Doğma Laçından dünyaya mesaj: Biz bu torpaqlarda əbədi yaşayacağıq!
Siyasət

Doğma Laçından dünyaya mesaj: Biz bu torpaqlarda əbədi yaşayacağıq!

"Onu da bildirməliyəm ki, 26 avqust tarixində Laçın şəhəri ilə birlikdə Zabux və Sus kəndləri də işğalçılardan azad edilmişdir. Yəni bütün bu tarixi biz heç vaxt unutmamalıyıq. Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq...".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçına səfəri zamanı çıxışında bildirib. Laçın şəhərinin azad edilməsinin tarixi hadisə olduğunu, onun həmişə tarixdə qalacağını vurğulayan dövlət başçısı çıxışında ermənilərə, dünya ictimaiyyətinə müəyyən mesajlar da ünvanlayıb...

İstənilən dövlətin öz ərazisində hərbi əməliyyat keçirməsi, yaxud cinayətkarları zərərsizləşdirməsi müstəsna hüququdur. Bu beynəlxalq hüquqda və konvensiyalarda da təsbit edilib. Çünki belə olmasa həmin cinayətkarlar həm regional, həm də qlobal miqyasda təhlükə mənbəyinə çevrilə bilər.

 Elə Silahlı Qüvvələrimizin avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi "Qisas" əməliyyatı da bu məqsədə xidmət edirdi. Yəni 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən erməni silahlı qüvvələri Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq ərazini tərk etməli idilər. Ancaq bu, baş vermədi. Bununla da üçtərəfli razılaşmanın şərti pozulmuş oldu.

Maraqlı burasıdır ki, ermənilər həmin ərazilərdəki silahlı qüvvələri "özünümüdafiə qüvvəsi", yaxud "könüllülərdən ibarət dəstə" adlandırırlar. Halbuki üçtərəfli Bəyanatda ermənilərin "özünümüdafiə" adlı hər hansı bir "dəstəsi"nin olmasına və ya yaranmasına dair bir işarə belə yoxdur. Onda bu qanunsuz dəstələr Azərbaycanın ərazisində niyə qalır?

Onların necə adlandırılmasından asılı olmayaraq bu, Azərbaycan ərazisində qanunsuz silahlı birləşmə saxlamaq cəhdidir. Eyni zamanda, rəsmi İrəvanın imzaladığı kapitulyasiya  aktının şərtlərinə əməl etməməsidir.

Başqa bir məqama da diqqət edək. Avqustun 2-də minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bir nəfərin sağ ayağı amputasiya olunub. Ötən il noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs olmaqla Azərbaycanın 39 vətəndaşı  həyatını itirib, 117 hərbi qulluqçu, 67 mülki şəxs olmaqla 184 vətəndaş isə yaralanıb. Həmin minaları Ermənistan silahlı qüvvələrinin və ya havadarlarının vaxtilə basdırdığı ehtimalı daha çoxdur. Ancaq ərazidə hazırda yerləşən qanunsuz silahlı dəstələrin və ya Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini yenidən minalamadıqlarına isə heç kim zəmanət verə bilməz. Sentyabrın 12-si və 13-də Ermənistanın Azərbaycanla sərhəd rayonlarında törətdiyi təxribat bu ehtimalı təsdiqləmiş oldu. Belə ki, Ermənistanın diversiya qrupları həmin əraziləri minalamış, onların bu təxribatlarına  qarşı Ordumuz cavab tədbirləri görmüşdür. Göründüyü kimi, ermənilər öz çirkin əməllərindən əl çəkmirlər.

Laçının tam nəzarətə götürülməsilə Azərbaycanın ərazi bütövlüyünün, həmin ərazilərdə suverenliyimizin tam bərpası təmin edildi: "Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır", - deyən Azərbaycan Prezidenti bununla həm də bütün dünyaya Azərbaycanın bir qarış torpağından vaz keçməyəcəyini nümayiş etdirdi.

Ermənilər uzun illərdən bəri işğal altında olan ərazilərimizdə məscid, dini, tarixi, mədəni abidələri məhv ediblər. Təbii ki, bu, onların mənəvi dəyərlərə olan nifrətindən irəli gəlir. Ermənistan hər zaman Azərbaycana qarşı hərbi təcavüz, işğal siyasəti yürüdüb. İşğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi və s. bu siyasətin tərkib hissəsi olub. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılıb. O cümlədən Laçında 8 məscid dağıdılaraq yararsız hala salınıb.

Həmin ərazilərdəki abidələrin çoxunu erməniləşdirərək dünyaya özlərininki kimi təqdim edən işğalçı ölkə Alban tarixinə aid olan abidələri də mənimsəyib. Laçın rayonunun Mirik, Hüsülü, Kosalar kəndindəki abidələrin də formaları dəyişdirilərək erməniləşdirilib.

Prezident İlham Əliyev Laçındakı çıxışında Laçın şəhərinin də işğal altında olmuş digər yaşayış məntəqələri kimi vandalizmə məruz qaldığını, onun izlərinin hər bir şəhər və kənddə olduğunu, burada qanunsuz məskunlaşma aparıldığını bildirmişdir. Bütün bunlara isə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrlərinin göz yumduqlarını, sanki bununla razılaşdıqlarını qeyd edən dövlət başçısı: "İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək. Artıq buna hazırlıq işləri görülür" - deməklə Azərbaycan xalqının bununla heç vaxt barışmayacağını, bizim torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bir daha ermənilərin, onların havadarlarının diqqətinə çatdırdı.

Azərbaycan Prezidenti Laçın torpağında görülən işlərdən də qürurla söz açdı. Bildirdi ki, Murov dağından Laçın şəhərinə 12 tunel çəkilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü - Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verilib. Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə bərabər, Qubadlı-Laçın avtomobil yolu da çəkilib istifadəyə veriləcək. Yol dördzolaqlı olacaq. Artıq inşa edilən Güləbird Su Elektrik Stansiyası ətraf ərazidə elektrik enerjisinin bərpasını təmin edəcək.

1980-ci illərdə tərtib edilmiş şəhərin Baş Planı da indi təhlil edilir. Bu isə əlavələr olunmaqla Laçın şəhərinin bərpasına imkan verəcək. Dövlət başçısı laçınlıların birinci qrupunun 2023-cü ilin sonuna qədər qayıda biləcəklərinə ümidvar olduğunu da bəyan etdi: "İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir" - deyən dövlət başçısı dünyaya daha bir mesaj göndərdi: işğaldan azad olunmuş bütün ərazilər bərpa ediləcək, qurulacaq, orada həyat başlayacaq. Və bu yerlərdə Azərbaycan xalqı əbədi yaşayacaqdır!..

Zümrüd QURBANQIZI,

"Respublika".