Doğma yurd yerlərinə qayıtmağa hazırlaşırıq
Region

Doğma yurd yerlərinə qayıtmağa hazırlaşırıq

Müharibə qurtarıb. Ermənistan məğlub olub. Şəhidlər və qazilərimizin qanı bahasına torpaqlarımız işğalçılardan təmizlənib. Ermənilərin uydurduğu “Dağlıq Qarabağ” münaqişəsi keçmişdə qalıb, status gorbagor olub. Vaxtilə Qarabağa köçürülən ermənilər Xankəndidə, Ağdərədə, Xocavənddə məskunlaşıblar, onlar bu yerlərin daimi sakinləri olmayıblar. Gəlmədirlər. Tarixi sənədlər ortadadır. Gəlmə ermənilər öz havadarlarına arxalanaraq 1988-ci ildə keçmiş Dağlıq Qarabağda dinc həyatı pozaraq Xankəndidən və digər ərazilərdən azərbaycanlıları qovublar.

Onları azərbaycanlılara qarşı təcavüzə, hərbi münaqişəyə, müharibəyə və soyqırıma təhrik edənlər Qalina Starovoytova, Yelena Bonner, Silva Kaputikyan, Zori Balayan, “Krunk” təşkilatı və onun silahlı caniləri Robert Köçəryan, Serj Sərkisyan və digər terrorçular olub. Ermənilərin “Qarabağın Ana Vətənə birləşməsi məsələsi” birinci Qarabağ müharibəsinin başlanmasına səbəb olub. Xarici muzdluların, keçmiş 366-cı alayın və digər silahlı qüvvələrin hesabına Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edən ermənilər 30 ildə həmin əraziləri xarabalığa çeviriblər.

Yaxşı bir Azərbaycan məsəli var: tülkü şirin kölgəsində dayananda elə sanır ki, öz kölgəsidir. Birinci Qarabağ müharibəsindən sonra Ermənistan özünün yenilməzliyi haqqında mif yaratdı. O vaxt Ermənistanın Azərbaycan üzərində əldə etdiyi qələbə də Sovet və Rusiya hərbi yardımının oynadığı önəmli rol haqqında isə bir kəlmə də demirdilər. Sabun köpüyünə oxşayan həmin mifi 44 gün ərzində şanlı Azərbaycan ordusu məhv etdi.

Ötən ilin sentyabr ayının axırlarında düşmənin hərbi təxribatlarına layiqincə cavab verən və 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Düşmən ölkənin baş naziri kapitulyasiya aktına qol çəkib. Buna baxmayaraq, ermənilər reallıqdan uzaq, xəyali bir aləmdə hələ də vurnuxurlar.

Hərbi mütəxəssislərin qənaətinə görə 1994-2020-ci illərdə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon dünyanın ən çox minalanmış bölgəsidir. Erməni faşistləri minaları torpaqlarımıza toxum kimi səpiblər. Müharibədən səkkiz ay vaxt keçməsinə baxmayaraq Azərbaycan mina təhlükəsi ilə üz-üzə qalıb. Yurd yerləri azad edilən məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlər, lakin Ermənistan buna ciddi şəkildə mane olmağa çalışır. Minalanmış ərazilərin xəritəsini vermək istəmir. Azərbaycan özünün humanistliyinə sadiq qalaraq 15 erməni terrorçusunu Ağdamdakı 97 min, digər 15 ermənini isə Füzuli və Zəngilan rayonlarını əhatə edən 92 min minanın basdırıldığı ərazilərin xəritəsi ilə dəyişdirib.

Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin açılış mərasimində bildirib ki, tədbirin bir il öncə Ermənistan tərəfinin Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf etməsi heç də təsadüfi deyil. Münaqişənin keçmişdə qaldığını qeyd edən Hikmət Hacıyev sonra bildirib ki, Azərbaycan qarşısında duran əsas vəzifələr, xüsusilə də azad edilmiş ərazilərin yenidən qurulması prosesi, bu ərazilərin minalardan təmizlənməsi və beləliklə də məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünün təmin edilməsidir.

Bəli, məcburi köçkünlər məhz həmin möhtəşəm günləri gözləyir. Ağdamda, Füzulidə, Xocavənddə həmsöhbət olduğum məcburi köçkünlər bir ağızdan bildirirlər ki, Qalib Ali Baş Komandanımız Ermənistan adlı dövlətin 30 ildə yaratdığı mifi cəmi 44 günə yerlə-yeksan etdi, işğal altında qalan torpaqlarımızın böyük əksəriyyətini müzəffər Azərbaycan ordusu zəfərlə azad edib. Xalq — İlham Əliyev birliyinin sarsılmazlığı qarşısında Ermənistan və onun havadarları tab gətirə bilmədilər. Məcburi köçkünlərin həyatında yeni dövr başlayır, yurd yerlərinə qayıdışı gözləyirik.

Vətən müharibəsi milli qürur məsələsi idi. Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin bütün müsahibələrində bu fikir qırmızı xətt kimi keçib. İnformasiya müharibəsində də ən dəqiq zərbələri Prezident vurub və onun dəmir məntiqi qarşısında erməni havadarları susmağa məcbur olurlar.

20 mart 2021-ci ildə Şuşada, məşhur Cıdır düzündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən, gənclər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi.

Süni şəkildə yaradılan maneələr məcburi köçkünlərin qayıdışına əngəl ola bilməyəcək. Biz öz doğma yurdumuza qayıtmağa hazırlaşırıq!

Salman ALIOĞLU,

“Respublika”.