Dünya səyyahları erməni işğalından azad edilən Xudafərin körpüsündə olublar
Diaspora

Dünya səyyahları erməni işğalından azad edilən Xudafərin körpüsündə olublar

Azərbaycanda olan dünya səyyahlarının işğaldan azad edilən ərazilərə səfərinin son dayanacağı Cəbrayıl rayonu olub. Onlar Xudafərin körpüsü ilə yaxından tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl şəhəri, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir.

Diqqətə çatdırılıb ki, digər ərazilər kimi, bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər dağıdılıb, təbiət isə məhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər tövlə kimi istifadə olunub. Həmçinin qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

AZƏRTAC