Dünya KİV-ləri Azərbaycanın media ictimaiyyəti ilə həmrəylik nümayiş etdirirlər
Digər xəbərlər

Dünya KİV-ləri Azərbaycanın media ictimaiyyəti ilə həmrəylik nümayiş etdirirlər

Müharibənin gedişində, ilk növbədə, həqiqət qurbana çevrilir. İşləmək imkanı verilməyən, fotoaparat, mikrofon və notbukdan savayı başqa silahı olmayan jurnalistlər həqiqətləri dünyaya çatdırmaq üçün hər an həyatlarını riskə atırlar. Gərgin vəziyyətlərin icmalını daha obyektiv və sərbəst təqdim etməyə çalışan jurnalistlər əksər hallarda özləri də bilmədən silahlı münaqişənin bir hissəsinə çevrilirlər. Kəlbəcərdə azərbaycanlı jurnalistlərin ölümü ilə nəticələnən insident minanı oraya basdıranların qarşı tərəfə zərər vurmaq, insanların öz evlərinə dönmələrinə mane olmaq niyyətindən xəbər verir.

Bu fikirlər İspaniyanın “El Boletn” onlayn qəzetində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun, Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və onları müşayiət edən yerli icra hakimiyyəti orqanının nümayəndəsi Arif Əliyevin Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olmaları və yaralanmaları ilə bağlı dərc edilmiş “Jurnalistika matəm içərisindədir” sərlövhəli məqalədə yer alıb.

Ümumiyyətlə, dünyanın bir çox KİV-ləri, eləcə də AZƏRTAC-ın tərəfdaşı olan aparıcı informasiya agentlikləri jurnalist həmrəyliyi nümayiş etdirir, faciəvi hadisədən bəhs edən çoxsaylı informasiya və şərhlər yayır, bu mövzunu gündəmdə saxlayırlar. Məsələn, iyunun 11-də agentliyimizin üzvü olduğu Avropa Xəbər Agentlikləri Alyansının onlayn seminarı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərin xatirəsinin anılması ilə başlayıb. Dünyanın ən mötəbər xəbər agentliklərindən biri olan “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal EANA-nın rəhbərliyi adından AZƏRTAC-ın kollektivinə və Azərbaycanın media ictimaiyyətinə başsağlığı verib. Bundan əvvəl isə qurumun saytında dərc olunmuş başsağlında EANA-nın prezidenti, DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, İdarə Heyətinin üzvü, Albaniya Teleqraf Agentliyinin (ATA) baş icraçı direktoru Armela Krasniqi, İdarə Heyətinin üzvü, Böyük Britaniyanın “Press Association” (PA) agentliyinin icraçı direktoru Klayv Marşal, İdarə Heyətinin üzvü, Çexiyanın CTK agentliyinin baş direktoru Jiri Majstr və EANA-nın baş katibi Alexandru İon Giboi bu hadisədən dərindən kədərləndiklərini ifadə ediblər.

Qardaş Türkiyənin Anadolu Agentliyi, “Haber Global” televiziya kanalı və digər KİV-ləri Ermənistanın mülki əhalini və jurnalistləri hədəfə alan əməllərini pisləyib, bu hadisəni terror aktı adlandırıb, dünya ictimaiyyətini minalanmış ərazilərin xəritələrini verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

Rusiyanın TASS, Ria Novosti informasiya agentlikləri, BBC-nin rusdilli versiyası, Ukraynanın “Ukrinform”, “RBK-Ukraina”, “24tv.ua”, “gordonua.com”, “correspondent.net” kimi media platformaları, Qırğızıstanın KABAR, Qazaxıstanın “Kazinform” agentlikləri, həmçinin Əlcəzairin “Əl Əxbariyə” qəzeti, “Əl-Hərir” portalı, Misirin “Aldiplomacy”, “Newsformy”, “Əl Mısr Əl Yom”, “bwabtk.com”, “Misrnews”, “Almashhadalaraby”, “Nile1”, İraqın “Sada-ar”, “Alkofiya.tv”, “Agnaden”, “Sindibad”, Səudiyyə Ərəbistanının “Səda”, “Əl Vətən”, Birləşmiş Ərəb Əmirliklərinin “Al-ain”, “Eshraag”, İordaniyanın “əl-Anbat”, “Nabd”, “Cuheynə”, “Əş-Şaab” saytları və ərəbdilli digər informasiya resursları azərbaycanlı jurnalistlərin həlak olması barədə xəbərlər dərc etməklə yanaşı, Azərbaycan media ictimaiyyətinin kədərinə şərik çıxdıqlarını bildiriblər.

AZƏRTAC-ın tərəfdaşı olan Sinxua agentliyi, “China Daily” qəzeti, “china.org.cn” onlayn nəşri, həmçinin İndoneziyanın “Republika”, “Kompas”, “Jakarta Today”, “Suara”, “Gpriority”, “Riau24”, “Era”, “Harian Aceh”, “Kempalan” xəbər saytları, Cənubi Koreyanın “Naewoeilbo” və “The Korea Post” qəzetləri, Yonhap xəbər agentliyi, İndoneziyanın “gpriority.co.id”, Malayziyanın “nst.com.my” və “thestar.com.my”, Avstraliyanın “news.com.au”, “australiannewsreview.com”, “adelaidenow.com.au”, “Turkish News Press” portalları, İranın İRNA dövlət xəbər agentliyi də hadisə ilə bağlı materiallar yayıblar.

Azərbaycanlı jurnalistlərin minaya düşərək faciəli şəkildə həlak olmaları Qərb mətbuatının da diqqət mərkəzində olub. “Reuters”, “Associated Press” agentlikləri, ABŞ-ın “The USA Tribune” və “Wabash Plain Dealer” qəzetləri, Fransanın “Mediapart”, “Musulmansenfrance”, “Lorientlejour”, “Caucasefrance” informasiya portalları, Kanadanın “Alkalimanews” saytı, ispandilli KİV-lər - “Horrarpress” (İspaniya), “Snoticias” (Kolumbiya), “Expresionmexico”, “Mipuntodevista”, “Clubjuridico” (Meksika), “İnnova.news” (Paraqvay), “Espacocaspio” (Braziliya), “Eldiariodehonduras” (Honduras) və digər informasiya portalları oxucularına bununla bağlı operativ xəbərlər çatdırıblar.

Dünyanın yüzlərlə informasiya resursunda yayılan materiallarda, həmçinin Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina etməsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində jurnalist fəaliyyətini məhdudlaşdırdığı, eyni zamanda, işğalçı ölkənin təcavüzkar siyasəti nəticəsində doğma yurdlarından zorla qovulmuş məcburi köçkünlərin geri qayıtmasına imkan vermədiyi də vurğulanır.

AZƏRTAC