Doğma yurddan gələn hər xoş xəbər sevinc hissi yaradır
Region

Doğma yurddan gələn hər xoş xəbər sevinc hissi yaradır

Artıq iki ildən çoxdur ki, işğaldan azad olunmuş Cəbrayıl rayonundan hər gün xoş xəbərlər eşidilir və eşidilən hər xəbər böyük coşqu ilə qarşılanır. Rayonun Şükürbəyli kəndində quruculuq işlərinə start verilir, Mahmudlu dəmiryolu stansiyasına qatarlar işləyir, rayon ərazisində yeni xəstəxana, yeni məktəb binasının tikintisinə başlanılır, rayon ərazisindəki torpaqlarda əkin-biçin, suvarma məsələləri müzakirə olunur, bir sözlə, doğma yurda qayıdış hadisəsi zaman etibarilə Cəbrayıl sakinləri üçün günbəgün yaxınlaşmaqdadır.

Erməni vandalları tərəfindən işğal olunduqdan sonra cəbrayıllılar respublikamızın 50-dən artıq yaşayış məntəqəsində məskunlaşmalı oldular. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov kənd və şəhərlərdə əhali ilə keçirdiyi səyyar görüşlərdə Cəbrayıl rayonunda aparılan quruculuq işləri barədə həmyerlilərinə ətraflı məlumat verir, qayıdış ərəfəsində qarşıda duran vəzifələrdən söz açır. Bu günlərdə Bakı şəhəri, Xətai rayonu, NZS adlanan qəsəbədə yerləşən 23 saylı tam orta məktəbdə növbəti səyyar görüş-qəbul keçirildi. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və rayon sakinlərinin bir qrupu iştirak etdi.

Rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr və rayonda aparılan quruculuq işləri barədə sakinlərə məlumat verdi.

Qəbulda iştirak edən sakinlərin qaldırdıqları problemlər barədə fikir mübadiləsi aparıldı, onların bir qismi operativ şəkildə həllini tapdı. Səyyar qəbulu razılıqla qarşılayan sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

"Respublika".