Dubayda
İQTİSADİYYAT

Dubayda "Əbu-Dabi Dayanıqlılıq Həftəsi"nin açılışı olub

Tədbirdə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin "Expo 2020 Dubai" sərgi mərkəzində "Əbu-Dabi Dayanıqlılıq Həftəsi"nin açılışı olub və "Zayed Dayanıqlılıq Mükafatı"nın təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlərdə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 2008-ci ildən etibarən bu tədbir müxtəlif ölkələrdən yüksək səviyyəli nümayəndə heyətlərinin, dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin, aparıcı şirkətlərin, sahibkarların, elm adamlarının iştirakı ilə təşkil edilir və dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur.

"Qlobal əməkdaşlıq və liderlik", "İqtisadi inkişaf, texnologiya və innovasiya" mövzularına həsr olunmuş "Əbu-Dabi Dayanıqlılıq Həftəsi 2022" tədbirinin əsas ideyası qlobal iqlim və dayanıqlılıq məqsədlərinə çatmaq üçün zəruri iqtisadi inkişaf həllərinin, texnologiyaların və innovasiyaların tətbiqi məsələsidir. Yüksək səviyyəli tədbirdə, həmçinin günəş və təmiz enerji, su, iqlim və ətraf mühit, ekotullantılar və "ağıllı şəhərlər" üzrə xüsusiləşdirilmiş panel iclasların keçirilməsi nəzərdə tutulur.

Baş nazirin müavini Əli Əhmədov tədbir çərçivəsində BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Raşid Al Məktumla görüşüb. Yüksək səviyyəli tədbirə dəvətə görə minnətdarlığını bildirən Əli Əhmədov Baş nazirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. BƏƏ-nin Baş naziri dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Əli Əhmədov BƏƏ-nin "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramah ilə də görüşüb. Görüş əsnasında "Masdar" şirkəti tərəfindən ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələrə, əməkdaşlığın perspektivlərinə və ölkəmizin işğaldan azad edilən ərazilərində investisiya qoyuluşu imkanlarına dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikası ilə BƏƏ arasında əlaqələrin inkişaf tempindən məmnunluq ifadə olunub.

Baş nazirin müavini, həmçinin EXPO Mərkəzində Azərbaycan və BƏƏ pavilyonlarında olub.

Sonra Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə "Əbu-Dabi Dayanıqlılıq Həftəsi sərgisi"nə, "Masdar" şirkətinə aid şəhərciyə və şirkətin 800 meqavat gücünə malik günəş elektrik stansiyasına baş çəkərək müəssisənin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC