Döyüşlərdə mətinləşən cəngavər oğullar
Sosial həyat

Döyüşlərdə mətinləşən cəngavər oğullar

Ağamid  Şirzad oğlu Ağacəfərlinin  tale yazısı Vətən yolunda şəhidlik zirvəsinə ucalmaq idi. Uca, vüqarlı dağların qoynuna sığınan Lerik şəhərində  1995-ci ildə dünyaya göz açan, indi isə adı Azərbaycan xalqının dilində  qəhrəmanlıq dastanına  dönən Ağamid müstəqil həyata qədəm qoyanda bütün sevgisini, eşqini Vətəninə vermişdi.  Elə 25 yaşında  Tanrıdan gələn bu ilahi sevgi onu əbədiyyətə qovuşdurdu.  İkinci Qarabağ müharibəsində Vətən naminə canından keçməklə zaman-zaman insanlara   örnək olacaq şərəfli bir ömür yaşayır...

 El-obada mərdliyi, vətənpərvərliyi,  həyatsevərliyi, dürüstlüyü ilə  yaşıdlarından  seçilən  Ağamid 2013-ci ildə hərbi xidmətə  yollanır.   İlk gündən layiqli  övlad kimi Vətənə xidmət edir, kəşfiyyat bölüyünün şəxsi heyəti arasında  keçirilən müxtəlif təlimlərdə, yarışlarda həmişə uğur qazanır. Bir neçə dəfə düşmənlə üz-üzə gəlir.  Belə vaxtlarda göstərdiyi qəhrəmanlığı  ilə sübut edir ki,  özündən  artıq sevdiyi Vətən uğrunda, millət yolunda  hər an canından-qanından  keçməyə, erməni  dığalardan  qisas almağa   hazırdır.

 Hərbi xidmətdən üzüağ, alnıaçıq qayıtdıqdan sonra  Ağamid dinc əməkdən yapışır. Yaşamağı, həyatı çox sevsə də, ən böyük amalı  müharibə meydanında düşmənlə döyüşüb Vətənini azad etmək olur.  Məhz buna görə o, 2020-ci ilin sentyabrın 27-də  başlayan  İkinci Qarabağ müharibəsinə könüllü,  “Mütləq qalib gələcəyik”  deyib  gedir.  Bilir ki,  düşmənin 30 il əsarətdə saxladığı Vətən torpaqların taleyi  bu haqq savaşımızdan asılıdır.

Vətən sevdalısı  Füzulidə, Qubadlıda  torpaq uğrunda gedən ağır döyüşlərdə kəşfiyyatçı kimi şücaət göstərir.  Odun-alovun içinə girəndə  düşmənin çox sayda əsgərini, döyüş texnikasını məhv edir.  İgid əsgər  oktyabrın 26-da düşmən gülləsinə tuş gələndə  son nəfəsdə “Müqəddəs Vətən torpaqları murdar düşmən ayağı götürməz. Qələbə bizimdir” deyib şəhidlik zirvəsinə ucalır.

Vətən müharibəsində qəhrəmanlıq göstərib tarix yazan oğlunu dövlət də ucalıqda saxlayır. Onu  ölümündən sonra “Füzulinin azad olnmasına  görə” və “Vətən uğrunda” medallarına layiq görür.

 Zəfər ORUCOĞLU.