Diqqət və qayğı borcumuzdur
Region

Diqqət və qayğı borcumuzdur

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin ailələri davamlı ziyarət edilir, onların gündəlik problemləri diqqətdə saxlanılıb, vaxtında həll olunması ənənə halını alıb.

Cəlilabad Rayon İcra hakimiyyətinin başçısı Rafiq Cəlilov, RİH aparatının məsul əməkdaşları, Birinci Qarabağ müharibəsi şəhidi Rzayev Nəsib Əmən oğlunun anası, birinci qrup gözdən əlil Böyükxanım Rzayevanı və Vətən müharibəsi şəhidi Tacir Eminovun ailə üzvlərini evlərində ziyarət etdilər.

Rafiq Cəlilov şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlığını bildirdi və qeyd etdi ki, şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi, Vətənə sonsuz məhəbbətin nümunəsidir. Rayon rəhbəri şəhidlərimizin ailə üzvləri ilə söhbət aparıb, onları narahat edən problemlərlə tanış oldu. Bildirdi ki, Vətən uğrunda canını fəda edən qəhrəmanlarımız əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq. R.Cəlilov qeyd etdi ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həllinə nail olunmasıdır.

Ailə üzvləri şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri medallar barədə məlumat verib, onların özünəməxsus xüsusiyyətlərindən danışıb xatirələrini bölüşdülər. Dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olduqlarını bildirib, göstərilən bu diqqətə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Ərəstun ABDULOV,

"Respublika".