DOST RƏQƏMSAL İNNOVASİYALAR MƏRKƏZİ 1 YAŞINDA!
Sosial həyat

DOST RƏQƏMSAL İNNOVASİYALAR MƏRKƏZİ 1 YAŞINDA!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, nazirliyin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının 17 dekabr 2021-ci il tarixli qərarı ilə təsis edilən Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasında məqsəd nazirlik və onun qurumları üzrə İKT, informasiya təhlükəsizliyi və layihələrin idarə edilməsi sahəsində işlərin operativ və sürətli şəkildə aparılması, rəqəmsallaşma proqramının genişləndirilməsi, rəqəmsal həllərin artırılması olub.

Qeyd olunur ki, son 1 ildə bu istiqamətdə mühüm addımlar atılıb, yeni elektron sistemlərin, e-xidmətlərin hazırlanaraq istifadəyə verilməsi təmin edilib. Hazırda nazirlik üzrə 175 xidmətdən 110-u elektron qaydada təqdim edilir, onlardan 46-sı isə proaktiv mexanizmlər əsasında həyata keçirilir. Təkcə bu ilin 11 ayında həmin e-xidmətlərə 9,5 milyon müraciət qeydə alınıb, 219 min pensiya, müavinət, təqaüd, 17,5 min birdəfəlik ödəmə təyinatı, 195 min fərdi şəxsi hesab açılması e-sistem üzərindən, proaktiv qaydada həyata keçirilib, 30 e-arayış xidməti vasitəsilə 500 mindən çox e-arayış verilib.

Mühüm sosial uğurlardan biri olan e-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. "Android" və "İOS" əməliyyat sistemlərində fəaliyyət göstərən e-sosial.az portalına bu il 10,6 milyon müraciət qeydə alınıb. Bu il nazirlik informasiya sistemlərinin "Hökumət buludu"na keçidi tam təmin edən ilk dövlət qurumu olub. Cari ilin may ayında isə əmək münasibətləri sahəsində bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini təmin edən "Əmək və Məşğulluq" altsistemi istifadəyə verilib. ƏMAS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin bu günlərdə təşkil etdiyi "IDDA Awards" müsabiqəsində "İlin Rəqəmsal Layihəsi" nominasiyasının qalibi olub.

Mustafa KAMAL,

"Respublika".