DÖVLƏT SUVERENLİYİ: Qərbi Azərbaycan kontekstində tarixi-hüquqi-siyasi təhlil
Tarix

DÖVLƏT SUVERENLİYİ: Qərbi Azərbaycan kontekstində tarixi-hüquqi-siyasi təhlil

Müasir Azərbaycan dövləti Azərbaycan Cümhuriyyətinin varisi olaraq uzun əsrlərdən bəri siyasi şüuru və dövlətçilik ənənəsi ilə dünya tarixində dərin izlər buraxmış dövlətlər quran, müdrik, dözümlü, mübariz, bəşər mədəniyyətinə töhfələr verən, sülhsevər, intellektual resursları etibarilə "siyasi millət" statusuna malik olan bir xalqın dövlətidir.

Azərbaycan ərazisində çoxsaylı lokal və mərkəzləşmiş tarixi dövlətlər qurulmuşdur. 1501-ci ildən isə mərkəzi Təbriz olmaqla Yaxın Şərq regionunda yeni bir sivilizasiyanın yaranışına təkan verən Səfəvi dövlətinin meydana gəlməsi, İslam coğrafiyasında Osmanlı ilə yanaşı, ikinci, qüdrətli müsəlman imperiyasının varlığı Avropa üçün "düşündürücü" idi. Məhz həmin tarixdən etibarən Vatikan başda olmaqla Avropanın güc mərkəzləri Qafqazda gizli diplomatik əməliyyatlar aparmağa başlamışlar. Bir sıra arxiv sənədləri sübut edir ki, Qacarlar dönəmində İrəvan xanlığında, bütövlükdə Qərbi Azərbaycan ərazisində keşiş, rahib qismində "ruhani agenturası" xüsusi təşkilatçılıq və koordinasiya altında yalnız bir məqsəd uğrunda fəaliyyət aparmışdır: erməni etnosu vasitəsilə ideoloji-siyasi xristianlığı müsəlmanlığa alternativ düzəltmək... Biz, bu dönəmi (şərti olaraq) "kilsə diplomatiyası" kimi xarakterizə edə bilərik.

Bütün təhlillərdən belə qənaət hasil olur ki, xalqın həyatı, gələcəyi dəqiq siyasi hakimiyyət sisteminə malik olan möhkəm dövlətə bağlıdır. Əgər xalq dövləti yaradırsa, dövlət də xalqın davamlı varlığını və inkişafını təmin edir. Ona görə də dövlət xalqın təbiətini ifadə edən, tarixini yaradan, taleyini müəyyənləşdirən ən ali fenomendir.

Beynəlxalq münasibətlər sisteminin tarixi göstərir ki, dövlətlər arasında mütəmadi olaraq bu və ya digər dərəcədə iqtisadi-siyasi maraqların toqquşması olub, həmişə də olacaq. Bu proses müasir dövrdə daha intensivdir. Dünya geopolitikasında Cənubi Qafqaz yalnız karbohidrogen, əlvan metal və s. resursları ilə deyil, həmçinin, Avropa ilə Asiyanı birləşdirən müstəsna əhəmiyyətə malik regiondur. Elə buna görə də Cənubi Qafqaz tarixən böyük imperiyaların diqqət mərkəzində duran bir coğrafiya, iki bəşəri hadisənin - sivilizasiyaların və münaqişələrin mərkəzi olmuşdur.

Siyasi xristianlıq mərkəzləri Cənubi Qafqazda diplomatik qərargahlar yaratmış, 1828-ci ildən isə çar Rusiyası əhali və ərazi siyasəti aparmış, habelə geniş hərbi-siyasi düşərgə qurmuşdur. 1918-ci ildə ermənilərə verilən İrəvan xanlığı başda olmaqla Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidliyinə aid torpaqlarda, həmçinin Qərbi Azərbaycanın ictimai-siyasi həyatında hər şey məhz bu istiqamətdə dəyişmişdir. Beləliklə, sovet Rusiyası Azərbaycan xalqının iradəsinin əksinə, hüquqlarına zidd olaraq onun torpaqlarında köçəri etnosu kütləvi şəkildə məskunlaşdırmış, bununla da özünün təbii haqlarını qoruyan aborigen müsəlmanlarla təcavüzkar köçərilər arasında bitməz-tükənməz münaqişələrə rəvac verilmişdir.

