurdu ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks-təqdirdə parlamentarilər daha çox islamafobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin  on  minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərirdi  ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir. Əlbəttə bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyildi. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri vardır.

2016- cı ildə AŞPA-nın yanvar sessiyasında 2085 (2016-cı il) saylı qətnamə qəbul edildikdən sonra Ermənistan siyasi mühitində yaranmış isteriya vəziyyəti səngimək bilmirdi. Bu ölkənin siyasi elitasının müxtəlif səviyyəli nümayəndələri istənilən fürsətdən istifadə edərək, Ermənistan KİV-lərində Azərbaycana, qeyd edilən qətnaməni dəstəkləmiş AŞPA üzvlərinə, bu qətnaməyə istinad edən hər kəsə, o cümlədən AŞPA rəhbərlərinə qarşı böhtanlar yağdırmaqdan və təhqiredici ifadələr işlətməkdən belə çəkinmirdilər. AŞPA-nın  yeni prezidenti Pedro Aqramunt  Ermənistanın “həqiqət carçılarının” hədəfinə tuş gəlmişdi. Belə ki, cənab Aqramuntun fevral ayında Avropa Şurası Nümayəndələr Komitəsində çıxışı və martın əvvəlində Bakıya rəsmi səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsini, Ermənistanın 20 ildən artıq müddət ərzində beynəlxalq normaları pozaraq Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal altında saxlaması faktını açıq şəkildə bəyan etmişdi. AŞPA prezidentinin bu çıxışlarından sonra Ermənistan mediasında “AŞPA prezidentinin öz vəzifəsindən xəbərsiz” olduğu bildirilmiş, cənab Aqramunt “Azərbaycanın maraqlarına xidmət edən” adlandırılmış və onun ünvanına heç bir əsas olmadan təhqiredici ifadələr işlədilmişdir. Məntiqi sual ortaya çıxır: Nə üçün Ermənistan rəsmiləri, siyasətçiləri cənab Aqramuntun bu çıxışlarını hədsiz dərəcədə qəzəblə qarşılayırdılar?!

Çünki AŞPA prezidenti Pedro Aqramunt 2085 (2016-cı il) saylı qətnamədə təsbit edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsini dəfələrlə istifadə etməklə, Ermənistanın beynəlxalq səviyyədə “toxunulmazlıq” limitinin tükəndiyini bildirmiş oldu. Bununla da 90-cı illərdən indiyədək Ermənistanın işğalçı dövlət kimi tanınmasının qarşısını almağa yönəlmiş siyasətin iflasa uğradığını bəyan etdi. Bu, Ermənistan tərəfini təlaşa salan və onları narahat edən ən ciddi məsələlərdən biri idi. Bundan əlavə, beynəlxalq qurumların rəhbərləri və yüksəksəviyyəli səlahiyyətliləri sırasından ilk dəfə olaraq AŞPA prezidenti cənab Aqramunt Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etməsini rəsmi şəkildə ictimaiyyət qarşısında ifadə etmişdi. Məhz bu səbəbdən o, Ermənistan hakimiyyətinin, mediasının və siyasətçilərinin qəzəbinə tuş gəlmişdi. Ermənistan tərəfi AŞPA-da işğal faktını özündə təsbit edən sənədin qəbul edilməsini ATƏT-in Minsk qrupunun fəaliyyətinə xələl gətirdiyini və problemlə yalnız Minsk qrupunun məşğul olmalı olduğunu bildirirdi. ATƏT-in Minsk qrupunun 22 il ərzində problemin həlli istiqamətində heç bir irəliləyiş etməməsi, Ermənistanın işğalçı siyasətini “Dağlıq Qarabağ münaqişəsi” adı altında gizlətməsi birbaşa Ermənistanın maraqlarına xidmət edirdi. Ermənistan tərəfi yeri gəldi-gəlmədi problemin sülh yolu ilə həll edilməli olduğunu və AŞPA-da qətnamə qəbul edilməsinin sülh prosesinə maneçilik törətdiyini bildirirdilər.İşğala son qoyulmasına, işğalçı Ermənistanın silahlı qüvvələrinin işğal zonasından geri çəkilməsinə çağıran bu sənədin problemin sülh yolu ilə həllinə mane olmadığını etiraf etmək onların uzunmüddətli  strategiyalarını məhv edə bilərdi. Halbuki 2085 (2016-cı il) saylı qətnamə problemin sülh yolu ilə həllinə bir töhfə idi.

ATƏT-in Minsk qrupu administrasiyaları ermənilərin AŞPA-dakı müzakirəni dayandırmaq cəhdlərini açıq-aydın dəstəkləyirdi və ermənilər əsasən hər iki tərəfi həll yolu tapmaq üçün məsuliyyət hiss etməyə çağıran və təmas xəttində zorakılığın artmasından bəhs edən birinci məruzəyə diqqəti yönəltmişdilər, bu səbəbdən onların hamısı ikinci məruzəyə daha az diqqət göstərmişdi. Lakin ermənilər sonradan bu səhvə görə çox təəssüflənəcəkdilər.Elxan Süleymanovun təşəbbüsü olan ikinci məruzə həqiqətən də fərqli xarakter daşıyırdı. Bu məruzə bütün və yeganə məsuliyyəti, təcavüzkar kimi, açıq-aydın Ermənistan hakimiyyətinin üzərinə qoyur və Azərbaycan vətəndaşlarını Ermənistan təcavüzünün qurbanları kimi təqdim edirdi.Qətnamədə  bildirilirdi ki, Ermənistan hakimiyyəti Sərsəng hövzəsinin suyundan və bəndin və irriqasiya kanallarının bərbad vəziyyətindən ekoloji təcavüz kimi sui-istifadə edir və bu, Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan vətəndaşları üçün ekoloji fəlakət yaratmaq məqsədi daşıyan zorakı hərəkətdir:“7.2. Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmağı tələb edir”.

