Dövlət Sərhəd Xidmətində akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb
Sosial həyat

Dövlət Sərhəd Xidmətində akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

Aprelin 28-də Dövlət Sərhəd Xidmətində (DSX) görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri xiyabanda Zərifə xanım Əliyevanın əziz xatirəsini böyük ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.

Dövlət Sərhəd Xidmətinin Aparatında davam edən tədbirdə dünyaşöhrətli alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sərgi təşkil olunub, istedadlı alim, bacarıqlı pedaqoq, qayğıkeş ana olan Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verilib.

Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn olduğu qeyd edilib, onun keçdiyi həyat yolunun gənc xanımlarımızın formalaşması baxımından parlaq nümunə təşkil etdiyi vurğulanıb.

Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, yaratdığı fundamental əsərlərin Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyi, 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, göz xəstəlikləri üzrə elmi-tədqiqat işlərinin dünya oftalmologiya məkanında akademik Zərifə xanım Əliyevaya böyük şöhrət gətirdiyi barədə məlumat verilib.

Tədbirdə "Elegiya - görkəmli oftalmoloq Zərifə Əliyeva" sənədli filmi nümayiş etdirilib.

AZƏRTAC