Dünya mədəniyyəti incilərinin qorunması bəşəriyyətin gələcək inkişafı üçün başlıca təminatdır
Mədəniyyət

Dünya mədəniyyəti incilərinin qorunması bəşəriyyətin gələcək inkişafı üçün başlıca təminatdır

Minillərin ənənələrinin işığını qoruyub saxlamaq, onu gələcək nəsillərə layiqincə ötürmək üçün mədəniyyətin mahiyyətinə varmaq gərəkdir. Burada əlbəttə ki, zaman faktoru əsas rol oynayır. Xalqların, ölkələrin taleyi məhz zamanın naxışları ilə bir-birinə calanır. Sirli xalçaya bənzəyən və gələcəyə ünvanlanan bu işarələri oxumaq üçün mənəvi güc tələb olunur.

Ümumbəşəri və qlobal problemlərin həlli ayrılıqda götürülmüş bir və bir neçə dövlətin fəaliyyətindən deyil, dünya dövlətlərinin bu istiqamətdəki birgə səylərindən asılı olduğundan müasir dövrdə dövlətlərarası təşkilatların rolunun günbəgün daha da artdığını xüsusi vurğulamağa ehtiyac yoxdur. Dövlətlər arasında iqtisadi əlaqələrin inkişafının qloballaşması dünya dövlətləri sistemində yaşayan xalqların mədəniyyətlərinin, mədəni düşüncələrinin və davranışlarının bu reallığın tələblərinə uyğun olaraq formalaşması zərurətini yaradır. Bu proses isə mədəni dəyərlərin qarşılıqlı mübadiləsini tələb edir. Mədəni dəyərlərin qarşılıqlı mübadiləsinin ana xəttini bəşəriyyətin çiçəklənməsi, vahid dünya mədəniyyətinin formalaşdırılması, sosial-mədəni münasibətlərin harmonik inkişafı kimi məsələlər təşkil etməlidir.

Dünya mədəniyyəti incilərinin qorunması bəşəriyyətin gələcək inkişafı üçün başlıca təminatdır. Müasir dünyanın bu reallıqlarının fonunda Azərbaycan mədəniyyəti incilərinin qorunması və təbliğinin dövlətimiz üçün başlıca prioritet kimi müəyyənləşdirilməsi son dərəcə təbiidir. Bu mənada ölkəmizin YUNESKO ilə əməkdaşlığının əhəmiyyəti böyükdür.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci il iyunun 3-də YUNESKO-ya üzv qəbul edilmiş, bir çox konvensiyalara qoşulmuşdur. “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında”, “Avropa regionu dövlətlərində tədris kurslarının, ail təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında”, “Müəlliflik hüququ haqqında” və s. bu kimi 14 konvensiyanı ratifikasiya edən Azərbaycan Respublikasında YUNESKO-nun müxtəlif sahələr üzrə 6 milli komitəsi yaradılmışdır. 2005-2019-cu illər ərzində İcraiyyə Şurasının, həmçinin bir sıra digər alt komitələrin üzvü olan Azərbaycan hazırda “Hökumətlərarası Bioetika Komitəsi” (2017-2021), Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitə (2018-2022), “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında Konvensiyanın Hökumətlərarası Komitəsi” (2019-2023), “Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi” (CIGPS) (2019-2023), “Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurası” (2019-2023) kimi alt qurumlarda da təmsil olunur.

2019-cu il iyunun 5-də Parisdə YUNESKO-nun baş qərargahında keçirilən “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının VII sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edirdi. Nümayəndə heyətinin rəhbəri mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva konfransda çıxış edərək YUNESKO-nun dünyada sülhün təşviqində rolu məsələsinə toxunmuş, multikulturalizm mərkəzi olan Azərbaycanın mədəni özünüifadə müxtəlifliyi sahəsində gördüyü uğurlu işlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, 1992-ci ildən YUNESKO-nun üzvü olan Azərbaycan təşkilatın fəaliyyət dairəsinə aid olan bütün sahələrdə geniş əməkdaşlıq əlaqələri qurmuş, Azərbaycan modeli müxtəlif mədəniyyətlərin və dinlərin sülh içində birgəyaşayışını və harmoniyasını formalaşdırmışdır.

