DSX-nin ötən il ərzində xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib
Digər xəbərlər

DSX-nin ötən il ərzində xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib

Fevralın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, hesabat müşavirəsində Xidmətin hərbi birləşmə komandanlarının məruzələri dinlənilib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış edib, hərbi birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2022-ci ildə DSX qarşısında duran əsas vəzifə və tapşırıqları diqqətə çatdırıb.

Ötən ilin Azərbaycan Respublikasının Prezidenti, tariximizin ən böyük sərkərdəsi İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 kilometrlik sahəsində sərhəd mühafizə infrastrukturunun bərpası, Zəngilan, Qubadlı və Laçın rayonları ərazilərində Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə və mühafizəsi sisteminin yaradılması, işğaldan azad edilmiş ərazilərdə DSX-nin hərbi potensialının gücləndirilməsi, düşmənin təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əlamətdar olduğu bildirilib.

Bu nailiyyətlərin əldə olunmasının dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olduğu xüsusi vurğulanıb.

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 26-da Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun Marallı kəndi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 25-də Qubadlı rayonu ərazisindəki yeni hərbi hissələrinin açılışını etməsi, oktyabrın 20-də Zəngilan rayonunda yeni hərbi hissəyə səfər etməsi, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olması, Vətən müharibəsində göstərdikləri rəşadətə, igidliyə və şücaətə görə DSX-nin 12 hərbi qulluqçusunu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görməsi, sərhədçiləri 176 orden, 5203 medalla təltif edilməsinin, dekabrın 23-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə qərar verməsinin qurumun şəxsi heyəti üçün xüsusilə əhəmiyyətli olması və böyük ruh yüksəkliyi ilə qarşılandığı qeyd olunub.

Bildirilib ki, il ərzində DSX tərəfindən bir sıra əsas nailiyyətlər əldə olunub. Belə ki, işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.

Azərbaycan-Ermənistan dövlət sərhədində "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlayıb, Füzuli Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, IAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb.

İşğaldan azad edilmiş ərazilərdə 73,8 kilometr məsafədə yeni yol çəkilib, 121,4 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.

Həmçinin 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Nəticədə piyada əleyhinə 947, tank əleyhinə 1195 mina və 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 kilometrlik hissəsi Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb. Bu istiqamətdə sərhəd mühafizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib.

Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib. İndiyədək 178 sərhəd nişanı quraşdırılıb.

Eləcə də Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, gəmilərin idarəetmə heyətlərinin peşəkarlığı təkmilləşdirilib, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı effektiv mübarizə aparılıb.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən olunub.

Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılıb, daha 11 nəfər müəyyən edilib. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmalçılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 qeyri-leqal miqrant saxlanılıb.

Ötən il 3 ton 57 kiloqram 111 qram çəkidə narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kiloqram narkotik xassəli bitki məhv edilib.

Hesabat dövründə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd rejimini pozduqlarına görə 4545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb.

Sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri, dövlət sərhədinin etibarlı mühafizəsini təmin edəcəkləri vurğulanıb.

AZƏRTAC