“Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” mövzusunda onlayn formada distant təlim keçirilib
Digər xəbərlər

“Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” mövzusunda onlayn formada distant təlim keçirilib

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Elmi-Məsləhət Şurasının 2021-ci il 17 iyun tarixli iclasının qərarı ilə Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi təsis edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin eyni tarixli sərəncamı ilə təlim mərkəzinin Əsasnaməsi təsdiq edilməklə, həmin təlim mərkəzinin rəhbəri vəzifəsinə Elmi-Məsləhət Şurasının üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov ictimai əsaslarla təyin olunub.

Dövlət qulluğunda çalışan əməkdaşların peşəkarlığının artırılması, fəaliyyətlərində innovativ metodların tətbiqi məqsədilə bu il sentyabrın 10-da Anti-korrupsiya Təlim Mərkəzi və Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün “Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” mövzusunda təlim keçirilib.

Tədbirdə iştirak edən Kamal Cəfərov

dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunun formalaşdırılması, innovativ metodların tətbiqi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması kimi mühüm məsələlər üzrə dinləyicilərə ətraflı məlumat verib, eləcə də dövlət orqanlarının və dövlət qulluqçularının nüfuzunun artırılması və möhkəmləndirilməsi, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi məqsədilə tövsiyələrini verib.

Tədbirin sonunda maraq doğuran suallar təlimçilər tərəfindən cavablandırılıb, eləcə də dinləyicilər arasında faydalı fikir mübadiləsi aparılıb.

AZƏRTAC