2 aprel 1992-ci ildə Azərbaycan və Çin arasında diplomatik əlaqələr qurulmuşdur
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu müstəqilliyi tanıyan ilk ölkələrdən biri Çin Xalq Respublikası olmuşdur. Dövlətlərimiz arasında diplomatik münasibətlər qurulandan sonra hər iki ölkə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirilməsinə, beynəlxalq və regional səviyyədə koordinasiyalı fəaliyyətin daha da gücləndirilməsinə böyük önəm verir.
Azərbaycan-Çin münasibətləri diplomatik əlaqələrin qurulmasından ötən 31 il ərzində, xüsusilə də son dövrdə görünməmiş səviyyədə inkişaf edib. Hər iki ölkə bir-birini özünün etibarlı dostu sayır, dövlətlərimiz arasında əlaqələr uğurla inkişaf edir və nəticələr göz qabağındadır. Dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və istər Azərbaycan, istərsə də Çin bir-birini suverenlik, ərazi bütövlüyü məsələlərində dəstəkləyir, regional və beynəlxalq müstəvidə mövqelərimiz üst-üstə düşür.
Ölkələrimiz demək olar ki, bütün sahələrdə olduqca yaxın əlaqələrə malikdir ki, bu da strateji siyasi, iqtisadi, ticarət, hərbi-texniki əməkdaşlığı əhatə edir. Bu əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfəri ilə qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin Çinə 2005, 2014, 2015 və 2019-cu illərdə səfərləri dövlətlərimiz arasında mövcud dostluq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə şərait yaradıb. Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində son illər ərzində yalnız müsbət dinamika müşahidə olunub. Ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük tərəfdaşıdır. Ölkəmiz Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurunu tətbiq edib, bu ölkənin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bütün bunlar, əlbəttə ki, Azərbaycan-Çin əməkdaşlığının əyani göstəricisidir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Azərbaycanın Çin Xalq Respublikası ilə birgə uğurlu fəaliyyətini də əlavə etsək, dövlətlərimiz arasında strateji əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu görmüş olarıq. Bu dostluq və əməkdaşlıq münasibətlərinə toxunan ölkə başçısı cənab İlham Əliyev demişdir: "Bu gün Azərbaycan-Çin əlaqələrinin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı məmnunluq doğurur. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirik".
Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin arasında son illərdə dəfələrlə baş tutmuş görüşlər zamanı Azərbaycan və Çin arasında siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlığın olması vurğulanır, qeyd olunur ki, hər iki ölkə "Bir kəmər, bir yol" layihəsinin inkişafı çərçivəsində öz fəaliyyətlərini birgə əlaqələndirir və mövcud imkanlardan faydalanmağın əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü ilk gündən dəstəkləyib. Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çin Xalq Respublikasından Avropaya və əks istiqamətdə yükdaşımaları üçün ən qısa nəqliyyat marşrutudur və Avrasiyaya inteqrasiya prosesində son dərəcə əhəmiyyətli rola malikdir. Bundan əlavə, iki ölkənin tarixi İpək yolu üzərində yerləşməsi Azərbaycana Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini uğurla həyata keçirən mərkəz ölkə olmaq imkanı açmışdır. Azərbaycan Prezidenti dəfələrlə bu layihələrin geosiyasi əhəmiyyətinə xüsusi diqqət çəkərək "Bir kəmər, bir yol" təşəbbüsünün əhatə etdiyi bütün ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına mühüm töhfə verə biləcəyini vurğulayıb. Eyni zamanda, bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəkləndirilməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir.
Xüsusilə vurğulanmalıdır ki, 2019-cu ilin aprel ayında Çinin paytaxtı Pekin şəhərində keçirilmiş "Bir kəmər, bir yol" üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu əlaqələrin inkişafı istiqamətində növbəti addımdır və aparılmış məhsuldar müzakirələr qarşıdakı dövrdə nəzərdə tutulan məqsədlərə öz müsbət təsirini göstərəcək. Məhz 2019-cu il aprelin 24-27-də keçirilmiş bu tədbir zamanı Si Cinpin Azərbaycan dövlət başçısı ilə söhbətində bildirmişdir: "Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram". Si Cinpinin bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinə, qlobal siyasətdə yerinə və roluna verilən önəmli dəyər, ölkə başçımıza olan inam və etimadın göstəricisidir.