Bütün əvvəlki qətnamələrdən fərqli olaraq, bu qətnamədə bu təcavüzün birgə məsuliyyət olduğu qeyd edilmir. Bu təcavüzə görə açıq-aydın məsuliyyət daşıyan yeganə tərəf Ermənistan hakimiyyətidir və Ermənistana bu tələbləri yerinə yetirmək çağırışı edilir. Eyni zamanda, şübhəsiz, qəbul edilmiş 2085 (2016-cı il) saylı  qətnamənin ən mühüm hissəsi odur ki, AŞPA Ermənistanı açıq-aydın Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı” kimi təqdim edir və AŞPA Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsi barədə rəsmi qərar qəbul etdi. Bundan əlavə, Ermənistanın irəli sürdüyü 21 düzəlişin hamısı böyük əksəriyyətlə məğlubiyyətə uğradığından və ya nəticədə geri götürüldüyündən, Avropa Şurası Parlament Assambleyası qəbul edilmiş mətnə Azərbaycanın maraqlarının əleyhinə olan heç bir hissə daxil etməmişdir. Bu məsələdə klassik istinad olan əvvəlki qətnamələrdən, o cümlədən 2005-ci il qətnaməsindən fərqli olaraq, yeni qəbul edilmiş qətnamədə artıq “nəzarətdə saxlayan separatçı qüvvələr” sözləri yoxdur. 2016-cı ildə bu qətnamənin qəbul edilməsi ilə, nəhayət, AŞPA həqiqətən də birmənalı şəkildə bəyan edir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini işğal altında saxlayır. Qətnamə layihəsinin 4-cü paraqrafında öz əksini tapan bu mövqe müzakirədə erməniləri hiddətləndirdi, çünki onlar bu paraqrafın dəhşətinin miqyasını və gələcək mövqeləri üçün siyasi nəticəsini çox yaxşı anladılar, lakin Assambleya ermənilərin həmin paraqrafı çıxarmaq barədə düzəlişini 109 səs əleyhinə, 37 səs lehinə və 36 səs bitərəf olmaqla rədd etdi. Nəticə etibarilə, bu qətnamənin mətni bütövlükdə plenar iclasda 98 səs lehinə, 71 səs əleyhinə və 40 səs bitərəf olmaqla qəbul edildi. Bu qətnamə 26 yanvar 2016-cı ildən etibarən rəsmi 2085 (2016-cı il) nömrəsini daşıyır və AŞPA-nın əsas səhifəsində “qəbul edilmiş mətnlər” kateqoriyasında yerləşdirilmişdir. Yeni qətnamə həmin gündən etibarən Parlament Assambleyasının yekun, dəyişməz və rəsmi sənədidir və əvvəlki 1416 (2005-ci il) saylı qətnamə ilə birlikdə nəzərdən keçirilə bilər və biləcək. Bu yeni 2016-cı il qətnaməsi əvvəlki 2005-ci il qətnaməsi ilə bərabər, istənilən   müzakirədə, istənilən formatda yeni hüquqi istinad kimi, Azərbaycanın istənilən rəsmisi və ya Azərbaycanın dostları üçün hüquqi dəstəkdir.

AŞPA, BMT TŞ, AP yaxud ATƏT tərəfindən Dağlıq Qarabağ məsələsinə dair indiyə qədər qəbul edilmiş bütün qətnamələrlə müqayisədə,  Azərbaycanın AŞPA-da nümayəndə  heyətinin üzvü Elxan Süleymanovun bu təşəbbüsü, nəhayət, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalı tarixində ən güclü və ədalətli, rəsmi beynəlxalq mövqe ilə nəticələndi. Bu yeni qətnamə  Avropanın müxtəlif tərəflərindən çoxsaylı reaksiyalara məruz qalırdı. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının son iki ildə yenidən beynəlxalq ictimaiyyətin tam diqqətinə çatdırılması baxımından və xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin 21 ildən bəri heç bir irəliləyiş əldə etməməsinin əksinə olaraq, bu,  Azərbaycanın xeyrinə xidmət edirdi.Əslində, bu təşəbbüs davam edən ədalətsizlik barəsində beynəlxalq məlumatlılığı artırdı və sonda çox illərdən sonra “dondurulmuş müharibə”  olmamasına aydınlıq gətirdi.  Bundan əlavə,  bu  qətnamə sayəsində beynəlxalq ictimaiyyət və xüsusilə Avropa ictimaiyyəti başa düşdü ki, təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycanın digər yeddi rayonu Ermənistanın əsassız və qeyri-qanuni silahlı işğalından əziyyət çəkir. Bu qələbə Azərbaycan üçün yeni ümid olacaqdı və  işğal altında olan bütün ərazilərinin azad edilməsinə öz töhfəsini verəcəkdi!

Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı. Öz Liderinin, öz Ordusunun gücü, xalqın sarsılmaz birliyi sayəsində zəfər əldə etdi. Qəhrəman əsgərlərimizin şücaəti, fədakarlığı nəticəsində biz torpaqlarımızı işğaldan azad etdik.

Mustafa KAMAL,

“Respublika”.