Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
Digər xəbərlər

Dövlət İmtahan Mərkəzində hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin və şəffaflığın artırılması üzrə ardıcıl tədbirlər görülüb. Həmçinin hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və çevik baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Bununla əlaqədar açıq müsabiqə elan olunaraq namizədlərin sənədlərinin qəbulu fasiləsiz xarakter alıb. Seçim prosesi zamanı hər cür şəffaf və əlverişli şəraitin yaradılması, sualların müasir texnologiyaların tətbiqi ilə fərdi qaydada, kompüter vasitəsilə cavablandırılması, nəticələrin dərhal elan edilməsi təmin olunub.

Ötən dövrdə yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə 1200-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim keçirilib. Bu çoxmərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 83 nəfər müxtəlif hakim vəzifələrinə təyin edilib. 210-dək hakimliyə namizəd isə seçim prosesinin müxtəlif mərhələsindədir. Onlardan 109 nəfəri test imtahanında müvəffəqiyyət qazanaraq müsabiqənin növbəti mərhələsinə - yazılı imtahana keçib. Sentyabrın 15-də Dövlət İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilib.

AZƏRTAC xəbər verir ki, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlis izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr elan olunacaq.

AZƏRTAC