Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 13
Fərman

Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli 13

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət icbari şəxsi sığorta ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsi, bu sahədə dövlət informasiya ehtiyatları və sistemləri arasında müvafiq məlumat mübadiləsinin və şəffaflığın artırılması, müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Dövlət icbari şəxsi sığorta” altsistemi (bundan sonra – altsistem) yaradılsın.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik):

2.1. altsistemin formalaşdırılmasını 2022-ci il iyulun 1-dək təmin etsin;

2.2. bu Fərmanın 4-cü və 5-ci hissələrində nəzərdə tutulan dövlət orqanlarının altsistemə çıxışını təmin etsin;

2.3. altsistemə daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etsin.

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bu Fərmanın 6-cı hissəsi nəzərə alınmaqla), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi dövlət icbari şəxsi sığorta ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların altsistemə daxil olunmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyə olunsun ki, dövlət icbari şəxsi sığorta ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların altsistemə daxil edilməsini təmin etsinlər.

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə dövlət icbari şəxsi sığorta ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcıda Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etsinlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. dövlət icbari şəxsi sığorta sahəsində vahid qanun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445, № 6 (I kitab), maddə 566, № 10, maddə 1114) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

8.1. aşağıdakı məzmunda 2.1.6-1-ci və 2.3.6-1-ci yarımbəndlər əlavə edilsin:

“2.1.6-1. “Dövlət icbari şəxsi sığorta” altsistemi;”;

“2.3.6-1. “Dövlət icbari şəxsi sığorta” altsistemi vasitəsilə dövlət icbari şəxsi sığorta sahəsində xidmətlərin elektronlaşdırılması, sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi;”;

8.2. 2.7-ci bəndə “məlumatları” sözündən sonra “, o cümlədən həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı” sözləri əlavə edilsin;

8.3. aşağıdakı məzmunda 2.9-cu və 2.10-cu bəndlər əlavə edilsin:

“2.9. Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bu Əsasnamənin 2.10-cu bəndi nəzərə alınmaqla), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri dövlət icbari şəxsi sığorta ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatları “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil edirlər.

2.10. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə dövlət icbari şəxsi sığorta ilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcıda həmin Fonda təqdim edirlər.”.

9. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 447) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 1-ci hissədən birinci halda “şəxsi heyətinin” sözləri çıxarılsın və həmin hissədə “prokurorların” sözü “prokurorluq işçilərinin” sözləri ilə, “xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən” sözləri “diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən” sözləri ilə əvəz edilsin.

9.2. 2.4-cü bənddə “qaydasını” sözündən sonra “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla” sözləri əlavə edilsin;

9.3. 2.6.1-ci yarımbənddə “Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli sistem əhəmiyyətli banklarında” sözləri “təhlükəsizlik göstəriciləri üzrə meyarları bu Fərmanın 2.4-cü bəndində nəzərdə tutulmuş qayda ilə müəyyən edilmiş banklarda” sözləri ilə əvəz edilsin.

9.4. 3.2-ci bənd ləğv edilsin.

10. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 dekabr 2021-ci il