XIX əsrdən erməni etnosunun kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi və davamlı manipulyasiya məqsədilə məskunlaşdırılması çar Rusiyasının Şərq siyasətinin tərkibi olmuşdur. Başqa sözlə, məhz idarəedilən xaos xarakterli həmin proses geopolitik strategiyanın əsas amillərindən biri idi. Belə ki, qlobal güclərin, xüsusən, çar hökumətinin geopolitik maraqlarına görə, Qafqazda əhali və ərazi siyasəti aparılmalı, xalqların demoqrafik tərkibi tamamilə dəyişdirilməli, yəni Qərbi Azərbaycan coğrafiyasında türk-müsəlman əhalisi erməni-xristian nisbəti ilə əvəz edilməli idi...

Azərbaycanın əzəli torpaqlarının bir hissəsi olan Qarabağ, Zəngəzur, oranın aborigen müsəlman əhalisi çar Rusiyasının, həmçinin sovet Rusiyasının ərazi və əhali siyasəti nəticəsində kütləvi surətdə qırğınlara və deportasiyalara məruz qalmışdır. Başqa sözlə, Azərbaycan xalqına təcavüz zəminində baş verən bütün hadisələrin əsas səbəbi əhali siyasəti olmuş, bununla da onun suverenlik hüququ ən kobud şəkildə pozulmuşdur.

XX əsrdə bir xalqa, onun dövlətinə qarşı aparılan qəddar, özündə bəşəri cinayətlər ehtiva edən hadisələri, xüsusən Zəngəzur faciəsini yalnız tarixi deyil, həm də hüquqi-siyasi müstəvidə tədqiq etmək zərurəti vardır. Ona görə də bu yazıda əsas məqsəd problemi tarixi aspektlər əsasında "şəxsiyyət suverenliyi", "xalq suverenliyi" və "dövlət suverenliyi" istiqamətində hüquqi-siyasi kontekstdə təhlil etməkdir. Eyni zamanda Rusiya-Qafqaz, Moskva-Ermənistan münasibətlərində tarixi Azərbaycan torpaqlarında Ermənistan yaradılmasının, sonralar tədricən Azərbaycan torpaqlarının Ermənistana verilməsinin beynəlxalq hüquqazidd olmasını əsaslandırmaq, dünən, bu gün və gələcəkdə də xalqın taleyində ağır nəticələr törədən proseslərə toxunmaq, tarixi-siyasi ədalətsizliyin ayrı-ayrı aspektlərini arxiv materialları, müqavilələr, qərarlar, məktublar və teleqramlar əsasında müqayisəli təhlil etmək və ümumiləşdirmilər üzərində məntiqi mühakimələr aparmaqdır.

Dövlət suverenliyi

Dövlət mövzusu antik dövrdən indiyə kimi aktualdır, gələcəkdə də belə olacaq. Dövlət suverenliyi dedikdə iki mühüm faktoru - dövlətin mahiyyətini və funksiyasını ayrı-ayrılıqda aydınlaşdırmaq lazımdır.

Mahiyyət etibarilə dövlət əhalinin öz ərazisi üzərində sərhədləri aydın şəkildə müəyyən edilən, lokal, regional və qlobal müstəvidə digər dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınan, dünya dövlətləri ilə diplomatik-siyasi münasibətlər quran, hüdudları bəlli olan quru, su, hava məkanına nəzarəti həyata keçirən müstəqil, suveren qanunverici, qanunicraedici və qanunmühafizəedici hakimiyyətlər sistemidir. Bu ali sistemin ən dəyərli sərvəti isə onun suverenliyidir.

