“Doing Business 2020” hesabatının nəticələri ölkəmizin iqtisadi qüdrətini bir daha sübut edir
İQTİSADİYYAT

“Doing Business 2020” hesabatının nəticələri ölkəmizin iqtisadi qüdrətini bir daha sübut edir

Dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət göstərən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri olan Dünya Bankının əsası 1945-ci ildə qoyulmuşdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından hesab edilən, 190 üzv ölkəni özündə birləşdirən, 130 nümayəndəliyə sahib olan bank 1946-cı ildə fəaliyyətə başlayaraq inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir, inkişafla bağlı böyük əhəmiyyətli sahələrdə fəaliyyət göstərərək ölkələrin qarşılaşdığı problemlərin həlli yollarının tapılmasında, innovativ biliklərin tətbiqində, maliyyə və texniki dəstək təminatında yardımçı funksiya daşıyır.

İkinci Dünya müharibəsində zərərçəkmiş Avropa ölkələrinə yardım göstərmək məqsədilə yaradılmış təşkilat öz fəaliyyətini müəyyən missiyalar üzrə həyata keçirir ki,2030-cu ilədək dünya üzrə həddindən artıq yoxsul əhalini 3 faizə endirməklə ifrat yoxsulluğa son verilməsi və hər bir ölkənin əhalisinin ən yoxsul 40 faizinin gəlirlərini artırmaqla ümumi rifahın təmin edilməsi bu missiyanın əsasını təşkil edir. Öz işinə cəmi 38 üzv ölkə ilə başlayan təşkilatın üzvlərinin sayı 1950-1960-cı illərdə dünyada yeni dövlətlərin sayının artması ilə əhəmiyyətli dərəcədə çoxaldı. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentlik və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz kimi müxtəlif sahələrdə ixtisaslaşmış 5 agentlikdən ibarət olan Dünya Bankı fəaliyyəti dövründə 45 milyarddan artıq kredit və qrantlar ayırmış, 12000 layihə həyata keçirmişdir.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) üzv ölkələrə uyğun normalarla kredit verməklə yanaşı, kasıb ölkələrə də qrantlar ayırır. Xüsusi layihələr üçün ayrılmış kreditlər və qrantlar çox vaxt müəyyən sektorlarda və eləcə də iqtisadiyyatda yeni və daha böyük dəyişikliklərə imkan yaradır,sahilboyu ərazilərdə ekoloji sabitliyi qorumaq üçün ayrılmış kreditlər yeni ekoloji təşkilatların yaranması ilə bərabər, çirklənmənin qarşısını almaq üçün yeni üsulların tapılması ilə də nəticələnir.

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA) isə özəl sektora investisiya qoyaraq bu investisiyaların təminatçısı rolunu oynayır.

Fəaliyyəti inkişaf etməkdə olan ölkələrdə insani inkişafa,kənd təsərrüfatı və kəndlərin inkişafına, ətraf mühitin qorunmasına, infrastruktur və İdarəetmədə anti-korrupsiya, qanuni institutların inkişaf etdirilməsinə yönəldilən Dünya Bankı tərəfindən 2010-cu ildən başlayaraq Azərbaycanda 11 layihəyə imza atılmışdır ki,bunlardan kənd təsərrüfatı, su təchizatı, magistral yolların çəkilməsi, bərk məişət tullantılarının idarə edilməsi, məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi, həmçinin, “Cənub Qaz Dəhlizi” ilə bağlı layihələr mühüm əhəmiyyət kəsb edir.

Dünya Bankı Qrupu ilə möhkəm əlaqələr yaradan Azərbaycan qrupun bütün agentliklərinin - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq İnkişaf Assosiasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının, İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyin və İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzin üzvüdür.

Azərbaycanla  əməkdaşlığının 28 illik tarixi olan, müxtəlif proqramlar vasitəsilə həddindən artıq yoxsulluğa son qoymaq və qlobal miqyasda iqtisadi sabitlik yaratmaq səlahiyyətinə sahib olan Dünya Bankının 1996-cı ildə Azərbaycanda yerli nümayəndəliyi açılmış və dünyanın mühüm inkişaf institutu olan bank ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək vermişdir.

Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən, illik əsasda yayımlanan və hər il 31 oktyabr tarixində dərc olunan “Doing Business” müxtəlif ölkələrdə biznesin tənzimlənmə mühitini müəyyən zaman kəsiyində müqayisə etmək məqsədi ilə hərtərəfli məlumatlar toplayıb təhlil edərək ölkələri daha effektiv tənzimləmə istiqamətində rəqabətə təşviq edir. İslahatlar üçün meyarlar təklif edən, alimlər, özəl sektor nümayəndələri, jurnalistlər və bizneslə maraqlanan digər şəxslər üçün məlumat qaynağı rolunu oynayan “Doing Business” hesabatı ilk dəfə 2002-ci ildən hazırlanmağa başlanmış və ilk hesabat 2003-cü ildə dərc edilmişdir. “Doing Business”in ilk hesabatında 133 ölkə, 2017, 2018 və 2019-cu illərdə isə 190 ölkə qiymətləndirilmişdir. 2019 - cu ildə “Doing Business” hesabatında Azərbaycan dünyanın “Ən islahatçı on ölkəsi”ndən biri olaraq qiymətləndirilmişdir.

2020-ci il tarixində isə bir sıra üzv ölkələrin “Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırmalar aparılmışdır. Aparılan araşdırmalar nəticəsində Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir. Azərbaycanda “elektrik təchizatı şəbəkələrinə qoşulma”, “müqavilələrin icrası”, “sərhəddə ticarət” olmaqla - 3 istiqamətdə aparılmış islahatların indikatorları üzrə “Doing Business 2020” hesabatında daha az balla qiymətləndirildiyi məlum olmuşdur. Müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılmış, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 190 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. “Doing Business” hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.

Ölkə başçısı İlham Əliyev Azərbaycanın xarici borcu az olan dövlət olduğunu qeyd edərək deyib: “Azərbaycanın borcu ümumdaxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu sərmayə 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi isə 12 milyard ABŞ dollarıdır”.

Dünya Bankı tərəfindən hər il hazırlanan, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsi məqsədi daşıyan “Doing Business” hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Bu reytinq göstəricisində islahatçı ölkələr arasında 10-cu yerdə qərarlaşmaq sözsüz ki, ölkə iqtisadiyyatının inkişafı, ixrac potensialının sürətlə artması, yerli istehsalın güclənməsi, dinamik dəyişikliklər dayanıqlı inkişafı təmin etməyə yönəlmiş islahatların nəticəsidir. Ardıcıl və məqsədyönlü siyasət, xüsusilə sosial-iqtisadi sahədə icra edilən islahatların nəticələri isə beynəlxalq qurumların reytinqlərində də öz əksini tapır. Sosial-iqtisadi sahələrdə əldə edilən uğurlar, ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutları, reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

“Doing Business 2020” hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, sosialyönümlü tədbirlər, iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində atılan addımlar bu nəticələrin ilbəil yüksələcəyinə ümidləri artırmaqla bərabər, həm də ölkəmizin iqtisadi qüdrətini bir daha sübut edir.

Mehparə ƏLİYEVA,

“Respublika”.