Ölkəmizdə əsrlərlə yaşayan 15-dən çox etnik qrupun nümayəndələrinin mədəni dəyərləri yaratmaq və istifadə etmək hüququ Konstitusiya ilə təmin olunmuş, Azərbaycanın sosial həmrəyliyə töhfə verən əsas faktorlardan biri olan “fərqlilikdə birlik” ideyasının tətbiq edilməsi unikal nümunəyə çevrilmişdir. Ölkədə həm katolik, həm də provaslav kilsələr, sinaqoqlar, müxtəlif etnik azlıqların dilində tamaşalar qoyan teatrlar fəaliyyət göstərir. S.Məmmədəliyeva, həmçinin 2013-cü ildə Azərbaycan və YUNESKO arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişini qeyd edərək Azərbaycan-YUNESKO Etimad Fondu tərəfindən Afrikada təhsil, mədəniyyətlərarası dialoq, elm, innovasiya sahələrində həyata keçirilən layihələr haqqında məlumat vermişdir.

Sessiya çərçivəsində mədəni sahibkarlığın gücləndirilməsi, sənət adamlarının statusuna yenidən baxılması, ticarət axınlarının balanslaşdırılması kimi mövzular ətrafında müzakirələr aparılmışdır. Sessiyanın sonuncu günündə 2019-2023-cü illər üçün “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçirilmiş, Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə 4 il müddətinə üzv seçilmişdir.

Qeyd edək ki, Azərbaycandan əlavə Komitəyə Avstriya, Danimarka, Braziliya, Ekvador, Sent Vinsent və Qrenadin, Monqolustan, Burkina Faso, Efiopiya, Seneqal, Qətər və Ermənistan da seçilib. 24 üzv ölkənin nümayəndələrini ildə bir dəfə hesabat xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.

Bu il may ayının 31-də YUNESKO-nun qərargahında “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” 2005-ci il Konvensiyasına üzv dövlətlərin konfransının 8-ci sessiyası onlayn formatda keçirilirdi. Ölkəmiz Mədəniyyət Nazirliyi və YUNESKO yanında daimi nümayəndəliklə təmsil olunurdu. Sessiyada 2019 və 2020-ci illərdə üzv dövlətlərin təqdim etdiyi dördillik dövri hesabatları nəzərdən keçirilmiş, 2005-ci il Konvensiyasının dünyada tətbiq olunma vəziyyəti araşdırılmış, incəsənət və mədəniyyət mütəxəssislərinin statusu, rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyinin qorunması, mədəni məhsullara və xidmətlərə üstünlük verilməsi də daxil olmaqla, COVİD-19 pandemiyası ilə gündəmə gətirilən məsələlərə də baxılmışdır.

“İşğaldan azad olunmuş torpaqlarımızda bəşəri mədəniyyətin ayrılmaz hissəsi olan mədəni irsimizi bərpa edəcəyik. Tarixi, incəsənəti, maddi mədəniyyət abidələri, əsrarəngiz təbiəti, iqlimi, təbii sərvətləri ilə zəngin olan işğaldan azad edilmiş torpaqlarımızda yaxın gələcəkdə müasir və yenilikçi inkişaf mərkəzləri və yaradıcılıq institutlarının təməli qoyulacaqdır”.

Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev bu sözləri qurumun “Mədəni özünüifadə müxtəlifliyinin təşviqi haqqında” 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının açılışında çıxışı zamanı səsləndirib. O, 2005-ci il Konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətindəki rolundan, Azərbaycanda inkişaf etdirilən kreativ sənayedən, inklüziv cəmiyyəti inkişaf etdirmək məqsədilə yaradıcılığın  təşviqi ilə bağlı görülən işlərdən, eyni zamanda hamı üçün zəngin mədəni özünüifadə sahəsində bərabərhüquqlu fürsətlərin təmin edilməsindən danışıb. Bildirib ki, COVİD-19 pandemiyası səbəbindən YUNESKO-nun Dünya irs siyahısında olan abidələrinin 80 faizinə ziyarətin məhdudlaşdırıldığı, habelə bir çox mədəni institutların bağlandığı  dövrdə sosial şəbəkələrdə yaradıcı sənayenin əsas mütəxəssisləri və müxtəlif sənət adamları aparılmış qlobal müzakirələri ehtiva edən YUNESKO-nun ResiliArt Hərəkatı yaradıcı sənayelərin mövcud vəziyyətini işıqlandırıb.

Azərbaycan Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının sənət nümayəndələri də bu təşəbbüsə qoşulmuş və bu günə kimi ölkəmizdə 21 yeni layihə, kampaniya və müsabiqə keçirilmişdir. Daimi Nümayəndəliyin rəhbəri deyib: “Azərbaycan işğal olunmuş ərazilərini azad etdikdən sonra beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən ölkəmizin bir çox tarixi və mədəniyyət abidələrinin kütləvi şəkildə məhv edilməsinin şahidi oldu. Azərbaycan hazırda azad edilmiş ərazilərdəki abidələrin bərpası üçün yol xəritəsi hazırlayır. Universal mədəniyyətin ayrılmaz hissəsi olan mədəni irsimizi bərpa etmək üçün bütün səylərimizi səfərbər edəcəyik. Bənzərsiz mədəni irsimiz kimliyimizi  əks etdirir”.

Onu da qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti sayəsində Azərbaycan-YUNESKO münasibətləri yüksək səviyyəyə çatmışdır. 2022-ci ildə YUNESKO-ya Azərbaycanın üzvlüyünün 30 ili tamam olur. Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyasına  isə 2010-cu ildə qoşulub.

Ölkəmiz YUNESKO-nun “Qeyri-maddi-mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyasını 2007-ci il yanvarın 18-də ratifikasiya edib, 2018-2022-ci illər üçün “Qeyri-maddi-mədəni irsin qorunması haqqında” 2003-cü il Konvensiyası əsasında fəaliyyət göstərən Hökumətlərarası Komitənin üzvüdür.

Hazırda Azərbaycanın 13 irs nümunəsi: Azərbaycan muğam ifaçılığı, Novruz bayramı, Azərbaycan aşıq sənəti, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti, lavaş bişirmə və paylaşma ənənəsi, dolma hazırlama və paylaşma ənənəsi, kamança hazırlanması və ifaçılıq sənəti, Dədə Qorqud irsi-dastan mədəniyyəti, xalq nağılları və musiqisi “Bəşəriyyətin qeyri-maddi-mədəni irsi üzrə Reprezentativ siyahısı”nda, 2 nümunə “Cövkən”  ənənəvi Qarabağ atüstü oyunu və “Yallı” (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi-mədəni irs üzrə siyahı”da yer alır.

2019-cu ildə isə Azərbaycanın “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”, ənənəvi Nar bayramı və miniatür sənəti də YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi-mədəni irs siyahısına daxil edilib.

Hər bir maddi mədəniyyət nümunəsinin  YUNESKO-nun Ümumdünya İrs Komitəsi tərəfindən siyahıya alınması həm də ölkəmizin bəşəriyyətin tarixinə adını yazdırması deməkdir. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyaya qoşulmaqla beynəlxalq  ictimaiyyət rəsmi olaraq incəsənət nümayəndələri və mədəniyyət sahəsi üzrə mütəxəssislər tərəfindən formalaşdırılan müasir mədəni özünüifadənin ikili xarakterini, yəni mədəni və iqtisadi dəyərini tanımış olur.

Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti xalqımızın qürur mənbəyidir, onu qorumaq, inkişaf etdirmək mənəvi və vətəndaşlıq borcudur.

Zümrüd QURBANQIZI,

“Respublika”.