Dövlətlərarası əməkdaşlıq əlaqələrində yeni güclü inkişaf platforması yaranır
Türk dünyası

Dövlətlərarası əməkdaşlıq əlaqələrində yeni güclü inkişaf platforması yaranır

Türk Dövlətləri Təşkilatı digər dövlətlər və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək

Türk Dövlətləri Təşkilatının VIII Zirvə Görüşünün bəyannaməsi böyük bir siyasi dövrün yeni başlanğıcıdır. Belə ki, Şuranın təşkilat formasına keçməsi qurumun statusunun yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsinə əlavə imkanlar yaradır. Təşkilatın Zirvə Görüşündə  eyni zamanda Azərbaycanın müstəsna fəaliyyəti diqqətə çatdırılıb. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi yüksək qiymətləndirilib. Qeyd olunub ki, təşkilatın mövcud durumunda Azərbaycanın əvəzsiz xidmətləri  var. İstər pandemiya dövründə vaksinlərin ədalətli paylanmasında Azərbaycanın həyata keçirdiyi siyasət, istərsə də türk dövlətləri ilə qarşılıqlı əlaqələrin qurulmasında ölkəmizin körpü rolu oynaması bu təşkilatın inkişafında böyük  əhəmiyyət kəsb edib.

Qlobal əhəmiyyəti baxımdan tarixi hadisə olaraq yaddaqalan İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, Macarıstanın Baş naziri Viktor Orban və Türk Şurasının Baş katibi Bağdat Amreyev iştirak ediblər. Liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə ediblər. Tədbir çərçivəsində təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə təhvil verilməsi, həmçinin Türkmənistanın müşahidəçi statusunda Şuraya qatılması məsələsi həll edilib. Türk Şurasının İstanbulda Türk Dövlətləri Təşkilatı adlandırılması, artıq türkdilli dövlətlərin yeni qlobal siyasi güc mərkəzinə çevrilməsi dünyanın aparıcı informasiya və media  qurumlarının  ən çox izlənən, təhlil olunan müzakirə mövzularıdır.

Bundan sonra eyni çətirin altında birləşən 6 türkdilli ölkə beynəlxalq səviyyədə Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət göstərəcək. İstanbul Zirvəsində qəbul edilən Bəyannamə də gələcək fəaliyyətin istiqamətlərini özündə əks etdirir. Kifayət qədər mühüm məqamların  yer aldığı  Bəyannamədə Naxçıvan Sazişinin məqsəd və prinsipləri əsas götürülür. Naxçıvan sazişi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Şurası adlandırılması və Türk Dövlətləri Təşkilatının təməlinin atılmasına zəmin yaratdı. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Zirvə görüşündə bu barədə  Azərbaycan Prezidenti demişdi: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”. Saziş türkdilli ölkələrin əməkdaşlığının inkişafına yeni imkanlar açdı. İstanbul Bəyannaməsində Naxçıvan Sazişinə istinad edilməsi bundan sonrakı dövrdə türk dünyasının inteqrasiyasının xüsusi əhəmiyyət kəsb edəcəyi deməkdir. Bəyannamədə türkdilli xalqların ortaq tarixi, dili, mədəniyyəti, adət-ənənələri və dəyərlərinə əsaslanan əməkdaşlıq və həmrəyliyin dərinləşdirilməsinə və genişləndirilməsinə sadiqlik ifadə olunur.

