Döyüş yolu dəyərli igidlik eposudur
Region

Döyüş yolu dəyərli igidlik eposudur

Vətən müharibəsi çox sadə, lakin dərin mənalı bir həqiqəti ortaya çıxardı, Ermənistanın torpaqlarımıza hərbi təcavüzündən sonra doğulan uşaqların vətənpərvərliyi, torpaq və yurd sevgisi sözlə təsvir edilə bilməyən çox möhtəşəm bir gücün, qəhrəmanlığın nümayişinə çevrildi.

1993-cü ildən sonra Ağdam rayonunun keçmiş təmas xəttinə yaxın kəndlərdə anadan olan uşaqların eşitdiyi ilk səs də elə düşmən atəşi olub. Valideynləri ilə birlikdə erməni təcavüzü nəticəsində doğma evlərindən didərgin düşən uşaqların isə qəlbində düşmənə sonsuz nifrət yaranıb. Bir qismi atəş altında qalan evlərində təhlükə ilə üz-üzə, digər qismi isə məcburi köçkünlüyün əzabı ilə böyüyən uşaqlar Vətən müharibəsində cəsur qəhrəmana çevrildilər. Düşmən 28 il ərzində keçmiş təmas xəttinə yaxın kəndləri demək olar ki, hər gün atəşə tuturdu. Zəngişalı kənd sakini Mürşüd Quliyev də düşmənin atəş səsi altında böyüyüb, yetkinlik yaşına çatıb. Digər keçmiş təmas xəttinə yaxın məsafədə yerləşən kəndlər kimi Zəngişalı da daim Ermənistan silahlı bölmələrinin təxribatları ilə üzləşdiyindən Mürşüd və qardaşı Müşfiq hərbçi olmağı qərara alırlar. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Vətənin keşiyində dayanırlar. Vətən müharibəsində də iki qardaş bir yerdə minaatan batareyasında xidmət edib.

Vətən müharibəsi qazisi Mürşüd Quliyev söhbət zamanı deyir: -Ayağımı, sağlamlığımı Vətən üçün itirmişəm. Məni düz başa düşün, bunun üçün sevinirəm, qürur duyuram ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə mən də iştirak etmişəm. 2019-cu ilin dekabr ayından qardaşımla birgə müddətdən artıq hərbi xidmətə başladıq. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı cəbhənin Ağdam istiqamətində minaatan batareyasında xidmət edirdik. Bir həftə sonra bizi Suqovuşan istiqamətinə apardılar. Burada da qardaşım Müşfiqlə bir yerdə döyüşürdük. Onu da deyim ki, əsgərlərin əhvali-ruhiyyəsi yüksək idi. Bütün şəxsi heyət düşmənə sonsuz nifrət hissilə, ruh yüksəkliyi və igidliklə döyüşürdü. Komandirimiz də çox vətənpərvər zabit idi, ağıllı, tədbirli qərarları ilə canlı itki verməməyə çalışırdı.

Heyfsilənirəm ki, axıra qədər döyüşə bilmədim. 2020-ci il oktyabrın 10-da düşmənin atdığı 120 millimetrlik minaatanın mərmisi bizim mövqeyə düşdü. Ağır yaralandım. Qardaşım məni çiynində ərazidən çıxarıb. Məni əvvəlcə hərbi hospitala, oradan da Bakıya aparıblar. Sağ ayağım amputasiya olunub. Sol ayağımda isə çoxsaylı qəlpə yarası aldığımdan sümüklərdə qırıqlar var. Ordumuzun irəliləməsi, torpaqlarımızı işğaldan azad etməsi xəbəri bizi sevindirirdi. Ürəyimiz ön cəbhədə - əsgərlərimizin yanında idi.

Qazinin atası Vəli Quliyev övladlarının Vətən müharibəsində iştirak etməsindən qürur duyduğunu bildirərək deyir:

- Ağır illər yaşadıq, vəhşi düşmən bizə göz açmağa imkan vermirdi, sahələrdə işləyəndə bizi atəşə tuturdular. Məcbur olub gecələr işləyirdik. Yaşadığımız Zəngişalı kəndinin 30 ilə yaxın müddətdə təmas xəttində yerləşməsi, düşmənin digər cəbhəyanı yaşayış məntəqələri kimi bizim kəndi də atəşə tutması istər-istəməz övladlarımın vətənpərvər, düşmənə nifrət ruhunda böyüməsinə səbəb olub. Mürşüd hərbi xidməti başa vurandan sonra qardaşı ilə birgə müddətdən artıq qulluq etməyə başladı. Hər ikisi minaatan batareyasında xidmət edirdi. Mürşüd yaralanıb xidməti dayandırsa da, qardaşı hələ də ordu sıralarındadır. İşğaldan azad edilmiş ərazilərimizdə Vətənə xidmət edir.

Vətən uğrunda qan tökən, əzalarını itirən Mürşüd Quliyevin çöhrəsində bir qürur duyduq, tez-tez "kaş axıra qədər döyüşəydim", - deməsi onun necə bir vətənpərvər olmağından xəbər verirdi. Dövlət tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına, Qarabağ əlillərinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirən Mürşüd deyir ki, Prezidentimizin sərəncamları ilə "Cəsur döyüşçü", "Ağdamın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam. Çox minnətdaram ki, "YAŞAT" Fondu evimizin təmirinə köməklik edib. Pensiya alıram. Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kəndimizdə işə düzəlmişəm. Həyatımı davam etdirirəm, gələcək arzularıma doğru yol gedirəm.

Doğrudan da uğrunda qan tökülən, can qurban edilən Vətənin övladı olmaqdan böyük xoşbəxtlik ola bilməz, bu hisslər hər bir Vətən müharibəsi iştirakçısına mənəvi güc verir, qəhrəmanların döyüş yolu və xarakteri isə dəyərli bir igidlik eposudur. Həmin salnamənin səhifələrinə qazi Mürşüdün də adı yazılıb...

Salman ALIOĞLU,

"Respublika".