Dünya İqtisadi Forumunun Bakı toplantısı: davamlı iqtisadi inkişaf, geniş regional əməkdaşlıq
Siyasət

Dünya İqtisadi Forumunun Bakı toplantısı: davamlı iqtisadi inkişaf, geniş regional əməkdaşlıq

Dünya dövlətlərinin hər biri yalnız öz xalqını tanıtmağa deyil, həmçinin fərqli reytinqlərin ilk pillələrində yer almağa çalışır. Bir, yaxud bütün sahələrdə öndə olmağı hədəf seçən ölkələr demokratik dəyərlər, iqtisadi, siyasi, mədəni inkişaf, həyat səviyyəsi ilə seçilir. Güclü, rəqabətqabiliyyətli ölkələr də məhz bu reytinqlərə görə müəyyənləşdirilir. Həm geosiyasi cəhətdən, həm də son illərdə ölkədə aparılan iqtisadi islahatlar və yerli layihələr ölkəmizə artan maraq, onun müxtəlif reytinqlərdə yaxşı yer almasını təmin edib. Dünya İqtisadi Forumunun məlumatlarında Azərbaycan inkişaf etməkdə olan dövlətlər arasında da məhz qeyd olunan amillərə görə dəyərləndirilir.

Dünya İqtisadi Forumu (DİF) iqtisadi xarakter daşısa da, əslində dünya siyasətinə, beynəlxalq münasibətlərə də ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin yaranmasında önəmli rol oynayır. Burada irəli sürülən fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın əsası 1995-ci ildə qoyulub. Həmin il ümummilli lider Heydər Əliyev İsveçrənin Davos şəhərinə işgüzar səfəri çərçivəsində forumun işində iştirak edib. Buradakı çıxışında Azərbaycan haqqında məlumat verərək ölkəmizin karbohidrogen ehtiyatlarla zəngin olduğunu və bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edən ulu öndər deyib: “Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır”.

Dövlət başçısı İlham Əliyev Davos İqtisadi forumlarında bir neçə dəfə Azərbaycanı təmsil etsə də, ölkə başçısı kimi DİF-də ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib. “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında keçirilən forum çərçivəsində “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb, bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib.

Ölkə başçısı, demək olar ki, mütəmadi şəkildə DİF-in toplantılarında iştirak edir, dövlət başçıları, şirkət rəhbərləri ilə görüşür. 2012-ci il yanvarın 25-də keçirilən 42-ci Ümumdünya İqtisadi Forumunda iştirak edən İlham Əliyev İsveçrə Konfederasiyanın prezidenti xanım Evelin-Vidmer Şlumpf ilə görüşüb, Avstriyanın “OMV AG” şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Avstriyanın “OMV AG” şirkəti arasında əməkdaşlıq, o cümlədən “Nabukko” qaz kəməri layihəsinin perspektivləri barədə fikir mübadiləsi olub. Yanvarın 26-da isə Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla görüşü baş tutub. Görüşdə Azərbaycanın Dünya İqtisadi Forumunda iştirakı və ildən-ilə artan fəallığının əhəmiyyəti vurğulanıb, son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində gedən inkişafla bağlı fikir mübadiləsi aparılıb. Forum çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşkilatçısı olduğu “Müasir Azərbaycan incəsənətində ənənələr” adlı sərgi də təşkil edilib. 2013-cü il yanvarın 24-də 43-cü Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin iştirakı ilə “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiya keçirilib. Sessiyada dövlət başçısı “Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması” mövzusunda çıxış edib. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti Ueli Maurerlə görüşüb. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulanıb. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların o vaxtkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Dünya İqtisadi Forumu 2013-cü il aprelin 7-8-də ilk dəfə Bakıda keçirildi. Bakı Forumu “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusuna həsr edilmişdi.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun illik toplantısı hər il İsveçrənin Davos şəhərində keçirilir. Davos İqtisadi Forumu dünyada yeganə forumdur ki, aparıcı ölkələrin həm dövlət, həm hökumət başçılarını, eləcə də nüfuzlu şirkətlərin rəhbərlərini, beyin mərkəzlərini, media qruplarını bir araya yığmaq imkanı olur. Bu aspektdən onun alternativi yoxdur. Adətən illik toplantılarda qlobal iqtisadi-siyasi trendlərin müəyyənləşdirilməsinə təsir göstərməyə çalışır, tövsiyə xarakterli qərarlar qəbul edir, eyni zamanda ötən ilin də iqtisadi və siyasi yekunlarının müzakirəsini aparır. Davos İqtisadi Forumu əvvəlki ilin nəticələrinin qiymətləndirilməsi baxımından çox vacibdir. Digər tərəfdən də, Davos İqtisadi Forumu artıq yeni başlanan ildə trendlərin müəyyənləşdirilməsinin müzakirə edilməsi baxımından da əhəmiyyətli hesab olunur.

