Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbir keçirilib
Sosial həyat

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin (DMX) birgə təşkilatçılığı ilə 18 dekabr - Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilən tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əlamətdar günün əhəmiyyətinə toxunaraq bildirib ki, miqrasiya ilə bağlı ictimaiyyəti narahat edən məsələlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsi, problemlərin həlli üçün siyasi iradə və resursların səfərbər edilməsi, bəşəriyyətin miqrasiyanın idarə olunması, miqrantların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı nailiyyətlərinin qeyd edilməsi və möhkəmləndirilməsi tədbirin əsas məqsədlərindən biridir.

Xidmət rəisi vurğulayıb ki, BMqT-nin 70 illiyi ilə əlaqədar builki Beynəlxalq Miqrant Günü "İnsan yerdəyişməsinin potensialından istifadə edilməsi" şüarı altında keçirilir. Miqrasiyanın artan əhəmiyyəti özünü son illər beynəlxalq aləmdə baş verən proseslərdə daha aydın büruzə verir.

Pandemiya şəraitində dünyada və Azərbaycanda miqrasiya sahəsində atılan addımlardan danışan Xidmət rəisi ölkəmizin miqrasiya siyasətinin bu qəbildən olan insanların maksimum rahatlığı, inzibati prosedurların mümkün qədər azaldılması və rəqəmsallaşmanın təşviqi, eləcə də miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi istiqamətində qurulduğunu diqqətə çatdırıb. Azərbaycanın regionda "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"a, eləcə də BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi ilə başlanmış "Çempion ölkələr" təşəbbüsünə qoşulan ilk ölkə kimi bu sahədə mühüm uğurlar qazanacağına əminliyini bildirən V.Hüseynov BMqT tərəfindən Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasının regional tərəfdaşlığın möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcəyini deyib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdiyini xüsusilə diqqətə çatdıran V.Hüseynov bunun ölkədə və regionda miqrasiya proseslərinə təsirsiz ötüşməyəcəyini, öz növbəsində BMqT və digər ixtisaslaşmış BMT təşkilatları ilə yeni əməkdaşlıq çərçivələrinin yaradılması istiqamətində əlavə tədbirləri şərtləndirdiyini bildirib.

Xidmət rəisi insanların qanuni, təhlükəsiz və beynəlxalq hüquq normalarına uyğun yerdəyişməsinin təmini istiqamətində bütün tərəfdaşları əməkdaşlığı gücləndirməyə çağırıb.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış edərək miqrantların hüquqların qorunmasının ölkəmizdə daim diqqət mərkəzində saxlanıldığını, əcnəbilərin hüquqlarının təmin olunması ilə bağlı müntəzəm tədbirlərin görüldüyünü vurğulayıb. Pandemiya dövründə miqrasiya sahəsində qlobal problemin yarandığını vurğulayan ombudsman bildirib ki, hazırda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili tərəfindən ölkədəki keçmiş məcburi köçkünlərin qayıdışı üçün proseslər, həmçinin miqrantlar və əcnəbilər üçün sığınacaq tədbirləri davam etdirilir, iş icazələrin verilməsi məsələləri ilə bağlı işlər görülür. Ölkəmizdə miqrasiya proseslərinin təkmilləşdirilməsi üçün yeni normativ qaydalar tətbiq olunub.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva çıxışlarında ölkəmizin pandemiya ilə mübarizə və Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki bərpa işlərini təqdir ediblər. Çıxışlarda Azərbaycanın miqrasiyanın tənzimlənməsi ilə bağlı qlobal təşəbbüslərə fəal şəkildə qoşulduğu xüsusi vurğulanıb. Həmçinin Azərbaycanın BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi ilə başlanmış "Çempion ölkələr" təşəbbüsünə qoşulan ilk ölkə olması böyük nailiyyət kimi yüksək qiymətləndirilib.

Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorinonun Beynəlxalq Miqrant Günü münasibətilə videomüraciəti yayımlanıb.

Həmçinin BMT-nin Miqrasiya Şəbəkəsi Katibliyinin rəhbəri Conatan Prentisin "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrası ilə əlaqədar "Çempion ölkələr" təşəbbüsü mövzusunda çıxışı olub.

Tədbirdə beynəlxalq ekspert Yasmina Pinyo tərəfindən BMqT-nin dəstəyi ilə hazırlanmış Azərbaycanın Milli Miqrasiya Profilinin təqdimatı keçirilib.

Sonda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin təqdimatı olub.

AZƏRTAC