“Doğma yurda fermer kimi dönəcəm”
Sosial həyat

“Doğma yurda fermer kimi dönəcəm”

Pambıq yığımının qızğın çağıdır. Fermerlər əlverişli hava şəraitindən mümkün qədər istifadə edib zəhmət bahasına başa gələn məhsulu qısa müddətdə toplamağa çalışırlar.

Bu ildən pambığın alış qiymətinin hər tona 50 manat olmaqla artırılması “ağ qızıl” istehsalçılarına əsl əmək sevinci, demək mümkünsə, yeni impuls bəxş etmişdir. Fermerlər pambıqçı əməyini daima yüksək qiymətləndirən, strateji əhəmiyyət kəsb edən bu vacib sahəyə müntəzəm olaraq  qayğı və diqqət göstərən ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirir,  yüksək məhsuldarlıq uğrunda qüvvə və bacarıq sərf edirlər.  Müvəqqəti olaraq Biləsuvar rayonu ərazisində məskunlaşan Cəbrayıl rayonunun fermerləri cari ildə öz istifadələrinə verilən torpaqlarda bol məhsul yetişdirmişlər. Pambıq yığımının gedişi barədə maraqlandıqda, Cəbrayil rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov dedi:

-Mümkünsə, fermer Aybəniz Quliyeva ilə əlaqə saxlayın. Onun becərdiyi əkin sahələrində yığım mütəşəkkil  aparılır. Məhsul hələlik əllə yığılır, yaxın günlərdə sahələrə kombayn çıxarılacaq. Tarladan yüksək məhsuldarlıq gözlənilir.

Aybəniz Əbil qızı Quliyeva Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Biləsuvar rayonu ərazisində cəbrayıllılar üçün salınan 9 saylı qəsəbədə yaşayır. Bir neçə idlir ki, fermer fəaliyyəti ilə məşğul olur. Aybəniz xanım deyir:

-  Mənə məxsus sahələrdə həmişə taxıl əkirdim, məhsuldarlıq da pis olmurdu. Pambıqçı əməyinə dövlət tərəfindən göstərilən qayğı məni ruhlandırdı. Bu il əlavə  sahələr icarəyə götürərək 3 hektarda  ilk dəfə pambıq əkmişəm. Pambıq bitkisi barədə ümumi məlumatım var idi, buna baxmayaraq cəhd elədim. Peşman deyiləm, bütün aqrotexniki qaydalara əməl olunub, kultivasiya, ketmənləmə, gübrələmə, dərmanlama  işləri vaxtında aparılıb, yüksək məhsul gözləyirəm.

Aybəniz xanım pambığın əkilib-becərilməsində sahələrin optimal müddətdə suvarılmasının vacib şərt olduğunu deyir:

-Bizim sahələr suvarma suyunu Araz çayından götürür. Çayda suyun səviyyəsi aşağı düşdüyündən suvarmada problemlər yaranır. Buna baxmayaraq bu işdə bizə rayon Suvarma Sistemləri İdarəsinin kollektivi köməklik göstərdi. Texnika, gübrə,  dərman preparatları sarıdan da vaxtında təmin olunduq.

Fermer pambığın alış qiymətinin artırılmasından razılıq edir:

- Bu xəbər bizə sözün əsl mənasında ruh yüksəkliyi bəxş edib. Gələn il əkin sahələrini genişləndirib, ən azı 5 hektar sahədə pambıq əkməyi planlaşdırıram. Aybəniz xanım əlavə edir:

- Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti, şanlı Ordumuzun döyüş qabiliyyəti sayəsində Cəbrayıl rayonu, o cümlədən doğma kəndim Horovlu düşmən tapdağından azad olunub. Biləsuvar rayonu ərazisində qaçqınlıq dövrü qazandığım təcrübə tezliklə kara gələcək, Horovluya  fermer kimi dönəcəm.

Tofiq HÜSEYN,

“Respublika”.