Ümumiyyətlə, Davos İqtisadi Forumu tribuna, miqyas, zənginlik baxımından alternativsiz platformadır. Bu konteksdən Davos İqtisadi Forumunun Azərbaycan üçün üstünlükləri var. Əvvəla, Davos İqtisadi Forumunda Azərbaycan Prezidentinin iştirak etməsi o anlama gəlir ki, Azərbaycan Davos İqtisadi Forumuna önəm verir. Mütəmadi olaraq, 2007-ci ildən Azərbaycan Prezidenti hər il Davos İqtisadi Forumunda iştirak edir. Bu da təbii ki, ölkəmizin bu quruma verdiyi önəmin göstəricisidir. Prezident İlham Əliyev çıxışlarında əsasən Azərbaycanın əsas məqsədlərindən biri kimi, ölkəmizə daha çox xarici investisiyanı cəlb etməklə, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini göstərir. Davos İqtisadi Forumu da Azərbaycana öz potensialını təqdim etmək imkanı yaradır. Potensialın təqdim edilməsi dedikdə, qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi nəzərdə tutulur.

Dünya İqtisadi Forumunda ölkə başçısı yalnız rəsmilərlə deyil, eyni zamanda, aparıcı şirkətlərin rəhbərləri ilə də görüşür, onları Azərbaycana dəvət edir. Bu isə yeni texnologiyanın ölkəyə cəlb edilməsi baxımından çox vacibdir. Bir sözlə, Dünya İqtisadi Forumu Azərbaycan üçün vacib tribunadır və ölkəmiz bu tribunadan istifadə etməklə daha çox xarici sərmayəni cəlb etmək niyyətindədir.

Azərbaycan isə öz növbəsində Dünya İqtisadi Forumu üçün mühüm tərəfdaşlardan biridir. Bu gün Cənubi Qafqazda yaranan ümumi daxili məhsulun təxminən 65 faizi Azərbaycanın payına düşür. Cənubi Qafqazda yaradılan ümumi daxili məhsulun həcmi təxminən 75 milyard dollardır. Onun da 45,15 milyard dolları Azərbaycana aiddir. Eyni zamanda, yalnız regiondakı mövqeyimiz deyil, həm də Avropa Birliyinin regionumuzla əməkdaşlığına diqqət yetirsək, görərik ki, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi 15 milyard dollar təşkil edir. Həmin ticarət dövriyyəsinin 11,2 milyard dolları Azərbaycana aiddir. Bütövlükdə ümumi ticarət dövriyyəsinin 2,6 milyard dolları Gürcüstanın, 1,1 milyard dolları isə Ermənistanın payına düşür. Yəni, bu o deməkdir ki, Avropa Birliyinin Cənubi Qafqazla olan ticarət dövriyyəsinin 75 faizini Azərbaycan formalaşdırır. Təbii ki, bunlar da Dünya İqtisadi Forumu və bu tip iqtisadi forumlar üçün Azərbaycanın əhəmiyyətini göstərən faktorlardır. Söz yox ki, Azərbaycan investisiya cəlb etməkdə maraqlıdır, amma şirkətlər də bazar axtarışındadırlar. Bu baxımdan, Dünya İqtisadi Forumu bizim üçün nə qədər əhəmiyyətlidirsə, ölkəmizlə əməkdaşlıq da Dünya İqtisadi Forumu üçün o qədər mühümdür.

