Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
Sosial həyat

Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib

Aprelin 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitə sədri əvvəlcədən növbəlilik əsasında qəbula yazılan vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Müraciətlər əsasən vahid aylıq müavinətin təyin edilməsi, status, məşğulluq və işğaldan azad olunan ərazilərə qayıdış məsələləri ilə bağlı olub. Məlumat verilib ki, Prezident İlham Əliyev vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə diqqət göstərir, onların problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi qəbulda olanların nəzərinə çatdırılıb.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

"Yüksəliş" müsabiqəsinin mentorluq proqramına uyğun olaraq, bu müsabiqənin qalibi Xamis Seyranov da vətəndaşların qəbulunda iştirak edib.

Dövlət Komitəsində "Yüksəliş" müsabiqəsinin qalibi ilə mentorluq proqramı ötən ilin oktyabr ayından icra edilir.

Komitə sədri mentorluq etdiyi Xamis Seyranovla mütəmadi şəkildə görüşür, müvafiq fəaliyyət planına uyğun olaraq, öz idarəçilik təcrübəsini onunla bölüşür, şəxsi inkişaf məsələlərinə dair məsləhətlər verir.

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulunda iştirak edən Xamis Seyranov məcburi köçkünləri maraqlandıran məsələlərlə yaxından tanış olmaq imkanı qazanıb.

AZƏRTAC