Funksiyası etibarilə suveren dövlət konstruktiv əsaslar üzərində qurulan, obyektiv qanunlarla öz müqəddəratını özü təyin edən, ictimai-siyasi taleyini özü müəyyənləşdirən, başqa bir dövlətdən asılı olmayan, dövlət əhəmiyyətli hər hansı qərar qəbul etdikdə azad fikirli, müstəqil düşüncəli vətəndaşlarının könüllü rəyinə əsaslanan, əhalinin təbii tələbat və ehtiyaclarının ödənilməsi mexanizmini təşkil edən, bütövlükdə insan hüquqlarının təmin və müdafiə edildiyi bir təsisatdır.

Beynəlxalq hüquq normalarına əsasən dövlətə dair göstərilən hər bir parametrin ayrı-ayrılıqda öz növbəsində toxunulmazlığı dövlət suverenliyini şərtləndirən və reallaşdıran mühüm prinsipdir. Bir halda ki, istər Cümhuriyyət dövründə, istərsə də Azərbaycan SSR tarixində həmin prinsiplər, ümumiləşdirilmiş mənada desək, Azərbaycanın dövlət suverenliyi hüququ birmənalı olaraq kobud şəkildə pozulmuşdur. Azərbaycan SSR sovetlər birliyinin tərkibində hakimiyyət sisteminin əsas tərkibinin mütləq əksəriyyətinin antimilli olmasına baxmayaraq, əsrlərlə siyasi şüuru və dövlətçilik ənənəsi olan bir xalqın dövləti idi və bu dövlətin konstitusiyası var idi. Nəzərdə tutulan konstitusiyanın müvafiq maddələrinə əsasən Azərbaycan dövlətinin əraziləri xalqın iradəsi olmadan dəyişdirilə bilməzdi. Lakin tarixi ədalətsizliklə dolu olan faciəli reallıqlar bunun əksini göstərməkdədir. Sovet hakimiyyətinin mərkəzi siyasi aparatını təmsil edən aktorlar tapındıqları və mənsub olduqları kommunist ideologiyasının əksinə getməklə yanaşı, qəbul etdikləri konstitusion prinsipləri pozmuş, bununla da həm mərkəzdə, həm də ittifaq respublikalarında totalitar mühit yaratmışdılar. Bir halda ki, 1917-ci il inqilabı ərəfəsində başda Lenin olmaqla bütün bolşeviklər menşevikləri antidemokratiyada suçlayır, bütün sovet xalqlarına azadlıq və demokratiya, hətta kapitalist buxovunda əzilən Şərq xalqlarına təntənəli tərəqqi vəd edirdilər... Lakin hakimiyyəti ələ alar-almaz bütün vədlərin tam ziddinə olaraq qeyri-əxlaqi siyasət nümayiş etdirdilər. Məhz ona görə də yerli hakimiyyət nümayəndələri xeyli dərəcədə təzyiq altına alınmışdır. Məsələn, de-yure olaraq hökumət başçısı N.Nərimanov olduğu halda, de-fakto səlahiyyətləri Orconikidze və ya Çiçerin icra edirdi. Həmin totalitar mühitdə əziyyət çəkən sovet xalqları arasında əhalisinin kütləvi surətdə qırılmasına, deportasiyasına, irimiqyaslı ərazisinin çapılmasına görə ən çox itkilər verən və mərhumiyyətlərə məhkum edilən Azərbaycan xalqı olmuşdur.

Zəngəzur problemi - Azərbaycan Cümhuriyyətinə qarşı ermənilərin mübahisəli ərazi yaratmaq hiyləsi

Ramanovlar sülaləsinin 300 illiyi dönəmində çar Rusiyasının süqutu ərəfəsində Cənubi Qafqazda millətləşmə hərəkatı başlamış, mərkəzi Tiflis olmaqla azərbaycanlı müsəlmanlardan, gürcülərdən və XX əsrin əvvəlində İrəvan xanlığında məskunlaşdırılan ermənilərdən ibarət Qafqaz Seymi adlanan federativ təşkilat meydana gəlmişdir. Həmin təşkilatın əsas tərkibi Azərbaycan Milli Şurası Gəncədə qurulmaqla 28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətini elan etmişdir.

