Diqqət və qayğının ifadəsi
Sosial həyat

Diqqət və qayğının ifadəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə 50 mənzil təqdim edildi. Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və millət vəkili Şahin Seyidzadə iştirak ediblər.

 Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, V.Behbudov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində hər gün yeni qələbələrlə qəhrəmanlıq tarixi yazırdı. 2020-ci ilin 20 oktyabrında şanlı Ordumuz daha bir tarixi qələbəyə imza atdı - Zəngilan şəhərini Ermənistanın işğalından azad etdi. Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı genişmiqyaslı dəstək tədbirləri həyata keçirilir. Bu gün, Zəngilan şəhərinin azad edilməsinin birinci ildönümü olan bu əlamətdar gündə də həmin tədbirlər daha bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillərin verilməsi ilə davam edir.

 Qeyd olunub ki, Vətən müharibəsi qəhrəmanları və ya onlardan şəhid olanların ailələrinin, həmçinin gözdən əlilliyi olan şəxslərin, dövlət uşaq müəssisələri məzunlarının da mənzillə təminatı işləri aparılır.

 Ş.Seyidzadə postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərinin, onların mənzil təminatı prosesinin bu kateqoriyalardan olan vətəndaşlara diqqət və qayğının əyani təzahürü olduğunu vurğulayıb.

 Mənzillərlə təmin olunan vətəndaşlar Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə və həssas kateqoriyalardan olan digər şəxslərə xüsusi qayğısından razılıqlarını qeyd ediblər. Daima dəstəklə əhatə olunduqlarına, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Mustafa KAMAL,

"Respublika".