Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin ikinci koordinasiya iclasında iştirak edib
Siyasət

Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin ikinci koordinasiya iclasında iştirak edib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin ikinci koordinasiya iclasında iştirak edib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, nümayəndələrlə görüşdən məmnunluğunu bildirən Xidmət rəisi əlaqələndirmə iclasının miqrasiya idarəçiliyində maraqlı tərəfləri bir araya gətirmək məqsədi daşıyan perspektivli platforma olduğunu vurğulayıb. Xanım Vladanka Andreyevanı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edən Vüsal Hüseynov ona yeni vəzifəsində uğurlar arzulayıb. O, miqrasiya sahəsində mövcud sıx əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Xidmət rəisi deyib ki, ölkəmiz regionda BMT-nin Miqrasiya üzrə Şəbəkəsini milli səviyyədə yaradan və Miqrasiya üzrə Qlobal Kompaktın icrası ilə bağlı könüllü hesabatı təqdim edən ilk ölkələr sırasındadır. Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması təşəbbüsü barədə məlumat verən Vüsal Hüseynov Azərbaycanın Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilməsini ölkəmizin miqrasiya üzrə tərəfdaşlığın inkişafına sadiqliyinin göstəricisi kimi qiymətləndirib.

Daha sonra Xidmət rəisi BMT-nin Miqrasiya üzrə Şəbəkəsinin himayəsi altında Miqrasiya üzrə Qlobal Kompaktın həyata keçirilməsi üçün başlanmış "Çempion ölkələr" təşəbbüsünə qoşulmağa dəvətə görə Beynəlxalq Miqrasiya Təşkilatına təşəkkürünü bildirib. Azərbaycanın "Çempion ölkələr"dəki rolunun müsbət dəyər yaradacağını və regionun digər ölkələri üçün miqrasiyanın idarə edilməsində səmərəli model rolunu oynamasına inandığını vurğulayıb.

İclas çərçivəsində BMT-nin Azərbaycandakı Rezident Əlaqləndiricisinin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərinin, BMT sisteminə daxil olan digər təşkilatların, eləcə də aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarından olan nümayəndələrin iştirakı ilə ötən iclasdan keçən dövr ərzində görülmüş işlər, eləcə də nəzərdə tutulan fəaliyyətlər barədə müzakirələr aparılıb.

AZƏRTAC