Dulusçuluq məmulatları-küp, səhəng, dolça, bardaq
Region

Dulusçuluq məmulatları-küp, səhəng, dolça, bardaq

El sənətini yaşadanlar

Bir çox şəhərlərə yolumuz düşəndə bu yerlər üçün xarakterik olan el sənəti nümunələri ilə maraqlanır və hədiyyə kimi onlardan almaq istəyirik. Məsələn, məşhur Lahıc qəsəbəsində, yaxud Şamaxının Dəmirçilər kəndində misgərlik, Qubada xalçaçılıq, Masallıda, Lənkəranda dulusçuluq, həsirçilik peşəsindən olan əşyalara maraq göstəririk. Qədim Şəki də tarixən sənətin və sənətkarlığın inkişaf etdiyi ərazilərdən biri olub. El sənətkarlarının fədakar əməyi sayəsində bu şəhərdə çox zəngin tarixi-nalbəndlik, şəbəkə, papaqçılıq, ipəkçilik və neçə-neçə digər sənət növləri nəsildən-nəslə ötürülərək zəmanəmizədək gəlib çatıb.

Şəkidə, Lənkəranda, Masallıda geniş yayılmış peşələrdən biri də dulusçuluqdur.

Azərbaycanda dulusçuluq peşəsinin çox qədim tarixi var. İlk orta əsrlərin sonlarından başlayaraq dulusçuluq sənəti özünün yüksək inkişaf mərhələsinə gəlib çatıb. Həmin dövrlərdə saxsı qabların yayılması arealı Azərbaycanın demək olar ki, bütün yaşayış məskənlərini əhatə edirdi. Bunu arxeoloji qazıntılar zamanı ölkəmizin müxtəlif ərazilərindən tapılan dulusçuluq məmulatları - küp, səhəng, dolça, bardaq və digər saxsı nümunələri təsdiq edir.

Dulusçuluq  ta qədimdən çətin, çox zəhmət tələb edən, eyni zamanda heç zaman əhəmiyyətini itirməyən, gərəkli olan peşələrdən biri sayılır. Xanlıqlar dövründə  saxsı qablar istehsalı ilə yüzlərlə sənətkar məşğul olurdu. Onların istehsal etdikləri məhsullar tək bir şəhərin deyil, qonşu əyalətlərin əhalisinin təsərrüfat və məişət ehtiyaclarının ödənilməsində də mühüm rol oynayırdı.

Zaman keçdikcə məişətimizə, mətbəximizə sənaye üsulu ilə hazırlanan mis, alüminium, keramik qablar daxil olduqca,  dulusçuluq peşəsinə maraq get-gedə azalmağa başladı. 20-30 il əvvəl Şəkidə, Masallıda, Lənkəranda onlarla dulusçu ailəsi bu peşəylə məşğul olurdusa, indi onlar barmaqla sayılır.

Dulusçuluq peşəsinin çox zəhmət tələb etdiyini deyən ustalar bildirirlər ki, burada əl əməyi əsas rol oynayır. Ona görə də gənclər bu sənətə çox az maraq göstərirlər, əziyyətli işdən qaçırlar. Lakin dədə-baba sənətini yaşadanlar bu peşəni heç vaxt atmaq fikrinə düşməyiblər. Əksinə, çalışırlar ki, dulusçuluq sənəti daim yaşasın. Babalarından miras qalmış bu qədim el sənətini yaşatmağı onlar özlərinin mənəvi borcu hesab edirlər. Yaxşı haldır ki, onların övladları da kiçik yaşlarından bu sənətə meyil salıblar, atalarına kömək edirlər. Bu sənətin çətinliyindən danışan usta deyir ki, keyfiyyətli saxsı qab hazırlamaq üçün gərək yaxşı material əldə edəsən. Dörd-beş il əvvələdək torpaq-gil materialını Şəkinin özündən də tapmaq mümkün olurdu. Lakin hazırda Şəkinin karxanalarında dulus məmulatları hazırlamaq üçün lazım olan material demək olar ki, yoxdur. Odur ki, sənətkarlar keyfiyyətli materialı Qəbələ rayonunun ərazisindən gətirirlər.

Saxsı qabın hazırlanması bir neçə mərhələdən ibarətdir. Əvvəlcə gil əllə yaxşıca yoğrulur. Bu işi palçıq ustası yerinə yetirir. Proses iki-üç saatadək davam edə bilər. Yoğrulmuş gil kiçik kündələrə ayrılır. Daha sonra palçıq kündə ayaqla fırladılan çarxın üzərinə qoyulur və usta ovcunun, əl barmaqlarının köməyi ilə gil parçasını saxsı qaba çevirir. Zövqə uyğun olaraq bu qablara müxtəlif forma vermək, kənarlarına naxış vurmaq mümkündür. Hazırlanmış saxsı qablar bir neçə gün qurudulduqdan sonra kürədə bişirilmək üçün yığılır. Böyük ölçüləri olan kürəni ildə 4-5 dəfə, yəni hər 2-3 aydan bir yandırırlar. Az sayda saxsı qab bişirmək üçün kürəni tez-tez qızdırmağa dəyməz. Çünki kürənin qızdırılmasına xeyli quru odun sərf olunur. Buna görə də dulusçular çalışırlar ki, 2-3 ay müddətinə tələbata, həm də sifarişə uyğun sayda qab hazırlasınlar.

Ustalar deyir ki, hazırda bir nəfərlik piti qablarına daha çox tələbat var. Çünki pitisi ilə məşhur olan bütün iaşə obyektlərində bu qablardan geniş istifadə edilir. Piti qabları qapaqlı və ya qapaqsız 1-2 nəfərlik, ya da ailə üçün hazırlanır. Qiymətləri ölçülərinə və bazar tələbatına uyğun 3 manatdan 15 manatadək dəyişir. Digər qablardan fərqli olaraq saxsı qablar sanki nəfəs alırlar. Belə qablarda qatıq, ayran, süd və maye halında olan digər məhsulları daha etibarlı və uzun müddətə saxlamaq mümkündür.

Ustalar bildirir ki, hazırladıqları saxsı qabların satışını təşkil etmək üçün şəhərin bir neçə yerində, bazarda dükanları var. “Bu peşə, həm də ailəmizin qazanc mənbəyidir. İstehsal etdiyimiz məhsulların satışından narazı deyilik. Pul qazana, ailəmizi dolandıra bilirik. Sifarişlər həmişə olur. Hətta əvvəlki illərdə qonşu Rusiya və Gürcüstana da sifariş əsasında saxsı qablar göndərmişik”.

Hazırladı:

Tofiq HÜSEYN,

“Respublika”.