Dövlət Komissiyası: 32 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib
Digər xəbərlər

Dövlət Komissiyası: 32 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

Azərbaycan 32 erməni hərbçisinin meyitini qarşı tərəfə təhvil verib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

"Məlum olduğu kimi, cari il sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilib. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

Həmçinin bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib. Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilib.

Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcək", - deyə Komissiyanın məlumatında bildirilib.

AZƏRTAC