Müstəqillik əldə etdikdən sonra türk dövlətlərinin əhəmiyyətli siyasi və sosial-iqtisadi irəliləyişi yüksək qiymətləndirilir. Bununla keçilən yola nəzər salınır və türk dövlətlərinin inkişaf potensialı önə çıxarılır. Azərbaycanın 90-cı illərdən günümüzə qədər keçdiyi yol bunun əyani nümunəsidir. Belə ki, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib, beynəlxalq layihələrin aparıcı iştirakçısıdır, dayanıqlı iqtisadi inkişafı ilə regionda model rolunu oynayır. Türkdilli ölkələrin yaratdığı Şura böyük bir tarixi mərhələdə fəaliyyət göstərib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis edilməsində də Azərbaycanın önəmli rolu vardır. Azərbaycan bilavasitə bu Şuranın yarandığı ölkə kimi xatırlanır. Naxçıvanda ilk Sammitin keçirilməsi, orada alınan qərarlar da həmin sistemin işə düşdüyü tarix kimi anlaşılmalıdır. Şurada ilkin olaraq dörd dövlətin iştirak etməsi, ardınca da digər dövlətlərin bura geniş şəkildə üzv olaraq qatılması tarixi bir proses, türk dünyasının oyanışı, dirçəlişi baxımından təkanverici bir hadisədir. Sonradan Özbəkistanın Şuraya qoşulması, bu gün də Türkmənistanın real üzv olaraq yer alması kompleks şəkildə Türk Şurasının imkanlarını daha da genişləndirdi.

İstanbul Zirvəsində qəbul edilən Bəyannamədə COVID-19 pandemiyası zamanı bu qlobal təhlükənin mənfi təsirlərini yumşaltmaq üçün üzv və müşahidəçi dövlətlərin ikitərəfli və Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdikləri həmrəylik və əməkdaşlığın davam etdirilməsinə sadiqlik də ifadə olunur. Bu, Prezident İlham Əliyevin başladığı prosesin davam etdirilməsidir.

2020-ci il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə Zirvə Görüşü keçirildi. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir olub. Azərbaycan bununla türk dövlətlərini COVID-19-a qarşı mübarizədə birləşdirdi. Bu baxımdan, Türk Dövlətləri Təşkilatının digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək üçüncü tərəflərlə əməkdaşlığın formalarının qəbul edilməsi də ən vacib məqamlardandır. Bu, təşkilatın beynəlxalq əlaqələrinin inkişafına təsir edəcək. Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma tamamlanmalı və 2022-ci il 1 sentyabr tarixindən gec olmayaraq imzalanmalıdır. Üzv dövlətlərin aidiyyəti nazirlikləri yaşıl texnologiyalar və ağıllı şəhərlər üzrə çoxtərəfli əməkdaşlığa təşəbbüs göstərəcək. Asiya və Avropa arasında Fiber Optik yüksəksürətli internet xəttinin tikintisini nəzərdə tutan Digital Hub layihəsinin həyata keçirilməsində üzv və müşahidəçi dövlətlər Azərbaycana dəstək verməyə dəvət olunur, Transxəzər Fiber Optik layihəsinin əhəmiyyətinin vurğulanması və onun həyata keçirilməsini sürətləndirmək üçün səylərin artırılmasına çağırış edilir. Bu isə iqtisadi əlaqələrin daha da  güclənməsinə öz  töhfəsini verəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırılması təşkilatın statusunun yüksəldilməsinə, əhatə dairəsinin genişləndirilməsinə  xidmət  edəcək. Təşkilatın Qarabağ zəfərindən sonra siyasi fəaliyyətdə güc mərkəzinə çevrilməsi müşahidə edilir. Faktiki olaraq türkdilli ölkələr yeni adla və strategiya ilə Avrasiyaya genişlənməyə başlayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı uğur isə bütün türk dünyasının qələbəsi kimi qiymətləndirilir. Təşkilata üzv dövlətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına tərəfdar olmaqla yanaşı, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduqlarını ifadə ediblər. Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində Zəngəzur dəhlizi daha yaxşı əlaqə təmin etmək üçün yeni yaranan fürsət kimi vurğulanır və üzv dövlətlərin müvafiq qurumları Azərbaycan Respublikası Hökumətinin dəhlizin tezliklə fəaliyyətə başlaması üçün səylərini dəstəkləməyə çağırılır. Zəngəzur dəhlizinin açılması ilə bu təşkilata üzv dövlətlər arasında maneələrdən biri də aradan qalxacaq. Prezident İlham Əliyev İstanbulda iclas zamanı bildirib ki, nəqliyyat baxımından Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq: “Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə, onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir”.

Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur. Burada Macarıstanın baş naziri cənab Viktor Orbanın şəxsən rolunu xüsusi qeyd etmək lazımdır. Budapeştdə Türk Şurasının nümayəndəliyinin ofisi fəaliyyət göstərir. Bu ofis təşkilatın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcək. Macarıstanın bütün Türk dövlətləri ilə əlaqələrini strateji səviyyəyə yüksəltməsini, üzv dövlətlərdə diplomatik nümayəndəliklər təsis etməsini, eləcə də müşahidəçi dövlət kimi Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığını və koordinasiyasını inkişaf etdirməsini də ayrıca nəzərə almaq lazımdır. Türk Dövlətləri Təşkilatının digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək üçüncü tərəflərlə əməkdaşlığın formalarının qəbul edilməsi də yaddaqalan hadisələrdəndir. Özəlliklə, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan bu anlamda xeyli ciddi iş gördü. Üzv dövlətlər arasında münasib şəraitin yaradılması amilinə sadiq qalaraq, əlaqədar qurumlara qarşılıqlı ticarət və investisiya təşkil etmək üçün lazımi tədbirlər görməyin tapşırılması, ölkəmizin təşkilata sədrliyi dövründə gördüyü işlərin məntiqi yekunudur.

Dünyada yeni düzənin formalaşması, iqtisadi layihələrin effektiv şəkildə icrası və bunun nəticəsində birgə güclü siyasi iradə nümayiş etdirilməsi aktuallıq qazanır. Yeni dünya nizamında Çinlə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Mərkəzi Asiya regionu böyük güclərin toqquşan maraqlarının gücləndiyi platforma halına gəlir, belə bir zamanda isə Azərbaycan və Türkiyə proseslərin Cənubi Qafqaza sıçramaması üçün preventiv tədbirlər kompleksini işə salır. Məsələnin daha aydın olması üçün Azərbaycan və Türkiyə prezidentləri arasında bu ilin iyun ayının 15-də imzalanan Şuşa Bəyannaməsindən bir bəndə diqqət yetirmək kifayətdir: “Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək. Bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək”.  Azərbaycanın regional oyunçu olması geosiyasi reallığın tələblərinə çevrilir.

İstanbulda keçirilən görüşdə təşkilatın adının dəyişilərək Türk Dövlətləri Təşkilatı adlandırılması dünya siyasətinə yeni bir ruh və baxış gətirəcək. Artıq Türk Dövlətləri Təşkilatının böyük bir gücə çevrildiyini bütün dünya görür. Məhz türk dövlətləri bir nöqtəyə vurduğuna görə İslam dünyasına qarşı olan ədalətsizliklə mübarizə də səmərəli olacaq. Bu gün beynəlxalq təşkilatlar arasında yeni bir təşkilat - Türk Dövlətləri Təşkilatı özünü təsdiq edir. Gələcəkdə bu təşkilata yeni üzvlərin daxil olması ilə onun nüfuzu daha da  artacaq. Həm də Türk Dövlətləri Təşkilatının yaranması və möhkəmlənməsi tarixin və bu günün tələbi idi. Dünya birqütblü olmamalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, dünya 5-dən ibarət deyil. Bu gün sıralarını genişləndirən və gücləndirən Türk Dövlətləri Təşkilatı dünyada birliyin etibarlı nümunəsi kimi öz sözünü deməkdədir. Təşkilata üzv dövlətlər mühüm proyektlərə imza ataraq birgə inkişaf edəcəklər. Nəticədə, inkişaf regional proseslərdə də özünü büruzə verəcək. Bununla da birliyin gücü bölgədə sabitliyin təmin olunmasına gətirib çıxaracaq.

Mustafa KAMAL,

“Respublika”.