2013-cü ildə keçirilən 43-cü Dünya İqtisadi Forumu Azərbaycanın dünya birliyindəki yerini, dünyanın və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolunu, sürətli inkişafını bir daha beynəlxalq ictimaiyyətə tanıtdı. Forum, həm də onu sübut etdi ki, Azərbaycanın qlobal məsələlərdə həyata keçirdiyi siyasət və nümayiş etdirdiyi mövqe beynəlxalq miqyasda qəbul olunur.

Dövlət başçısı İlham Əliyev forum çərçivəsində keçirilən sessiyalarda, görüşlərdə də ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarından geniş bəhs edərək, uğurlarımızın gələcək illər barədə aydın təsəvvür yaratdığını diqqətə çatdırır: “Ölkə inkişaf edir... Biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də, Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik... Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni burada beynəlxalq biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və nümayəndələri buraya gəlirlər. Ona görə də bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır” - fikirləri Dünya İqtisadi Forumunun əhəmiyyətini açıqlamaqla yanaşı, hər bir ölkənin özünün təqdimatını aparması üçün əsas məkan olduğunu təsdiqləyir.

Davos Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi, sadəcə, ölkənin daha geniş miqyasda təbliğ edilməsi deyil, eyni zamanda, dövlətimizin iqtisadi potensialının təqdim edilməsi baxımından da müsbət göstərici idi. Bakı toplantısı Dünya İqtisadi Forumunun ən yaddaqalan tədbirlərindən biri olmuşdu. Çünki, adətən, yanvarın qarlı günlərində Avropanın ən soyuq ölkələrindən birində—İsçevrənin dağlıq ərazisində toplaşan dünya siyasətçiləri bu dəfə Xəzər sahilinin günəşli paytaxtlarından birinə, üstəlik, aprel ayında toplaşmışdılar. Bundan başqa, hələ bir qədər əvvəl 2013-cü ildə bu forumun Qazaxıstanda keçiriləcəyi bildirilmişdi. Digər tərəfdən, Azərbaycanın Ermənistanla müharibə şəraitində olması da regional forumun Bakıda keçirilməsi imkanlarını azaldırdı. Lakin bütün bunlara baxmayaraq, Dünya İqtisadi Forumu Azərbaycanda keçirildi. Bu isə təbii ki, ölkə Prezidentinin təşəbbüsü və səyi nəticəsində reallaşdı. Belə ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabla görüşündə əldə edilmişdi.

Dövlət başçısı İlham Əliyev Davosda “CNN-İnternational” televiziya kanalına verdiyi müsahibəsində bildirmişdir ki, bu gün bizim iqtisadiyyatımız çox sabitdir: “Biz iqtisadi böhran illərində belə, inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyatlardan biridir”.

Bir sözlə, demək olar ki, Azərbaycan artıq bütün dünyada beynəlxalq tədbirlərin keçirildiyi mərkəz statusunu qazanan inkişaf etmiş bir ölkədir, çünki bu gün çağdaş dünyamızı düşündürən bir sıra aktual məsələlər, məhz Bakıda müzakirə olunur. Azərbaycanın güclü sosial-iqtisadi tərəqqisi və dayanıqlı inkişaf sahəsində qazandığı uğurlar da ölkə başçısının apardığı alternativsiz siyasətin məntiqi nəticəsidir.

Zümrüd QURBANQIZI,

“Respublika”.