Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya İcmalı Forumunda çıxış edib
Siyasət

Dövlət Miqrasiya Xidmətinin rəisi Beynəlxalq Miqrasiya İcmalı Forumunda çıxış edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında keçirilən "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrasının qiymətləndirilməsi üçün əsas hökumətlərarası qlobal platforma rolunu oynayan ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunun sonuncu günündə BMT Baş Assambleyasının prezidenti Abdulla Şahidin sədrliyi və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə plenar iclas keçirilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, tədbirdə BMT-yə Üzv Dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və Baş Assambleyada müşahidəçi statusuna malik ixtisaslaşmış qurumların üzvləri iştirak ediblər. İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri, DMX-nin rəisi Vüsal Hüseynov ölkəmiz adından çıxış edib. Vüsal Hüseynov Azərbaycanın regionda bu sənədə qoşulan ilk ölkələrdən biri olduğunu, habelə ölkəmizin forumda Miqrasiya üzrə Qlobal Paktın icrasında "Çempion ölkə" qismində iştirak etdiyini vurğulayıb. Xidmət rəisi ölkəmiz tərəfindən Miqrasiya üzrə Qlobal Pakta dair könüllü hesabatın təqdim olunması, həmin beynəlxalq sənədlə bağlı məlumatlılığın artırılması məqsədilə çoxtərəfli məsləhətləşmələrin keçirilməsi, habelə Azərbaycanda BMT-nin Miqrasiya Şəbəkəsinin yaradılması barədə məlumat verib. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə Azərbaycanın birgə təşəbbüsü olan Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasından söhbət açan Vüsal Hüseynov Mərkəzin regional səviyyədə miqrasiya sahəsində aparıcı təlim və tədqiqat müəssisəsi olması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb. Xidmət rəisi Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə yaranan yeni reallıqların və imkanların regionda sülhün bərqərar olmasını təmin etdiyini qeyd edib, bunun da öz növbəsində Miqrasiya üzrə Qlobal Paktın daha səmərəli icrası üçün əlverişli zəmin yaratmaqla yanaşı, məcburi köçkünlərin layiqli geri qayıdışının təmininə müsbət töhfə verəcəyinə əminliyini bildirib.

Plenar iclasın sonunda BMT-nin Üzv Dövlətləri tərəfindən Tərəqqi Bəyannaməsi qəbul olunması nəzərdə tutulub.

Bundan əlavə, Vüsal Hüseynov BMT-nin Baş Assambleyası prezidentinin və BMqT-nin baş direktorunun iştirakı ilə keçirilən və təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təşviqində potensialların gücləndirilməsinə və əməkdaşlığın təşviqinə töhfə vermək məqsədilə yaradılmış Miqrasiya üzrə Çoxtərəfli Etimad Fonduna həsr edilmiş tədbirdə də çıxış edərək qlobal miqrasiya idarəçiliyində həmrəyliyin önəminə toxunub və bu istiqamətdə Fondun faydalı vasitə ola biləcəyini diqqətə çatdırıb.

Forumda Azərbaycanın yüksək səviyyədə təmsil olunmasında Azərbaycan nümayəndə heyətinin üzvü, ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin rəhbərliyi ilə nümayəndəliyin əməkdaşları yaxından iştirak edir.

AZƏRTAC