1918-ci ilin fevralında yaradılmış Cənubi Qafqaz Seyminin ümumi ərazisi 210 min kvadratkilometr idi. Bu ərazinin 45 min kvadratkilometri Brest-Litovsk (mart 1918-ci il) və Batum (iyun 1918-ci il) müqavilələrinin şərtlərinə görə Osmanlı Türkiyəsinə verildi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1918-ci il 29 may tarixli qərarı ilə İrəvan şəhəri də daxil olmaqla 9 min kvadratkilometr ərazi ermənilərə güzəşt edildi, 100,6 min kvadratkilometri Azərbaycan Xalq Cümhuriyyətinə, 55,4 min kvadratkilometri isə Gürcüstana aid edildi.

Azərbaycan Milli Şurası 1918-ci il iyunun 14-də Tiflisdə erməni Milli Şurasının nümayəndələri ilə birgə keçirilən görüşdə ərazi delimitasiyası haqqında şifahi razılığın olduğu barədə məlumat yaymışdır. Bu razılaşma tərəflərin Batumidə əldə etdikləri əvvəlki razılaşmadan daha real idi. Həmin razılaşmaya əsasən Azərbaycan tərəfi İrəvanın Ermənistan paytaxtı elan edilməsinə etiraz etməyəcək, ermənilər isə öz növbəsində (Yelizavetpol quberniyasının bir hissəsinə), yəni Qarabağa iddialarından imtina edəcəkdilər. Hansı ki, tamamilə əksinə oldu... Belə bir vəziyyət assosial köçəri etnos olan ermənilərin, xüsusən daşnakların istənilən şəraitdən "məharətlə" sui-istifadə xislətinin bariz nümunəsi idi və bu, müqavilədən əvvəl nəzərə alınmalıydı. Azərbaycan siyasi elitasının lazımsız, bəlkə də yersiz humanistliyindən yararlanan tərəf İrəvandan sonra Qarabağa və digər ərazilərə də iddia etmişdi. Erməni tərəfi nəinki Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünə potensial təcavüz mövqeyində durur, Qarabağa da iddia etməklə yuxarıda qeyd edilən formatda aparılacaq danışıqlardan boyun qaçırırdı. Belə ki, erməni nümayəndə heyətinin sədri A.Aqaronyan İstanbuldan Ermənistanın xarici işlər naziri H.Ohancanyana 8 iyul 1918-ci ildə Cənubi Qafqaz respublikalarının mərkəzi güclərlə sülh konfransında iştirak etmələri barədə məlumat verdi. O, öz teleqramında Batumi danışıqlarının əhəmiyyətsiz olduğuna dair təsəvvür yaradırdı. Bununla da ermənilər Ermənistanın sərhədlərinin ən azı Şuşa, Cavanşir, Zəngəzur, Dərələyəz, Sürməli, Naxçıvan, Şərur kimi əraziləri əhatə etməli olduğunu planlaşdırırdılar. Deməli, ermənilər bu minvalla Azərbaycan ərazisi hesabına özlərinə ərazi düzəltməyə çalışırdılar. Bir halda ki, əhalinin etnik tərkibi və demoqrafik göstəricisi aşağıdakı kimi idi. Erməni alimi Zaven Korkodyan 1932-ci ildə yazdığı "Sovet Ermənistanının əhalisi 1831-1931" adlı əsərində göstərir ki, "1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 % türk-müsəlman olmuşdur.

Çar Rusiyasının süqutu ərəfəsində Qarabağ Yelizavetpol quberniyasının tərkibində olub və dörd qəzanı, yəni Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl ərazilərini əhatə edirdi. Qafqaz təqviminə görə isə 1917-ci ilə dair ümumi əhali sayı 242.000 erməni, 322.000 azərbaycanlı olmuşdur. Xüsusi vurğulanmalıdır ki, göstərilən rəqəm üzrə Qarabağ ermənilərinin yarısının sayı formal idi. Belə ki, əslində Qarabağın oturaq əhalisi olmayan çoxsaylı ermənilərin əlavə edilməsi ilə erməni siyahısı fantastik həddə şişirdilmişdir.

(davamı növbəti saylarımızda)

Xanlar VƏLİYEV,

Hüquq elmləri namizədi, Əməkdar hüquqşünas.

 

Ruşan RUŞANZADƏ,

Siyasi elmlər namizədi.