Doğmalarını həsrətlə gözləyən məmləkətim, Qərbi Azərbaycanım
Tarix

Doğmalarını həsrətlə gözləyən məmləkətim, Qərbi Azərbaycanım

Ölkə başçımızın rəhbərliyi ilə məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada həyata keçirilməsi nəzərdə tutulan bütün işlərin əsasında Qərbi azərbaycanlıların öz doğma yurd yerlərinə qayıtması, soydaşlarımızın hüquqlarının bərpa olunması dayanır.

Azərbaycan torpaqlarında məskunlaşan, bu torpaqlarda özünə dövlət quran ermənilər hər zaman xalqımıza nifrət bəsləmiş, tarixin müxtəlif dövrlərində kin-küdurətlərini açıq şəkildə büruzə verərək hərbi cinayətlər törətmiş, onları min illər boyu yaşadıqları yurd yerlərindən zorla qovub çıxarmış, var-dövlətinə, ev-eşiyinə sahiblənmişlər. Azərbaycanlıların doğma yurd yerlərindən deportasiyası son iki yüz il ərzində dəfələrlə təkrarlanmış, erməni millətçiləri ardıcıl olaraq xalqımıza qarşı soyqırımı, etnik təmizləmə, tarixi-mədəni irsinin məhv edilməsi siyasəti həyata keçirmişlər.

Əcdadlarımızın əsrlər boyu yaşadıqları qədim yurd yerlərini öz adlarına çıxaran, Qərbi Azərbaycan torpaqlarını zəbt edən, öz qonşusu ilə dinc yanaşı yaşamaq istəməyən işğalçı ölkəni artıq bütün dünya tanıyır.

Xalqının mənafeyini hər şeydən üstün tutan, onun tarixinə, keçmişinə böyük həssaslıqla yanaşan Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursunun əsasında Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin qorunması, ərazi bütövlüyünün toxunulmazlığı və xalqımızın qədim tarixinin, irsinin mühafizəsi dayanır. Ölkə başçısının bu istiqamətdə atdığı addımlar, verdiyi qərarlar, əməli işlər xalqımızın əsrlərə söykənən ulu keçmişinin, tarixi həqiqətlərin təhrif olunmadan, doğru-düzgün şəkildə bütün dünyaya çatdırılmasına xidmət edir.

İkinci Qarabağ müharibəsindən sonra, postmüharibə dövründə işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdışın mümkün olduğu qədər tez bir zamanda reallaşdırılması, elindən-obasından didərgin düşmüş soydaşlarımızın doğma yurd yerlərinə qaytarılması istiqamətində təxirəsalınmaz, genişmiqyaslı işlərə başlandı. Görülən işlər arasında Ermənistanın ərazilərimizin 20 faizdən çox hissəsini işğal etməsi nəticəsində 1989-cu ildə yaradılmış Azərbaycan Qaçqınlar Cəmiyyətinin fəaliyyət istiqamətində müəyyən dəyişikliklərin edilməsi zərurəti yarandı. İlk növbədə, ötən il avqust ayının 3-də 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş vətəndaşlarımızın problemləri ilə məşğul olan qurumun adı dəyişdirilərək Qərbi Azərbaycaycan İcması adlandırıldı və icmanın yeni nizamnaməsi təsdiq edildi. Həmçinin icmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradıldı. Vaxtilə Qərbi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən iki əsrdən artıq bir zaman çərçivəsində didərgin salınmış Qərbi azərbaycanlılar haqqında tarixi faktların araşdırılması, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailəyə dəymiş ziyanın hesablanması, onların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması qurumun fəaliyyətinin əsas istiqaməti olaraq müəyyənləşdirildi. Eyni zamanda, Qərbi Azərbaycanda vaxtilə mövcud olmuş, ermənilər tərəfindən dəyişdirilmiş yer adlarının etimologiyasının, xalqımızın mədəniyyətinin, folklorunun sistemli şəkildə öyrənilməsi, milli-mənəvi dəyərlərinə sahib çıxılması mühüm vəzifə olaraq qarşıya qoyuldu.

Ötən il dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı bu barədə demişdir: "...Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır... Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın bir qrupu ilə görüşü zamanı ölkə başçımız Azərbaycan dövlətinin dəstəyi ilə Qərbi Azərbaycan İcmasının mütəşəkkil formada, bir neçə istiqamət üzrə fəaliyyət göstərməsinin zəruriliyini qeyd etmiş, Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar, XX əsrdə xalqımızın düçar olduğu əzab-əziyyətlər haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməsinin önəmini vurğulamışdır. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün icmanın beynəlxalq müstəvidə fəaliyyətinin əhəmiyyətindən danışan dövlət rəhbəri bu istiqamətdə sərgilərin, təqdimatların, beynəlxalq konfransların, o cümlədən xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyaların keçirilməsinin, xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmasların qurulmasının vacibliyini nəzərə çatdırmışdır.

Qərbi Azərbaycan icmasının üzvləri ilə səmimi söhbətində Azərbaycan Prezidenti Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının sülh yolu ilə bərpa olunması istiqamətində icmanın böyük rol oynayacağına əminliyini ifadə etmiş və bildirmişdir ki, icmanın bütövlükdə tarixi həqiqətlərin, o cümlədən ermənilər tərəfindən dağıdılan mədəniyyət abidələrinin, sarayların, məscidlərin, xalqımızın tarixi irsinin silinməsi ilə bağlı olan faktların öz əksini tapdığı rəqəmsal platforması olmalıdır. Dövlət rəhbəri, həmçinin tarixi həqiqətlərlə bağlı kitabların yenilənməsinin, bununla yanaşı tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitabların dövlət dəstəyi ilə böyük tirajla dərc olunmasının və bütün dillərə tərcümə edilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir. Prezident İlham Əliyev mütəmadi olaraq Bakıda dost ölkələrdən olan alimlərin, arxeoloqların, tarixçilərin iştirakı ilə Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransların keçiriləcəyini, bütün görüləcək işlərin fonunda isə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanacağını da diqqətə çatdırmışdır.

Mehparə ƏLİYEVA,

"Respublika".