Dövlət satınalmalarının vahid internet portalı
Digər xəbərlər

Dövlət satınalmalarının vahid internet portalı

“e-Satınalma” portalının “ASAN ödəniş” sisteminə inteqrasiyası vətəndaşların rahatlığına və işin operativliyinə xidmət edir

Ölkəmizdə iqtisadi-maliyyə islahatlarının həyata keçirilməsi səmərəli şəkildə davam etdirilir. Bu baxımdan dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, habelə, rəqabətli satınalma metodlarından istifadə imkanlarının yaradılması məqsədilə Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli Qanunu ilə “Dövlət satınalmaları haqqında” Qanuna dəyişiklik edilməsi əlamətdar hadisədir. Belə ki, artıq vahid internet portalı vasitəsilə hökumətin satınalma planları, tenderdə iştirak, müqavilə bağlanması və s. bütün məlumatlar vətəndaşlar üçün əlçatan olub. Eyni zamanda, satınalan təşkilatın tender təklifinin təminatı tender təklifinin ümumi qiymətinin 1 faizinədək məbləğində müəyyənləşdirilməsi imkanı yaradılıb, malgöndərənlərin şikayətlərinə baxılması müddəti 20 bank günündən 10 bank gününə endirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən ərsəyə gətirilən Dövlət satınalmalarının vahid elektron portalı və ya “e-Satınalma” dövlət təşkilatları tərəfindən həyata keçirilən satınalmalarda şəffaflığın artırılması istiqamətində önəmli layihələrdəndir. Son dövrdə koronovirus pandemiyası ilə əlaqədar ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejimi nəzərə alınaraq, satınalma prosesində fiziki təmasın minimuma endirilməsi və dövlət satınalmalarının vahid internet portalının fəaliyyətinin operativliyinin təmin edilməsi istiqamətində işlər prioritet hesab olunub. Belə ki, “e-Satınalma” portalının “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər sürətləndirilib.

Ötən ilin aprelindən etibarən satınalan təşkilatlar şəxsi kabinetlərində olan “Tənzimləmələr” bölməsi vasitəsilə “ASAN ödəniş” sistemində istifadə edəcəkləri  rekvizitləri qeydiyyatdan keçirir və tender elanı verərkən iştirak haqqı ödənişlərinin qəbulu uçün həmin rekvizitlərdən istifadə edirlər. Eyni zamanda, podratçılar elektron tenderlərdə iştirak barədə şərtləri qəbul etdikdən sonra mövcud olan “ASAN ödəniş” sistemi ilə ödə” düyməsinə klik edərək iştirak haqqı ödənişini ödəniş kartı vasitəsilə nağdsız şəkildə həyata keçirir.

Tətbiq edilmiş yenilik ilə bağlı bütün portal istifadəçiləri elektron poçt və digər vasitələrlə 1 aprel 2020-ci il tarixindən etibarən məlumatlandırılıblar. Portaldan istifadə rahatlığının təmin edilməsi məqsədilə bu barədə istifadə təlimatı da portala yerləşdirilib.

“e-Satınalma” portalının “ASAN ödəniş” sisteminə inteqrasiyasının bir sıra üstünlükləri vardır. Belə ki, bundan sonra podratçı iştirak etmək istədiyi tenderdə iştirak haqqı ödənişini heç bir yerə getmədən ödəniş kartı vasitəsilə olduğu yerdən ödəyərək tenderdə iştirak edə biləcək. Halbuki əvvəllər zaman və digər resuslarını sərf edərək banka gedir, bankda ödəniş etdikdən sonra çeki götürərək ofisə gəlir, həmin çekin elektron formasını hazırlayaraq sistemə yükləyirdi. Bu zaman səhv sənədlərin yüklənməsi halları da istisna deyildi. Daha bir üstünlük isə podratçı tərəfindən ödənişlərin real vaxt  rejimində  həyata keçirildiyi  üçün  ödənişdən dərhal sonra “Şərtlər Toplusu”nu əldə etməyin mümkünlüyüdür. Beləcə, tətbiq edilmiş yenilik portalın istifadə rahatlığı və operativlik səviyyəsini yüksəltmiş olur.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev 16 aprel 2019-cu il tarixli Fərmanı ilə “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”ni təsdiq edib.

Ölkədə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən icazə.e-gov.az elektron icazə və 8103 SMS icazə sistemləri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb. Tətbiq edilən hər iki sistem üzrə Mərkəz tərəfindən təkmilləşdirmə işləri davam etdirilir. Mərkəz bütün vətəndaşları evdə qalmağa, özünün və doğmalarının sağlamlığını düşünməyə, rəqəmsal xidmətlərdən daha çox yararlanmağa çağırır.

Nəriman CAVADOV,

“Respublika”.