Diqqət və ehtiramın nümunəsi
Region

Diqqət və ehtiramın nümunəsi

Şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında qanını, canını verib Qarabağı azad edib, düşməni torpaqlarımızdan qovub, həm də  xalqımızın hərb və qürur tarixini  yazıb. Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuran oğullar qəhrəmanlıq dastanı yaratdılar, torpağımıza göz dikən düşməni əzib keçdilər.

Böyük Zəfərə aparan yol məhz ötən ilin sentyabrında başlayıb. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Tarixi qələbə ilə başa çatan Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə son qoydu.

Bu ay Vətən müharibəsinin başlanmasının  bir ili tamam olur. Şəhid və qazi ailələrinə həmişə diqqət və qayğı göstərən Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri ilə görüşlər davam etdirilir. Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının əməkdaşları və İkinci Qarabağ müharibəsi qazisi Elşad Heydərovla birgə Xocavənd kəndində şəhid Mirağa Əliyevin, Avşar  kəndində Azad Tapdıqovun, Qaravəlli kəndində Xəzər Bayramovun, Qiyaməddinli kəndində Məhəbbət Quliyevin, Hüsülü kəndində Fəryad Xəlilovun evlərində olub, valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıblar.

Torpaqlarımızın işğaldan azad edilməsində öz canlarından keçən şəhidlərə dövlət səviyyəsində olan diqqətdən ətraflı  söz açılıb,  ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də şəhid ailələrinin problem və qayğılarının ən ümdə məsələ olduğu vurğulanıb. Övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən qayğıya görə ölkə rəhbərinə, Qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncama əsasən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.

Salman ALIOĞLU,

“Respublika”.