Dünya elminə böyük töhfələr vermiş görkəmli kimyaçı alim
Sosial həyat

Dünya elminə böyük töhfələr vermiş görkəmli kimyaçı alim

Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci il dekabrın 31-də Naxçıvan qəzasının Ordubad şəhərində anadan olub. Atası Hacı Heydər din xadimi olmaqla yanaşı, dövrünün elmə önəm verən maarifpərvər adamlarından olmuşdur. Buna görə də övladlarının mükəmməl təhsil almaları üçün hər şərait yaratmışdır. 1918-ci ildə daşnak Andranikin Ordubada hücumundan sonra ailə Arazın o tayına keçir. Bir il, altı ay Təbrizdə yaşadıqdan, 1920-ci ildə vəziyyət sakitləşdikdən sonra Ordubada qayıdırlar. 1920-1923-cü illərdə Yusif Məmmədəliyev məktəbdə müəllim işləmişdir. 1923-cü ildə təhsilini artırmaq məqsədilə Bakıya gəlir. Yeni açılan Pedaqoji İnstituta daxil olur. Ədəbiyyat fakültəsində təhsil almaq istəyən Yusif Məmmədəliyevə müəllimi kimya fakültəsində təhsil almağı məsləhət görür. 1926-cı ildə Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən sonra, 1928-1929-cu illərdə İrəvan Azərbaycan Pedaqoji Texnikumunda müəllim işləmişdir. Yusif Məmmədəliyev İrəvan azərbaycanlılarının ictimai həyatında fəal iştirak etmişdir. Həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi istiqamətində mətbuatda ardıcıl çıxışlar etmişdir.

1929-cu ildə kimya sahəsində təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin kimya fakültəsinə daxil olur. 1933-cü ildə Bakıya gələrək Kuybışev adına Elmi-Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə başlayır. Yusif Məmmədəliyev 1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor adını almış, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki seçilmişdir. Azərbaycanda kimya elminin inkişafının bütöv bir dövrü dahi alimin adı ilə bağlıdır. Onun əsas elmi işləri, neft və neft qazlarının katalitik emalı sahəsinə aiddir. Yusif Məmmədəliyev Azərbaycan neft kimyasının əsasını qoymuşdur. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırma və bromlaşdırılmasının yeni üsullarını təklif etmiş, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsulların alınması yollarını göstərmişdir. Dünyaşöhrətli alim müharibənin ağır dövrlərində yüksək oktanlı benzin ixtira etmişdir. Akademik Yusif Məmmədəliyev benzolu propilenlə aktivləşdirmək yolu ilə izopropibenzolun sintezi üsulunu işləyib hazırlamışdır ki, bu da İkinci Dünya müharibəsi illərində aviasiyanın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir.

Sovet İttifaqının faşizm üzərində qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti olub. Onun tərkibi Yusif Məmmədəliyev tərəfindən toluolun-partlayıcı maddələr üçün xammalın əldə edilməsi əsasında işlənib hazırlanıb. Lakin nə müharibə, nə də ki, müharibədən sonrakı dövrdə çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi böyük Azərbaycan alimi Yusif Məmmədəliyevdir. Hətta deyilənə görə, Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşmış, mayedən bir qədər buxarıya sıçratmışdır. Hündürə qalxan alov, buxarının odadavamlı kərpicini əritmiş, metal boruları dağıtmışdır.

Yusif Məmmədəliyev Bakı neftinin benzin fraksiyasının katalik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvü birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görmüşdür.

O, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki, Rəyasət Heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. 1954-cü ildə Azərbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik katibi, 1954-1958-ci illərdə ADU-nun rektoru olmuşdur. Alimin yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidmətləri var. Yusif Heydər oğlu Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respubilkamızdan çox-çox uzaqlarda tanınır. Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Alim ölkəmizə və dünya elminə verdiyi töhfələrin nəticəsi olaraq "Lenin", "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenlərilə, həmçinin medallarla təltif edilmişdir.

Belə ki, Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda, SSRİ alimlərinin çoxunun Bakıdan olan "alkilləşdirmə kralı"nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Yusif Məmmədəliyevə qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə Nobel mükafatı veriləcəkdi. 1957-ci il dekabrın 29-da sənədlərin Nobel Komitəsinə təqdim olunması ərəfəsində qəfildən Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatların Stokholma göndərilməsini məsləhət görmədilər. Beləcə, burada da erməni fitfası öz işini gördü. Əslində, bu, ermənilərin böyük Azərbaycan aliminə olan qısqanclığı idi. Lakin böyük şəxsiyyət, ziyalı insan, dünyaşöhrətli Azərbaycan alimi Yusif Məmmədəliyev dünya elm tarixinə öz imzasını birincilər sırasında həkk edib. Yusif Məmmədəliyev 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".