Dünya azərbaycanlılarının həmrəyliyi
Siyasət

Dünya azərbaycanlılarının həmrəyliyi

1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məclisində bununla bağlı qəbul olunan qərar azərbaycançılıq ideologiyasının təbliği baxımından önəmlidir

“Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm... Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın  bütün ərazilərində bərqərar etməkdən ibarətdir”. Bu fikirləri ulu öndər Heydər Əliyev Naxçıvan üçün ağır və çətin günlərdə söyləmişdi. O, həqiqətən, blokada şəraitinə baxmayaraq, müxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə, onu təcavüzkarlardan qorumağa nail oldu, Naxçıvanın  bir kəndi belə düşmənin əlinə keçmədi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  ulu öndərin sədrliyi ilə keçirilən sessiyalarında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində neçə-neçə taleyüklü qərar qəbul edildi. Muxtar respublikada ağır və gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə, 1990-cı  il noyabrın 17-də Ali Məclisin I sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçən həmin sessiyada ilk növbədə, “Naxçıvan Muxtar Sovet  Sosialist Respublikası”nın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, onun “Naxçıvan Muxtar Respublikası”  adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. Həmçinin, 20 Yanvar faciəsinə də ilk dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən siyasi qiymət verildi. Xalq deputatı Heydər Əliyev “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirələrinə təqdim etdi. Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilmiş və onların adlarının bir-bir açıqlanaraq məsuliyyətə cəlb edilmələri tələb olunmuşdu.

1990-cı il dekabrın 14-də keçirilən sessiyada isə yeni ittifaq müqaviləsinə  münasibət məsələsi müzakirə olundu. Məsələ ilə bağlı çıxış edən Heydər Əliyev demişdi: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi  və siyasi  müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...”.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi isə böyük tarixi hadisə oldu. İlk növbədə ona görə ki, bu seçimlə ulu öndər fəal və peşəkar fəaliyyəti ilə  həm muxtar respublikada, həm də bütün Azərbaycanda  milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Eyni zamanda,  bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı. İlk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. İqtisadi blokada şəraitində yaşayan Naxçıvan düşmənin qarşısında duruş gətirdi, bölgədə yeni həyat quruculuğu prosesinə start verildi. Beləliklə, Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, həmçinin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı.1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və imzası ilə hər il 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul etdi.Siyasi-ideoloji baxımdan böyük əhəmiyyət kəsb edən bu hadisə azərbaycançılıq ideologiyasının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından da önəmli idi. Ali Məclisin sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söyləmiş və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm vermişdi: “Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında” məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında  müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu,  Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.

Heydər Əliyevin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələr o ağır dövrdə muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. Türkiyə ilə əlaqələrin qurulmasında, inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı. Körpünün açılış mərasimində  çıxış edən Heydər Əliyev qeyd etmişdi ki, azərbaycanlılarla türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşayıblar. Ancaq 70 il bir-birimizlə görüşmək yasaq edilib. Bu görüşü 70 il həsrətlə gözləmişik. Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl isə cərəyan edən hadisəni tək bir körpünün açılışı kimi deyil, 70 illik həsrətə son qoyan hadisə kimi dəyərləndirmişdi.

2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya  Azərbaycanlılarının I Qurultayı keçirildi, bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi  icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Məhz bundan sonra dünyaya səpələnmiş milyonlarla azərbaycanlı  təşkilatlanmağa başladı, vahid azərbaycançılıq  ideologiyası və  müstəqil dövlətimizin bayrağı altında birləşərək  ümummilli həmrəylik ideyası uğrunda səfərlər edildi. Qeyd edək ki, bu sahədə də ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Dünya Azərbaycanlılarının daha 4 qurultayı baş tutdu. Qürurverici haldır ki, dünyanın hər yerinə səpələnmiş soydaşlarımız öz beşinci toplantılarını işğaldan azad edilmiş, mədəniyyət paytaxtı Şuşa şəhərində keçirdilər.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi 1il 9 ay müddətində  muxtar respublikanın  xarici əlaqələrinin sıx inkişaf etdirdiyi ikinci dövlət  İran İslam Respublikası olub. Belə ki, Ali Məclisin sədri Heydər Əliyev 1992-ci il  22-25 avqust tarixlərində İİR-in  dini lideri Xamneyi, Prezident Haşimi Rəfsəncani, parlamentin sədri Natiq Nuri, xarici işlər naziri Vilayəti və digər rəsmi şəxslərlə görüşüb, səfər çərçivəsində əməkdaşlıq protokolu imzalanıb.

Ümumiyyətlə, Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmiş və bu amil torpaqlarımıza zaman-zaman göz dikən  erməni millətçilərinin  məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdır. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul olunan qərar azərbaycançılıq ideologiyasının təbliği və ümumxalq birliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Zümrüd QURBANQIZI,

“Respublika”.