Hamıya yaxşı bəllidir ki, çinlilər əsl və səmimi dostluğun qədrini yaxşı bilir, buna böyük dəyər verirlər. Müdrik Konfutsi demişdir ki, biz, hamını istəməliyik və yalnız insanpərvər olanlarla yaxından dostluq etməliyik. Təxminən 5 min il tarixə malik olan Çin sivilizasiyası bu gün öz müdriklərinin cızdığı prinsiplərdən kənara çıxmır. Çinlilər özləri də bunu tez-tez təkrar edirlər. Çünki məhz düşünməyi, maddi və mənəvi sərvət toplamağı, eləcə də yaratmağı yaxşı bacaran xalq əsl dosluğun nə olduğunu bilir. Bu, daim üzərində çalışan, öz zəngin mədəniyyətinə və tarixinə söykənən və bununla fəxr edən bir xalqın yaşam fəlsəfəsidir.
Son illərdə Azərbaycanın hərtərəfli inkişafı istiqamətində əldə etdiyi nailiyyətləri dost ölkə Çin həmişə təqdir edib. Çinli mütəxəssislər güclü iqtisadiyyatın üç əsas istiqamətini qeyd edirlər: investisiyalar, ixrac və istehlak. Azərbaycan milli iqtisadiyyatının inkişaf modelinin əsas təməl prinsipləri də məhz bundan ibarətdir. Həqiqətən də hər üç istiqamət - daxili və xarici investisiyaların yatırılması, ixracyönümlü istehsal sahələrinin daha da inkişaf etdirilməsi, habelə əhalinin istehlak qabiliyyətinin yüksəldilməsi - ölkə iqtisadiyyatının sürətli inkişafını və dayanıqlılığını şərtləndirən əsas amillərdəndir.
Güclü iqtisadiyyata, davamlı inkişaf tendensiyasına, əlverişli investisiya mühitinə malik Azərbaycana dünyanın önəmli qlobal güclərindən biri olan Çinin ən yüksək səviyyədə marağı tam məntiqəuyğundur. Odur ki, erməni işğalından azad edilmiş ərazilərimizdə dost ölkə olan Çinin "Huawey" şirkətinin mühüm layihələrin icrasında aparıcı rolu Azərbaycan tərəfinin ÇXR-lə strateji dostluq və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu göstərir.
Cari ilin yanvar ayında keçirilmiş növbəti Davos forumunda Azərbaycan-Çin əlaqələrinin gündəmdə olması iki ölkə arasında davamlı inkişaf edən münasibətlərin yüksək səviyyəyə qədəm qoymasının daha bir göstəricisidir. Prezident İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində ifadə olunan fikirlər Azərbaycanla Çin arasında dostluq, qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. "30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik", - deyə Prezident İlham Əliyev bildirib ki, indi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq.
Göründüyü kimi, bütün sahələrdə uğurlu inkişafa nail olmuş, öz doğma tarixi torpaqlarını 44 günlük Vətən müharibəsində işğaldan azad etmiş Azərbaycan qlobal güclərin, o cümlədən Çin Xalq Respublikasının diqqət mərkəzindədir. Hamı qüdrətli, güclü və qalib Azərbaycanla strateji əməkdaşlığı genişləndirməyə, inkişaf etdirməyə çalışır.
Tam əminliklə söyləyə bilərik ki, Çin və Azərbaycan xalqları arasında da Qədim İpək yolu tarixi qədər qədim dostluq münasibətləri təsadüfi deyil və bu gün hər iki dövlət başçılarının səyləri nəticəsində bu dostluq daha da inkişaf edir, yeni çalarlarla zənginləşir.
Emin QASIMOV,
"Respublika".