Dünyaca məşhur Qarabağ atlarının şöhrəti yenidən özünə qaytarılır
Region

Dünyaca məşhur Qarabağ atlarının şöhrəti yenidən özünə qaytarılır

Azərbaycanın milli sərvəti olan Qarabağ atları dünyada ən qədim mədəni at cinslərindən olmaqla, əsrlər boyu aparılan xalq seleksiyası sayəsində yurdumuzun bu dilbər guşəsində artaraq çoxalıb və zaman-zaman cins tərkibi yaxşılaşdırılıb.

Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında vaxtilə Qarabağdakı xan zavodlarının əvəzsiz rolu olub. Odur ki, XVIII-XIX əsrlər Qarabağ atçılığının "qızıl dövrü" hesab edilir. Pənahəli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər xan zümrəsinə daxil olan sülalələrin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələri yetişdirilib.

Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutub. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə "Xan" ləqəbli Qarabağ atı yüksək mükafat alıb, 1869-cu ildə keçirilən Ümumrusiya at sərgisində Maymun adlı at gümüş, Toxmaq isə bürünc medala, Xan qızı Natəvanın Əlyetməz adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cinsinin yaxşılaşdırılmasında ciddi təsiri olub.

Tarixi mənbələrə əsasən deyə bilərik ki, XIX əsrin sonlarında Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərin süquta uğraması, ölkənin, o cümlədən Qarabağ xanlığının çar Rusiyasının tərkib hissəsinə çevrilməsi, həmin dövrlərdə Rusiya, İngiltərə, İran və digər dövlətlərə çoxlu sayda atların, xüsusilə madyanların satılması nəticəsində Qarabağ atlarının nəsli zəifləməyə başlayıb. XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrin bu prosesə təkan verməsi Qarabağ atlarının cins reabilitasiyasını ön plana çəkib. Odur ki, atların cins keyfiyyətinin qorunması və yaxşılaşdırılması məqsədilə XIX əsrin 70-ci illərində Qarabağda Yelizavetpol atçılıq zavodu, 1921-ci ildə isə mərkəzi cütləşdirmə məntəqəsi təşkil edilib. XX əsrdə Qarabağ at cinsinin tarixində ən önəmli hadisə Ağdam Atçılıq Zavodunun yaradılmasıdır. 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində yaradılan atçılıq zavoduna təhvil verilib.

1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atları fəal iştirak ediblər. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetaya "Zaman" adlı Qarabağ atının hədiyyə edilməsi bu atların məşhurluğuna ən yaxşı misaldır. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb. XX əsrin sonlarında Ermənistanın ölkəmizə hərbi təcavüzü Qarabağda atçılıq təsərrüfatına da ağır zərbə vurub. 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genefondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı ilə üz-üzə qalıb.

Danılmaz faktdır ki, ermənilər Qarabağ atlarını ələ keçirmək üçün çox çalışıblar. Ona görə də, rayonun işğalından bir neçə gün əvvəl Qarabağ atları döyüş bölgəsindən çıxarılaraq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlax rayonundakı "Aran" damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra Bakı Dövlət Cıdır Meydanına aparılıb. 1994-cü ildə isə Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürülüb. Lakin buranın torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yeri olan Ağdamın əvəzini verə bilməyib. Burada atların fərdi saxlanması, onlara fərdi qulluq edilməsi, təlim keçilməsi, cıdıra hazırlanması üçün əlverişli şərait olmayıb. Lakin çətinliklərə baxmayaraq, Qarabağ atlarını bu günədək qoruyub saxlamaq mümkün olub.

Qeyd edək ki, dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə, yaxşı balavermə qabiliyyətinə malikdir. Bədən ölçüləri, rəngi, xasiyyəti, dözümlülüyü, sahibi ilə davranışı, yoldaşlığı Qarabağ atlarının əsas üstünlükləridir. Son illər dövlətimiz tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün ciddi işlər görülür. 2007-ci ildə "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, "Atçılığın inkişafı üzrə Proqram" təsdiqlənib. 2013-cü ilin dekabr ayında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. London yaxınlığındakı Vindzor qəsrində İngiltərə kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən at şousunda Qarabağ atlarının möhtəşəm çıxışı böyük maraq doğurub.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Qarabağ at cinsinin inkişafına əlavə dəstək haqqında" 2014-cü il 19 noyabr və "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" 2015-ci il 21 avqust tarixli sərəncamları Qarabağ atının genefondunun qorunması, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm rol oynayır. Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nəfis xalçaları ilə yanaşı, həm də nadir cins atları ilə dünyada tanınır. Əminik ki, 30 illik işğaldan sonra digər torpaqlarımız kimi, Ağdamın da azad olunması ilə bu atlar da öz tarixi yerlərinə qayıdacaq. O gün elə də uzaqda deyil. Hələlik isə bu nadir at cinsi Ağcabədidə qorunur. Yaxın vaxtlarda isə Ağdam rayonunun Eyvazxanlı kəndində Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacaq. Yeni zavod fəaliyyətə başlayandan sonra burada cins atlar yetişdiriləcək.

Qarabağ Atçılıq Zavodunun direktoru Elman Qədirov deyir ki, Ağcabədidə Qarabağ atlarının inkişafı üçün gözəl şərait yaradılsa da, bu atların məskəni Qarabağdır, dağlıq ərazilərdir, yaylaqlardır. Düşünürük ki, Qarabağ atları öz yurduna qayıtdıqdan sonra cins əlamətlərini daha da zənginləşdirəcək. Hazırda bu istiqamətdə lazımi işlər görülür. Artıq Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial (toxum) kreobankı yaradılıb. Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ Atçılıq Kompleksindən gətirilmiş cins atlardan süni vagina vasitəsilə toxum alınıb. Alınmış toxum nümunələri Mərkəzin müasir laboratoriyalarında xüsusi üsulla qablaşdırılıb. Bu nümunələrdən atların cins tərkibinin daha da yaxşılaşdırılmasında istifadə olunacaq. Eyni zamanda, Qarabağ atlarının kreobankının yaradılması bu cinsin qorunub saxlanmasına, biomaterialın itməməsinə kömək göstərəcək.

Hazırda Ağcabədidəki kompleksdə Qarabağ cinsindən olan 300-dən çox at saxlanılır. Bir müddət əvvəl tükənmək təhlükəsi ilə üzləşsə də, son illər görülən tədbirlər nəticəsində Qarabağ atlarının şöhrəti yenidən özünə qayıdır. Qeyd edək ki, Qarabağ Atçılıq Zavodu MMC 2014-cü ildən tikilməyə başlayıb və 2018-ci ildə istifadəyə verilib. İstifadəyə verildiyi tarixdən bu günə kimi Qarabağ atlarının yetişdirilməsi ilə məşğuldur. Dövlət qayğısı sayəsində nadir at cinsi hesab olunan Qarabağ atları mühafizə edilir. Şahbulağın, Daşaltının, Dəlidağın xiffətini çəkən Qarabağ atlarının doğma yerlərə qayıtmasına az qalıb. Nal ləpiri doğma torpaqda möhür bağlayacaq, qızılı kürən atların kişnərtisi bütün Qarabağa yayılacaq...

Salman ALIOĞLU,

"Respublika".