Doğma yurda qayıtmaq hər kəsin arzusudur
Digər xəbərlər

Doğma yurda qayıtmaq hər kəsin arzusudur

Kim bilər mənim nələr çəkdiyimi?! Gecə səhərə kimi gözüm göy üzünə zillənir, bu illər ərzində ulduzları saymaqdan yorulmuşam, yenə də dan yeri qızarır, hələ də xəyallar məni rahat buraxmır, Günəş şüaları məni diksindirib xatirələrdən oyadır. Yurd həsrətini yurd itirənlər yaxşı bilir, yurdsuzluq insanı şahmar ilan kimi çalır, bu ağır faciə adamı dərin bir uçuruma yuvarlayır, köklü ağac kimi qopuruq yerimizdən, yaralı xatirələr bizi rahat buraxmır. Qərbi Azərbaycandan olan insanlarla görüşlərdə dilə gətirilən bu sətirlər ürək göynədir, dərdin, kədərin, həsrətin odu adamı yandırır. Doğma ev, ocaq həsrəti bəzən adamları körpə uşaq kimi ağladır, göz yaşları içərisində dədə-baba yurdlarından söz açırlar. Keçmiş zamanda danışmırlar, orada yaşayırlarmış, sanki öz ocaqlarının başındaymış kimi söhbət edirlər.

1989-cu ilin sentyabrında Qərbi Azərbaycanın Gorus rayonundakı Qurdqulaq kəndindən ermənilərin ölüm təhdidləri ilə çıxarılan sonuncu azərbaycanlılardan biri olan Fazil Ağayev deyir:

- Gorus deyiləndə, babam Ağalar bəy, Qaçaq Nəbinin Həcərini evində dəfələrlə qonaq edən nənəm Zinyət xanım gözümün önünə gəlir. Saf suyu, təmiz havası, bir-birindən dadlı meyvələri olan doğma yurdumuzu - Qurdqulaq kəndini tez-tez yuxularımda görürəm.

Erməni təcavüzü, etnik təmizləmə, deportasiya ilə üzləşən Fazil kişi deyir ki, 1918-ci ildə Gorusda azərbaycanlıların yaşadığı 45 kəndin olduğunu ata-babalarından eşidib. 1920-ci illərdən başlayaraq həmin kəndlərin adlarının erməniləşdirildiyini, bir hissəsinin ləğv edildiyini, 1988-ci ildə isə azərbaycanlıların yaşadığı cəmi 5 kəndin qaldığını bildirir. Ermənistan adlandırılan ərazilərdə soydaşlarımız yaşayan Ağbulaq, Şamsız, Qurdqulaq, Şahverdilər kəndləri daşnak hücumları qarşısında sonuncu qala kimi qalmışdı. Azərbaycanlı əhalinin işləmək hüququna hər vasitə ilə mane olan, ermənilərin dövlət siyasətinə çevirdikləri diskriminasiya 1988-ci ildə ən yüksək səviyyəyə çatdı. Daşnak ermənilər öz havadarlarına arxalanaraq yerli azərbaycanlıları mənsub olduqları yurd yerlərindən qovmağa başladılar, öz evini tərk etmək istəməyən adamları silah gücünə, ölüm təhdidi ilə qovdular. Bəzi adamları isə qətlə yetirdilər.

1988-ci il fevral ayının əvvəlindən başlayaraq Gorusda azərbaycanlılara qarşı fiziki və mənəvi təzyiqin ardı-arası kəsilmədi. Ermənilər kütləvi şəkildə azərbaycanlılara qarşı silahlı hücumlar edir, əhalini qorxu altında saxlayır, terror hadisələri törədirdilər. Belə hücumlardan birində kənd sakini İmran Mirmusayev ağır yaralandı, həmkəndliləri onu çətinliklə Azərbaycana keçirərək ölümdən xilas etdilər. Bir il bu şəraitdə yaşadıq və ən pisi o idi ki, gedib həmin dövrdə Bakıdakı dövlət orqanlarında dərdimizi deyən adamları təxribatçılıqda günahlandırır, "xalqlar dostluğu"na kölgə salmaqda qınayırdılar. Qərbi azərbaycanlıların qayıdacağı ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyevin verdiyi bəyanatlar  ümidlərimizi artırıb, inanıram ki, biz doğma yurd yerlərimizə qovuşacağıq.

Qeyd edək ki, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı məsələsi dövlət səviyyəsində gündəmə gətirilib. Ermənistanın törətdiyi deportasiyanın ağır nəticələrinin aradan qaldırılması üçün və problemin həlli ilə bağlı xüsusi işçi qrupu yaradılıb, vahid konsepsiya üzərində işə başlanılıb. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi azərbaycanlıların hüquqları təmin olunsun. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq deyib: "Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq".

Həmin görüşdə  dövlətimizin başçısı Ermənistanda etnik təmizləməyə işarə edərək bildirib ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.

Həmsöhbətim Fazil Ağayev bildirir ki, azərbaycanlıların Qərbi Azərbaycana qayıdacağı ilə bağlı Prezident İlham Əliyevin sözlərinin təsdiqini tapacağına inanırıq. Dövlətimizin başçısı dediyi sözlərin hamısına əməl edib, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, o yerlərdə həyata keçirilən çox böyük işlər bizi ürəkdən sevindirir. Həmyerlilərimlə birlikdə inanırıq ki, biz doğma yurd yerlərimizə qayıdacağıq, bu, hər kəsin arzusudur.

S.BABAYEV,

"Respublika".