Dövlətçiliyə və xalqa sədaqətlə xidmət nümunəsi
Siyasət

Dövlətçiliyə və xalqa sədaqətlə xidmət nümunəsi

Azərbaycan xalqının taleyi və uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Onun xidməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu yerə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu.

Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider kimi əbədilik qazanması heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının təkidli tələbi ilə Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib, meydana atılan müdrik və cəsarətli Vətən oğlunun öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

Tarixən milli dövlətçiliyimizin itirilməsinə və Azərbaycanın böyük güclərin döyüş və siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan geosiyasət və neft amili Heydər Əliyevin müəyyən etdiyi çoxqütblü və tarazlaşdırılmış xarici siyasət strategiyası əsasında müstəqilliyimizi və dövlətçiliyimizi möhkəmləndirən ciddi amilə çevrildi. İlk növbədə, Azərbaycan xalqının mənafeyinə xidmət edən və milli maraqlardan qaynaqlanan yeni xarici siyasət strategiyası diplomatiyanın təməl prinsiplərinə xas şəkildə ölkəmizdə təhlükəsiz mühitin formalaşmasına, qonşu dövlətlərlə münasibətlərin normallaşmasına, xarici siyasət coğrafiyasının genişlənməsinə və "Əsrin müqaviləsi"nin timsalında uğurlu enerji siyasətinin həyata keçirilməsinə şərait yaratdı.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşıda duran mühüm vəzifələrdən biri də ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi idi. Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir.

Bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini uzaqgörən, dahi ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik ənənələrini təmin etməkdən ibarətdir. Bu prioritetlər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edir. İnamla deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəltmişdir.

Bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edir. Sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rol oynayan nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq buna əyani misaldır. Azərbaycan balanslı diplomatiya ilə dünyanın fövqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Respublikamız Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər. Azərbaycanın nəinki regionda, ümumən dünya miqyasında əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.

Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamla addımlayır. Məhz buna görə də, xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi - praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ölkəmizdə olan xalq-iqtidar birliyi gələcək uğurlarımızın əsası və ən ali məqsədlərimizin reallaşmasının zəminidir. Bu yolda isə bugünkü və gələcək nəsillərin üzərinə düşən ən böyük məsuliyyət və Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu, onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi yolunda, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir.

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi ulu öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı düzgün inkişaf strategiyası dayanır. Ulu öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat və idarəetmə təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirib. Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsinin ucalığı illər ötdükcə daha aydın görünür.

Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. O, illər öncə böyük uzaqgörənliklə deyirdi: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır".

Heydər Əliyevin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalandı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.

Allahverdi HƏSƏNLİ,

Xətai rayon Əhmədli bələdiyyəsinin sədri.